Daşkəsəndə şəhid gizirə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib - FOTOLAR

Dekabrın 8-də Daşkəsən rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Hicran Hüseynovanın müəllifi olduğu daşkəsənli Vətən Müharibəsi şəhidi gizir Cəfərli Orxan Etibar oğlunun həyat və döyüş yoluna həsr edilən “Şəhid gizir Orxan Cəfərli” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə Daşkəsən rayon İcra hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, kitabın müəllifi Həcər Hüseynova və layihənin rəhbəri ehtiyatda olan polkovnik Elmar Hüseynov iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Vətən Müharibəsindən və şəhid gizir Orxan Cəfərlinin həyat və döyüş yolundan bəhs edən videoçarxa baxış keçirilib.

Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov giriş nitqində kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından və Daşkəsən rayon ictimaiyyəti adından təşəkkürünü bildirib. O qeyd edib ki, Vətən Müharibəsi torpaqlarımızın azad edilməsi ilə başa çatdıqdan sonra döyüşlərdə iştirak edən və şəhid olan həmvətənlərimizin tanıdılması, onlar haqqında məlumatların toplanması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər Daşkəsən rayonunda da davam etdirilir. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsinin araşdırılması və təbliği vətənpərvərlik baxımından olduqca əhəmiyyətlidir. Gənc nəslin Vətən Müharibəsi qəhrəmanlarından nümunə götürməsi vacibdir.

Digər çıxış edənlər də şəhid gizir Orxan Cəfərli ilə bağlı xatirələrini bölüşüb, onun döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlarından danışıb, kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olduğunu vurğulayıblar.

Şəhidin atası Etibar Cəfərov və anası Zəriş Cəfərova oğullarının xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...