“Məktəbin ümumi qaydalarına uyğun olmayan ifadələr işlədən, infrastruktura zərər vuran, tədrisin normal gedişinə maneə olan şagirdlər barəsində cəza tədbirləri görülməlidir”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin mart ayından etibarən uşaqlara tədrisin onlayn qaydada, internet resurslarından keçirilməsi hər bir uşağın əlində kompüter, telefon, planşet olmasına səbəb olub və onlar bizim istər-istəməz nəzarətimizdən kənar olan internet resurslarından istifadə edirlər: “Bu zaman onlar yaşlarına və psixologiyalarına uyğun olmayan informasiyaları ala bilirlər. Bu, çox böyük tendensiyadan xəbər verir".
Ekspert sözlərinə belə davam edib: “Orta ümumtəhsil məktəblərinin üzərinə böyük yük düşür. Biz bilirik ki, orta ümumtəhsil məktəblərinin ştat vahidlərindən biri də təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsidir və bu işlə birbaşa məktəblərin Uşaq birliyi rəhbərləri, Təlim tərbiyə üzrə direktor müavini məşğul olmalıdır. Uşaqlar arasında maarifləndirmə işləri aparılmalıdır. Məktəb kitabxanasından istifadə edərək gündəlik normal leksikonumuza daxil olan sözlərdən istifadə etməlidirlər.
Hesab edirəm ki, bunun qarşısını almaq üçün biz şagirdləri ən azından cəzalandırmalıyıq. Kimlər ki, məktəbin ümumi qaydalarına uyğun olmayan ifadələr işlədirlər, infrastruktura zərər vururlar, tədrisin normal gedişinə mane olurlar, ictimai asayişi pozurlarsa, biz onlarla bağlı müəyyən cəza tədbirləri görməliyik. Ən azından həmin şagirdlərə töhmət verilməlidir. Həmin uşaqların valideynləri məktəbə dəvət olunmalı, aldıqları informasiyanın mənbəyi aşkar edilməli və kənarlaşdırılmalıdır.
"2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında qanun"un tələblərindən biri, orta məktəbin əsas öhdəliyi şəxsiyyət, normal vətəndaş yetişdirməkdir. Mən inanıram ki, bu istiqamətdə əməli tədbirlər mütləq şəkildə görülməlidir”.
JEM sədri Ceyhun Musaoğlu isə məsələyə belə münasibət bildirib: "Çox təəssüf ki, söyüş artıq Azərbaycan efirinə ayaq açıb. Məişət xarakterli verilişlərdən tutmuş, komediya tipli tamaşalara qədər vulqar sözlər işlədirlər. Elə mövzular da tərbiyəvi xarakterli olmur.
Bununla yanaşı, sosial şəbəkələrdə demək olar ən çox baxılan videolar söyüş videolarıdır. Mənə elə gəlir ki, biz bu ziyanlı tendensiyanın qarşısını almaqda çox acizik.
Sadəcə, prosesin sürətinin qarşısını ala bilərik. Efirlərə ayaq açan vulqar xarakterli seriallar, komediyalar mütləq komissiyanın nəzarətindən keçəndən sonra yayımlansın".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB