Gəncin gözü başqasının əlində, cibində olmamalıdır - BAŞ REDAKTOR TƏNQİD ETDİ
"Oxşar hadisələrə Türkiyədə, hətta inkişaf etmiş Avropa ölkələrində də rast gəlmək mümkündür. İnternet resurslarında bununla bağlı kifayət qədər videogörüntülər var". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, Hüseyn Həsənovun məlum görüşü və yaranmış ajiotaj bir daha sübut edir ki, insanlar pul ödəmədən hər hansı bir əşya əldə etməyə çox həvəslidirlər: "Sizi əmin edirəm ki, “Park Bulvar”a yığışan gənclərin böyük əksəriyyəti ora Hüseynə deyil, "iPhone"yə görə gəlmişdi. Hətta onların arasında Hüseyni tanımayanlar da vardı".
Seymur Verdizadə sözlərinə belə davam edib: "Sabah mən də elan etsəm ki, filan vaxt pulsuz telefon paylayacam, yenə o qədər adam gələr. Nə qədər acınacaqlı olsa da, real vəziyyət belədir. Etiraf edim ki, indiyə kimi Hüseyn Həsənovun fəaliyyəti barədə xəbərsiz olmuşam. Bu hadisədən sonra onun bir videosunu izlədim və sərf etdiyim vaxta heyfim gəldi.
“Park Bulvar”dakı mənzərə ürəkaçan deyildi. Şəxsən mən gənclərimizi bu vəziyyətdə görmək istəmirəm. Amma onları qınamıram. Onları biz yetişdirmişik, biz tərbiyə etmişik. Savadlı, tərbiyəli, ən əsası isə gözü-könlü tox övladlar yetişdirmək lazımdır. Heç bir gəncin gözü başqasının əlində, yaxud cibində olmamalıdır. Hər bir insanın istədiyi telefonu almaq imkanı olmalıdır. Bunun üçün də imkan və şərait olmalıdır. Hər bir gəncə özünü təsdiq etməsi üçün şərait yaradılmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB