Boşanan qadınların həyatında dəyişən amillər kişilərdən fərqlidir. Boşanan hər qadının fərqli problemləri olur. Yaxşı sosial dəstək və mübarizə bacarıqları üstün olanlar bu vəziyyəti daha yaxşı idarə edir. Lakin onlar yenə də əziyyət çəkirlər. Bəlkə də bu əziyyət qadınların həyatdakı bir çox problemlərə bundan sonra təkbaşına sinə gərməsi ilə əlaqəlidir.

Boşanma insan psixologiyasına sərt şəkildə zərər verir. Günümüzdə boşanan qadının ən böyük problemi cəmiyyətin ona olan baxışıdır. Cəmiyyət nə qədər inkişaf etsə də bəzi insanlar hələ də bu halları normal qarşılamır. Bu, hər bir sosial-iqtisadi təbəqənin ən mühüm problemidir. Təəssüf ki, bəzi kişilərin gözündə o, boşanmış və tez əldə edilə bilən qadın kimi görünür. Həm də digər qadınların nəzərində boşanmış qadın, partnyoru üçün təhlükə hesab olunur. Bunlar boşanma yükü ilə yanaşı əlavə bir yük də gətirir. Nəticədə boşanan qadının başqa insanlarla ünsiyyəti də azalır.

Keçən ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkəmizdə 5672 nikah və 2417 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olmuşdur.
Boşanmış işsiz qadın ciddi maliyyə problemləri ilə qarşılaşır. Boşanmış, uşağı olan qadın həm işləmək öhdəliyi, həm də övladına baxma qayğısı ilə mübarizə aparır.
Boşanan qadın bu problemlərin öhdəsindən gəlməyə çalışarkən, iç dünyasında tənhalıq hissi, özünə inamının itməsi, gələcəyə dair narahatlıq, qarşılaşacağı insanlara güvənməkdə problemlər, depressiya, təzyiq hissi, cəmiyyətin perspektivi ilə mübarizə, yersiz tələblərlə mübarizə və təqiblər artır.
Boşanmanın öhdəsindən gəlmək üçün qadınlar nə etməlidirlər?
Boşanan kimi qadın hər şeylə bir anda mübarizə aparmağa çalışmamalıdır. İlk növbədə, bu itki nəticəsində baş verəcək yas prosesi olacaq. Bu dövrdə qərarlar qəbul etmək düzgün deyil. Qəbul etdiyiniz qərarlar yeni həyatınızı formalaşdıracaq. Ona görə də tələsmədən qərarlar qəbul edin.
İşsiz qadınların iş tapması vacibdir. Bu, özünüzə inamınızı artıracaq. Uzun müddətdir qiymətləndirmədiyiniz öz güclü tərəflərinizə diqqət yetirin. Evliliyiniz zamanı etmək istədiyiniz, lakin vaxt tapa bilmədiyiniz fəaliyyətlərlə məşğul olun. Mümkünsə, qısa bir tətil edin.
Ailənizlə danışın, onların dəstəyini almaq vacibdir. Yaxın dostlarınızdan çəkinməyin. Onlarla görüşüb vaxt keçirin. Yeni insanlarla tanış olmaqdan çəkinməyin. Yeni münasibətlərdə öz sərhədlərinizi və qaydalarınızı təyin edin.
Boşanmanın kişilərə təsiri
Ölkəmizdə boşanmalar hər il artır. İqtisadi problemlər və mübahisələr boşanmaların ən çox yayılmış səbəbləri kimi görünür.
Araşdırmalar göstərir ki, boşanmaların yalnız 9%-i kişilər, 30%-i isə hər iki həyat yoldaşı tərəfindən könüllü olaraq baş verir. Bu o deməkdir ki, kişilər boşanma qərarı verməkdə qadınlardan daha çox çətinlik çəkirlər.
Məşhur inancın əksinə olaraq, kişilər boşanmalardan qadınlara nisbətən daha çox təsirlənir. Bəlkə də evlilik institutu kişiyə daha çox rahatlıq verir və onu itirmək onlar üçün daha çətindir. Boşanma nəticəsində kişilərin yalnız üçdə biri özünü daha azad hiss etdiyi halda, əksəriyyəti sıxıntılı hiss edir.
Dünən Qubada bir qadın qızı boşandığı üçün özünü asaraq intihar edib. Deyilənə görə o qızının boşanmasını qəbul etməyərək psixoloji sarsıntı keçirib. Ümumiyyətlə, niyə bəzi ailələr boşanmağa faciə kimi baxır? Boşanmaq dünyanın sonudur? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert, sosioloq və psixoloqların fikirlərini öyrənib.

Psixoloq Leyla Əli: “Son illər boşanan gənc ailələrin sayı durmadan artır. Diqqətimizi çəkən məqamlardan biridə odur ki, hər birimizin çevrəsində, boşanma müddətindən keçən və ya boşanan insanlar var.
Cütlüklərin ayrılması məsələsinə isə hər iki tərəfin valideyninin baxışı fərqli olur. Bəzi ailələr üçün xüsusilə qızının boşanması ölümə bərabər haldır. Yaşlı nəsildən eşitdiyimiz sözlər “geri qayıda bilməzsən”, “bu evə ancaq kəfənin gələ bilər” və s. Bu məqamlarda tək cütlük yox eyni zamanda boşanmaq üzrə olan ailədəki uşaqların psixologiyası ciddi zədə alır və gələcəkdə onlarında evlilik həyatına təsir edir.
Boşanmanın səbəblərinə sosial durum, mənəvi-fiziki uyğunsuzluq, cütlüklərin böyüklərin istəyi ilə qısa tanışlıq müddətindən sonra ailə qurmasını misal gətirmək olar.
Boşanma ər və arvadın heç bir bağının qalmaması ortaq uşaqların haqları qalmaq şərti ilə evliliyin sonlandırılması və tərəflərin yenidən ailə qurmasına imkan verən prosesdir. Boşanma öncəsi və sonrası ailənin hər üzvünə psixoloji sarsıntı yaşadan qərardır.
Boşanma müddətində xəyal qırıqlığı, yadlaşma, iztirab, depressiv hallar, çarəsizlik, ümidsizlik, aqressiya hətta intihara aparan davranışlar da müşahidə olunmaqdadır. Çox zaman boşanan cütlüklərdə uğursuzluq hissi yaşanır. Mən bacarmadım düşüncəsi və iqtisadi sosial duyğusal adaptasiyada çətinliklər yaşanır. Evlilikdən öncə və sonra psixoloqa müraciət etmək gələcəkdə yaranan problemlərin qarşısını alır”.

Sosioloq Əhməd Qəşəmoğlu: “Ümumiyyətlə, hər adam intihar etmir. Mən intihar məsələsini çox araşdırmışam. O adamlar intihar edir ki, onların içində psixoloji olaraq gizli şəkildə, yəni özü də bilmədən intihara meyllilik olur. Bəzi mühit bu meylliliyi bloklayır, bəzisi onun inkişafına şərait yaradır. Burada da alınan informasiyalar böyük rol oynayır. İntiharda əsas məsələ odur ki, insan indiki vaxtda özünü cəmiyyətdə təsdiq edə bilmir, sabaha da ümidləri az olur. Ona görə konkret olaraq bu qadının intiharı ilə bağlı onu deyə bilərəm ki, psixoloji durumu elə imiş ki, qızını çox istəyirmiş və onda intihara meyillilik amili olub. Baş verənlər onun əsəblərini daha da gərginləşdirib. Boşanan qadınlar barədə deyilənlər isə onu bir az da intihara sürükləyib. Məsələn, onun üstünlük verdiyi dəyərlər də fərqli olub. Yəni, o bilsəydi ki, qız bu gün boşanır sonra xoşbəxt olacaq, bu işə əl atmazdı. Yəqin ki, qızının boşanması ilə o xoşagəlməz şeylər düşünüb və birdən-birə daxilindəki intihara meyillilik amilini fəallaşdırıb. O fəallaşandan sonra insan artıq özünü idarə edə bilmir.
Çox təəsüf ki, bizdə ailə dəyərləri sürətlə dəyişir və ailə institutumuz zəifləyib. Çünki Azərbaycan mədəniyyəti min illərdir ailə dəyərləri üzərində formalaşıb. Ailə institutunun dağılması Azərbaycan mədəniyyəti üçün xoşagəlməz bir vəziyyət yaradacaq və bunun nəticələri də o qədər ürəkaçan deyil. Deyək ki, Azərbaycandakı boşanma ilə Fransadakı, Belçikadakı boşanma eyni deyil. Bunlar insanların həyatına fərqli təsirlər edir. Boşananda iki insan boşanmır ki, deyəsən dünyanın sonudur.
Əgər o ailədə uşaq varsa boşanma böyük faciədir. Çünki sən qadını boşaya bilərsən, amma uşağını boşamırsan. Ona görə körpə yaşlı uşağın anasını boşamaq düzgün deyil, çox çətindir. Bundan oğlan uşağı da çox böyük zərbə alır, psixoloji sarsıntı keçirirlər. Hətta anası başqa kişilərlə görüşən oğlan uşaqlarında çox böyük bir xoşagəlməz hadisə baş verir və qız uşaqlarının da qəlbi qırıq olur. Ona görə də Azərbaycanda boşanma hadisəsi dünyanın sonu deyil, amma bir çox şeylərin sonudur. Heyif ki, bizdə ailə institutunu qorumaq üçün lazımi işlər getmir. Yəni indiki mürəkkəbləşən, həssaslaşan cəmiyyətdə ailə institutunu qorumaq üçün tamam başqa işlər görülməlidir. Hər halda bir yerdə yaşayıb bir-birinə düşmən olmağın özü də bir ayrı problemdir. Məsələn, ərlə-arvad bütün günü dalaşırsa uşağın əsəbləri daha da pozula bilir. Ona görə onların boşanması zərurət olur və arzu edək ki, belə hallar olmasın. Bunun üçün əvvəldən ailə quranda ehtiyatlı olmaq lazımdır. Hər adamla ailə qurmaq doğru deyil”.

Psixoloq Zeynəb Eyyubova: “Azərbaycanda boşanma mədəniyyəti adlı bir tendensiya yoxdur. Ölkəmizdə boşanma dünyanın sonu kimi qələmə verilir. Biz də fərd olaraq həm özümüzün, həm də övladımızın boşanmasını qəbul edə bilirik.
Əgər insan xoşbəxt deyilsə, qarşısındakı ilə ünsiyyət qurmağa məcbur deyil. İnsan xoşbəxt olduğu yerdə olmalıdır. Əgər bu mədəniyyət insanlara aşılansa, düşünürəm ki bu problemlər də aradan qalxar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB