Ölkəmiz iqtisadi baxımdan gücləndikcə belə addımlar atılır - DEPUTAT MÖVQE BİLDİRDİ
"Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində həmişə vətəndaş amili dayanıb və vətəndaşlarımızın sosial rifahının artırılması istiqamətində çox ciddi addımlar atılıb". Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, cənab Prezident tərəfindən mütəmadi sərəncamlar imzalanır. Bununla da, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, əməkhaqlarının, təqaüdlərin artırılması bu sərəncamlarla öz əksini tapır.
Cavid Osmanov bu barədə fikirlərini belə izah edib: "Xüsusən qeyd etmək lazımdır ki, 2018-ci ildən bu yana bir çox sahədə aparılan işlərin tərkib hissəsi olaraq məhz inqilabi sosial islahatlar paketi də həyata keçirilməkdədir. Cənab Prezident tərəfindən dünən imzalanan dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam birmənalı olaraq demək olar ki, Azərbaycan xalqının sosial rifahının yaxşılaşmasına istiqamətlənir. Bu da cənab Prezidentin apardığı siyasətin ən prioritet sahələrindən biridir. Beləliklə, növbəti ildən artıq imzalanan sərəncamlara uyğun olaraq 1 milyondan çox vətəndaşın əmək haqqısının artırılması nəzərdə tutulur ki, bu da Azərbaycan dövlətinin apardığı siyasətə tam uyğundur.
Ölkəmiz iqtisadi baxımdan gücləndikcə vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Digər bir tərəfdən koronavirus pandemiyası dünyanın bir çox ölkələrinin iqtisadiyyatına çox mənfi təsir göstərib. Ancaq nəzərə alsaq ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizə aparan ölkə olmaqla yanaşı, həm də 44 günlük Vətən müharibəsindən çıxmış ölkədir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülür. Buna baxmayaraq cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı güclənir. Bu güclənmə də belə sərəncamların imzalanmasını şərtləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB