Erkən yaşda uşaq dünyaya gətirmək- valideyn məsuliyyətsizliyi, yoxsa... - ARAŞDIRMA
Ana olmaq üçün ideal reproduktiv yaşın 20-30 arası olduğu müəyyən edilib. Mütəxəssislər, 35 yaşdan sonra gec yaşda ana olmaq istəyən, lakin normal yollarla ana ola bilməyən qadınların yumurta sayının azalması və ya keyfiyyətinin pisləşməsi ilə əlaqədar olaraq hamiləlik nisbətinin aşağı düşdüyünü bildiriblər.
Əvvəlki zamanlarda erkən nikahların nisbəti qadınlarda daha çox olduğundan analıq, adətən, erkən yaşlarda olurdu. Lakin günümüzdə ana olmaq yaşı günü-gündən artır. Qadının cəmiyyətdəki yeri, sosial-iqtisadi vəziyyəti, aktiv iş həyatı və ikinci nikaha girən qadınların sayının artması bu vəziyyətin ən böyük səbəblərindəndir.
Hal-hazırda irəli yaşda uşaq dünyaya gətirən, xüsusən də, ilk körpəni 30 yaşlarında gözləyən qadınların sayı çoxdur. Həmçinin, gənc qadının bədənində bir çox hormonal və emosional dəyişikliklər baş verir.
Digər tərəfdən, erkən yaşda ana olmağın üstünlüyü o yaşda qadının enerji səviyyəsinin yüksək və daim aktiv olmasıdır. Uşağın yaşına görə gələcəkdə onunla daha rahat anlaşa bilməsi, dost kimi görünməsi üstünlük olduğundan bir sıra nəslin buna önəm verdiyini desək yanılmarıq.
Bir neçə gün bundan öncə Azərbaycanda 16 yaşlı qız hamilə qalıb. Yeniyetmə 2021-ci ildə Gəncədə bir oğlana qaçıb. Daha sonra rayonda gizlədilib. Lakin qızın xalası polisə şikayət edib. Bu zaman qız istəyi ilə qaçdığını deyib.
Bundan sonra yeniyetmənin yaşadığı Suraxanı rayonundakı polis bölməsinə xəbər verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. 16 yaşlı bir qız və ana olmaq?! Keçmişdə bu hallar bəziləri tərəfindən normal qarşılansa da, günümüzdə sadəcə olaraq fəlakətdir. Bəs, burada günahkar kimdir? SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert, sosioloq, psixoloq, həkim ginekoloq və hüquqşünasların fikirlərini öyrənib.

Cərrah, mama-ginekoloq Ləman Əliyeva: “16 yaşlı qızlar hələ uşaq sayılır. Onlar hamiləliyin nə olduğunu belə bilmirlər.
O yaşda qızın orqanizmi hələ inkişaf mərhələlərini bitirməyib və hormonları qadına lazım olan dərəcədə inkişaf etməyib. Hal-hazırkı ekologiya və indiki vəziyyətlə xanımlar heç yetkinlik yaşında belə normal hamiləlik yaşamırlar. 16 yaşında uşaq hamiləliyi necə başa vuracağı, onun dünyaya gətirdiyi uşaq hansı sağlamlıqda olacağı və daha sonra özünün vəziyyətinin necə olacağı sual altındadır.
Bunun qarşısını isə ancaq maarifləndirmə yolu ilə almaq olar. İnternet və ya televiziya vasitəsilə xalqımızı belə hallardan çəkindirmək lazımdır".

Psixoloq Zeynəb Eyyubova: “Ümumiyyətlə, ailə sistemində övladla valideyn arasında düzgün münasibət qurulması daha məqsədəuyğundur. Deməli, ilk öncə münasibətləri yoluna qoyub, daha sonra qıza təhsilin vacibliyini izah etmək lazımdır. Əgər bir qız ailədə ziyalılıq görərsə, o da oxumağa meyilli olacaq.
Birmənalı olaraq, vaxtından tez ailə həyatı qurmağın, erkən hamiləliyin əleyhinəyik. Ümumiyyətlə, artıq qaçmaq dövrü deyil. Normal cəmiyyətdə yaşayırıqsa, sivil şəkildə ailə həyatı qurmaq olar. Hər hansı bir oğlana qoşulub qaçmaq keçmiş dövrdə qalıb".

Hüquqşünas Fariz Əkbərov: “Uşaqlara, hətta qadınlara qarşı cinsi zorakılıq hallarına daha çox ailə daxilində rast gəlinir, nəinki çöldə. Bizə müraciət edənlərdən görürük ki, ilk cinsi pozuntular, istismarlar ailə üzvləri, qohum-əqrəba, yaxın adamlar tərəfindən olub.
Azərbaycan Respublikası “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub.
Lansarote Konvensiyası cinayət məsuliyyətinə səbəb olan uşaqlara qarşı seksual xarakterli əməllər, belə əməllərin profilaktikası, qarşısının alınması və onlarla mübarizəyə dair tədbirlər, habelə dövlətlərin bu sahədə əməkdaşlığın istiqamətləri müəyyən edilir.
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına və ölkəmizdə 1998-ci ildə qəbul olunmuş Uşaq Hüquqları haqqında qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs dedikdə 18 yaşa qədər olan şəxslər nəzərdə tutulur. Lakin bəzi hallarda bu 14 və 16 yaş ola bilər. Məsələn, Cinayət Məcəlləsinin 152-ci maddədə həm 14, həm 16 yaşına çatmayan şəxslərlə bağlı fərqli cəza müddəti nəzərdə tutulub. Məsələn, cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər 16 yaşına qədər olan şəxslərə qarşı törədildikdə 3 ilə qədər, 14 yaşına qədər olan şəxslərə qarşı törədildikdə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmçinin, Cinayət Məcəlləsinin 153-cü maddənin 1-ci bəndinə görə, əxlaqsız hərəkətlər 16 yaşına çatmayan şəxslərə qarşı törədildikdə bu 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılırsa, 2-ci bəndinə görə, 14 yaşına çatmayan şəxslərə qarşı törədildikdə 3 ilə qədər azadlıqdan məhrum edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB