Rəcəb ayında NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR? - DETALLARA AYDINLIQ GƏTİRİLDİ

"Rəcəb ərəb mənşəli söz olub hərfən “sayğı göstərmək” mənasını bildirir. Hicri-qəməri təqvimin 7-ci ayı olan Rəcəb islamda dörd haram aylardan biridir. Bunun haram aylardan olmasının səbəbi məhz həmin ayda müharibə və basqın etməyin qadağan olmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, Rəcəb islamdan öncəki cahiliyyə dövründə də haram aylardan biri idi: "Cahiliyyə ərəbləri Rəcəb ayı daxil olarkən savaş və qarətlərə son qoyar, özlərinə məxsus dini ayinlərini icra edərdilər. İslam dinində də haram aylardan hesab edilmiş, bu aya hörmət göstərmək vacib buyrulmuşdur. Uca Allah Qurani-Kərimin müxtəlif surələrində, o cümlədən də “əl-Maidə” surəsinin 2-ci ayəsində “Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram aya (rəcəb, zülqədə, zülhiccə və məhərrəm aylarına)... hörmətsizlik etməyin!” – deyə buyurmaqla rəcəb ayına hörmət edilməsini əmr etmişdir. Bu da onu göstərir ki, haram aylarda edilən günah və ya savab əməllər digər aylara nisbətən daha da artıqlaması ilə yazılır.

Rəcəb ayının üstünlük və fəzilətləri haqqında çoxsaylı hədis vardır. Həmin hədislərin birində həzrət Peyğəmbərin “İlahi, bizə rəcəb və şaban aylarında bərəkət ver və bizi ramazana çatdır!” – deyə dua etməsi onu göstərir ki, bu ay digərlərinə nisbətən mübarək və bərəkətli olması ilə seçilir. Həmçinin digər bir hədisdə “Rəcəb Allahın əzəmətli ayıdır. Heç bir ay onun əzəmət və hörmətinə yetişə bilməz. O ayda savaş haramdır, çünki o Allaha məxsusdur. Şaban mənim, ramazan isə ümmətimin ayıdır. Agah olun! Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allahın böyük razılığını əldə etmiş, özünü Onun qəzəbindən uzaqlaşdırmış və Cəhənnəmin qapılarını öz üzərinə bağlamış olar”, - deyə buyurması bu ayın Uca Allaha məxsus olduğunu bildirir. Başqa bir hədisdə isə “Rəcəb ayının digər aylardan üstünlüyü Quranın digər sözlərdən üstünlüyü kimidir” şəklində nəql olunması onun üstünlüklərinə dəlil kimi göstərilir".

İbrahim Quliyev sözlərinə belə davam edib: "Rəcəb ayının xüsusiyyətlərindən biri də bu aya məxsus bəzi ayinlərin icra edilməsi ilə bağlıdır. Həmin hədislərdə rəcəb ayında oruc tutmaq, qurban kəsmək, sədəqə vermək və s. savab əməllərlə məşğul olmaq tövsiyə edilmişdir.

Bütün bu deyilənlərdən başqa, rəcəb ayının ilk cümə gecəsi “Rəğaib” adlanır. Müsəlman alimlərinin bəzisi bu gecədə ibadət etməyin, namaz qılmağın və digər savab əməllərlə məşğul olmağın çox böyük savab qazandıracağını söyləmişlər. Rəcəb ayında mübarək gecələrdən biri də həzrət Peyğəmbərin səmaya yüksəldiyi Merac gecəsidir. Bəzi rəvayətlərdə bu gecənin rəcəb ayının 27-ci gecəsi olduğu deyilir. Bütün bu qeyd edilənlər onu göstərir ki, rəcəb ayı müsəlman mədəniyyətində xüsusi ehtirama layiq görülmüş, özündə bir çox mənəvi keyfiyyətləri əks etdirən mübarək və fəzilətli bir aydır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə