Yeni il süfrəsi bir ailəyə NEÇƏYƏ BAŞA GƏLİR? - SORĞU

Qarşıdan 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il gəlir. Bütün dünyada olduğu kimi, Yeni il xalqımız tərəfindən təntənəli surətdə keçirilir. Xalqımızın bir hissəsi evdən kənarda bu bayramı keçirsə də, ailəli insanların əksəriyyəti Yeni ili təmtəraqlı süfrələr quraraq evdə keçirirlər. Bəs, orta statistik bir ailə Yeni il süfrəsi hazırlamağa nə qədər büdcə ayırmalı olur? SİA olaraq bu barədə paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Nərminə Babayeva: “Bizim evdə Yeni il süfrəsi üçün alış-verişi yalnız həyat yoldaşım edir. Ailədə səkkiz nəfərik. Əgər mən süfrəni hazırlayası olsam, minimum 150 manat büdcə lazım olacaq".

Paytaxt sakini Oleq Quliyev: “Təqaüd alıram. Oğlumla bir yerdə qalıram. Yeni il süfrəsinə hazırlığı övladlarım edir. Təxmini deyə bilərəm ki, minimum 100 manatlıq bir büdcə normal süfrənin açılması üçün lazım gəlir".

Paytaxt sakini Bəsirə Seyidməmmədov: “Açığı indiyə kimi hesablamamışam. Ancaq təxmini düşünürəm ki, normal bir Yeni il süfrəsi üçün minimum 200-250 manat lazım gəlir. Yəni bu məbləğ arta da bilər. Lakin düşünürəm normal bir süfrə üçün bu bəs edir”.

Paytaxt sakini Rza Seyidov: “Açığı deməliyəm ki, mənim ailəm yoxdur. Bunun üçün də dəqiq bir fikir deyə bilmərəm. Tək bir adam 50-60 manatla yola verə bilər. Ona görə də təqribi düşünürəm ki, ailə üçün bu rəqəm minimum 150-200 manat olar”.

Paytaxt sakini Teymur Teymurov: “Mən pensiya alan adamam. Məni hazırda saxlayan xanımım və oğlumdur. Yəni bu işlərlə bağlı alış-verişə onlar baxır. Belə görürəm ki, 250-300 manatlıq ərzaq süfrənin üzərində olur”.

Paytaxt sakini Firudin Səlimzadə: “Biz ailədə iki nəfərik. Ona görə də, bizim hazırlayacağımız süfrəyə o qədər də artıq büdcə lazım olmur. Minimum 30-50 manatla Yeni ili keçirə bilirik”.

Paytaxt sakini Esmira Ağayeva: “Biz ailədə 3 nəfərik. Belə dəqiq qiymət deyə bilmirəm. Bəlkə 50, bəlkə də 150 manatlıq bir büdcəyə ehtiyac olur. Bu, süfrəyə görə dəyişir”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə