Bakı Metropoliteninin yeni stansiyası NƏ İLƏ FƏRQLƏNƏCƏK? - QURUM RƏSMİSİ AÇIQLADI

"Bakı Metropoliteninin yeni B-04 stansiyası tipi baxımından əvvəlki 8 noyabr stansiyasından fərqlənməyəcək. Sadəcə olaraq, hər bir stansiyanın özünün coğrafi mövqeyinə uyğun olaraq xüsusiyyətləri olur. Bu xüsusiyyətlər isə fərqlidir". Bunu SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Bəxtiyar Məmmədov deyib.

O, qeyd edib ki, stansiya “Qruntda divar” üsulu ilə inşa olunur. Bu üsulla Metropolitenin bənövşəyi xəttinin 3 stansiyası inşa olunub. Bunlara "Memar Əcəmi", "8 Noyabr" və hazırda tikintisi davam edən B-04 stansiyası daxildir. “Qruntda divar”ın üstün cəhəti və fərqi ondan ibarətdir ki, bir məhdud məkanda kifayət qədər səmərəli iş görməyə imkan verir. Ekoloji cəhətdən də daha təmizdir. Ətraf mühiti qorumağa imkan verir. Ətraf mühitin qorunması baxımdan digər təsir edən elementlər - səs, vibrasiyadır ki, bu da stansiya səs-küyünün ətraf əraziyə yayılması baxımından daha səmərəlidir. Həmçinin, iqtisadi cəhətdən daha qənaətçildir. Çünki, ənənəvi açıq tipli stansiyalar inşa olunanda onun çalası qazılırdı, daha sonra aşağıdan-yuxarı inşa olunurdu. Bu stansiya isə yuxarıdan-aşağı prinsip ilə inşa olunur. Məsələn, "Memar Əcəmi" stansiyası relyefinə görə bir tərəfi 5, digər tərəfi 4 səviyyədən ibarət idi. "8 Noyabr" stansiyası 3 səviyyədən ibarət idi. Hazırda inşa olunan B-04 stansiyasi isə 4 səviyyədən ibarət olacaq.

Bəxtiyar Məmmədov bu barədə fikirlərini belə izah edib: "Stansiya kompleksinin uzunluğu 170 metrdir. Onun bir hissəsi 32 metrdir, digər tərəfi isə 29 metrdir. Yəni, stansiyanın dərinliyi 29-32 metr aralığındadır. 4 səviyyədən birinci hissə keçid səviyyəsi adlanır. Yəni oradan 4 tərəfə çıxış olacaq. Bundan əlavə olaraq sərnişin ödəmə edib, daha aşağı səviyyələrə, platformaya eniş edə biləcək. Bu infrastruktur orada olacaq. Həmin səviyyədə stansiyanın elektrik yarımstansiyası inşa olunacaq. Bu səviyyədə işlər başa çatdıqdan sonra yəni qazma işləri, döşəmə tavasının betonlanması işi başa çatdıqdan sonra daha aşağı səviyəyə enəcəklər. Ondan aşağı səviyyə texniki keçid mərhələsi adlandırılır. Ondan da aşağı səviyyədə Metropolitenin həmin stansiyasının mühəndis və sanitar texniki qurğularının yerləşəcəyi sahə olacaq.

Nəhayət, dördüncü səviyyə platforma səviyyəsi olacaq. Bənövşəyi xəttimiz məlum olduğu kimi, 7 vaqonlu qatarlar üçün nəzərdə tutulduğundan, bu stansiya da 7 vaqonlu qatarlar üçün nəzərdə tutulacaq. Bundan əlavə olaraq əvvəlki stansiyalarda olduğu kimi burada da liftlər olacaq. Səviyyədən-səviyyəyə enmək üçün mütləq şəkildə pilləkən və eskalatorlardan istifadə olunacaq. Yəni müvafiq tikinti qaydalarına uyğun olaraq stansiya bu kimi strukturlara malik olacaq. Əvvəlki dövrdə stansiyanın üstü avtomobil yolu idi. Stansiyanın inşası bitdikdən sonra avtomobil yolu yerinə qayıdacaq. Yəni stansiyanın üzərindən avtomobil yolu keçəcək. Bu baxımdan inşaat dövründə bu məsələyə də diqqət olunur".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə