"Azərbaycan sözünü erməni tərəfinə çatdırdı" AÇIQLAMA

"Bu il Xocalı soyqırımının 30 illiyi ilə bağlı Cənab Prezident İlham Əliyev yanvar ayının 28-də sərəncam imzaladı". Bunu SİA-ya açıqlamasında Xocalı sakini, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Cəfərova deyib.

Onun sözlərinə görə, sərəncamın məqsəd və məramı o idi ki, Xocalı soyqırımını həm ölkə daxilində, həm də ölkə xaricində tanıdılsın və daha geniş formada tədbirlər düzənlənsin: "Düzdür, soyqırımı bir çox ölkə tanıyır. Xocalıdakı soyqırımda ağılagəlməz vəhşiliklər törədilmişdi. Ən dəhşətlisi də bu idi ki, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Ermənlilər 366-cı alayın köməkliyi ilə bu vəhşilikləri həyata keçirdi. Təəssüflər olsun ki, hələ də soyqırımı həyata keçirən 51 nəfər zabit və gizir axtarışdadır. Eyni zamanda, 366-cı alayın komandiri polkovnik Yuri Zabriviqorov məsuliyyətə cəlb olunmadı. Nə yazıq ki, 1993-cü ildə həmin alay Gürcüstanda gizlədildi. Amma bu il 44 günlük Vətən müharibəsində şanlı ordumuz torpaqlarımızın xeyli hissəsini işğaldan azad etdilər. Xocalıya gedə bilməsək də, hər zaman amalımız bu soyqırımı tanıtmaq və Xocalıya qayıtmaqdır. Hər birimiz bir vətəndaş olaraq xalqımızın başına gələn faciələri dünyaya çatdırmalıyıq. Bu soyqırım tarixdən və yaddaşdan silinməməlidir. Müharibəni qazanmaqla Azərbaycan sözünü erməni tərəfinə və dünyaya çatdırdı". Səriyyə Cəfərova bildirdi ki, yaxın zamanda Xocalı faciəsi ilə bağlı "Geriyə baxma" adlı kitabı işıq üzü görəcək: "Kitab Xocalı faciəsində qətlə yetirilən ahıllarla bağlıdır. Sənədli xroniki əsərdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə