Uşaqlar təhlükəsiz internetlə necə təmin olunmalıdır? - ARAŞDIRMA

Gündəlik həyatda böyüklər üçün zəruri olan internetdən istifadə, xüsusilə uşaqlıqda lazımi nəzarət təmin edilmədikdə mühüm problemləri də gətirir. Ailələrin internetdən istifadələrinin şüurlu olması və uşaqların rəqəmsal dünya ilə əlaqələrini məhdudlaşdırmaq üçün lazım gəldikdə ekspert dəstəyi alması böyük əhəmiyyət kəsb edir.

Uşaqları internetdən tamamilə məhrum etməyin

Uşaqların internetdən istifadə səriştəsi, planşet və smartfon kimi texnoloji cihazlara yiyələnmələri istedadlı sayılsa da, bu vəziyyət intellektlə düz mütənasib deyil. Uşaqları internetdən tamamilə uzaqlaşdırmaq və ya texnoloji cihazları qadağan etmək və ya onları tamamilə azad etmək düzgün deyil. İdeal yol uşaqların yaşına, internet məzmununa və müddətinə uyğun monitorinq mexanizmi yaratmaqdır. Beləcə uşaq həm inkişaf etməkdə olan dünya ilə ayaqlaşacaq, həm də texnologiyaya aludə olmayacaq.

Texnologiya asılılığı uşaqları təcrid edir

Texnologiya asılılığında və xüsusilə də sıx ekrana məruz qalan uşaqda yaşa görə fərqli əlamətlər meydana gəlir. Sonra bu vərdiş halına gəlir. İnternet və texnologiya asılılığı olan uşaqda dil və nitq qabiliyyəti ləngiyə bilər, hər çağırışda cavabsız qala bilər, böyüdükcə diqqətsizlik, hirslə mübarizə problemi yarana bilər, valideynlər və ətraf mühitlə münasibətlərə mənfi təsir göstərə bilər və bəzi digər problemlər yaşaya bilər. Yeniyetməlik dövründə introversiya, sosial mühitlərdən uzaq olmaq və ünsiyyətdə çətinlik yarana bilər.

Nəzarətli internet istifadəsi vacibdir

2 yaşından kiçik uşaqların inkişaf prosesləri baxımından internet, televizor və ya kompüterlə qarşılaşması uyğun deyil. Məktəbəqədər yaş qrupu üçün gündə 30 dəqiqədən çox olmayan internet istifadəsi kifayətdir. İbtidai təhsilin ilk 4 ilində ev tapşırığından başqa, oyunlara və əyləncələrə hər gün 45 dəqiqə vaxt ayrıla bilər. Sonrakı illərdə həftə sonları daha çevik olsa da, gündə 1 saat istifadə etmək məqsədəuyğundur. Orta məktəb çağında gündə 2 saat kifayətdir. Valideynlərin uşaqları anlamaq üçün məzmunu, eləcə də internetdə keçirdikləri vaxtı izləmələri vacibdir. Uşaqlara nəzarətsiz internet istifadəsinin zərərlərini izah etməyə çalışmaqdan qaçınmaq olmaz.

Uşağınızın internetdən asılı olmasına imkan verməyin!

1. Uşaqları rahatlaşdırmaq, susdurmaq, qidalandırmaq üçün smartfonlar/planşetlər və s. kimi alətlərdən heç vaxt istifadə etməyin

2. Yol xəritəsini təyin edərkən uşağınızı tanımağa və onun niyə asılı olduğunu anlamağa çalışın.

3. Uşağınızın ehtiyaclarını görməyə çalışın. Həyatda, ailə münasibətlərində və sosial mühitdə qidalana bilməyən, tamamlana bilməyən amilləri üzə çıxarın.

4. Gündəlik internet istifadə saatlarını müəyyənləşdirin.

5. Həftəlik internet istifadə qrafiklərini hazırlayın, ona uyğun plan qurun.

6. Dəstək qrupları və ya ailə terapiyası kimi üsulları həyata keçirin.

7. Uşaqlarınızı onların istedad və maraqlarına uyğun idmana, incəsənətə və hobbilərə yönləndirin.

8. Etmək istədiyi, lakin fürsət tapa bilmədiyi işləri dəftərçəyə yazmasını istəyin. İnternetdən istifadə etmək istəyi güclü olduqda, ondan yazdığı şeylərdən birini etməsini xahiş edin.

9. Uşağınızın dostluqlarını dəstəkləyin, onları bir araya gətirəcək bir fəaliyyət planlaşdırın.

10. Uşağınızın kompüterdən istifadəsini yoxlayın və virtual mühitdə onun dostları ilə tanış olun.

11. Kompüterinizdə təhlükəsiz internet proqramlarının olmasına diqqət edin.

12. Uzun müddət kompüterdən istifadə edən uşağınızın qarşısını ala bilmirsinizsə, mütəxəssis yardımı alın.

SİA məsələ ilə bağlı araşdırma apararaq uşaqların təhlükəsiz internetlə təmin edilməsi mövzusunda texnoloq və sosioloqların fikirlərini alıb.

İKT üzrə ekspert Rəşad Cəfərov: “Toxunduğunuz mövzu dünəndən başlayan, bugün də həll olunmayan və sabahımız üçün ciddi problemlərin yaradacağını açıq göstərən bir mövzudur. Çox təəssüflə qeyd edirəm ki, ölkədə bu istiqamətdə görülməli işlər hələ ki, sənədlərdə, tədbirlərdə söylənilən çıxışlarda qalmaqdadır. Tədbirlər görülməsə uşaqlar ciddi şəkildə “internet pandemiyasından” əziyyən çəkəcəklər. Təkcə uşaqlar yox, elə böyüklər də. Bunun qarşısını almaq üçün ölkədə müxtəlif fikirlər səsləndirilir, bəzi addımlar atılır ki, düşünürəm bu addımlarla da fəsadların qarşısını almaq çətin olacaq. Misal üçün provayderlərin təqdim etdiyi halal internetlər, mobil qurğularda quraşdırılan bəzi tətbiqlər, “ağ siyahılar”, xüsusi domen zonalar və s. İnternet o qədər əlçatandır ki, uşaqlar bunu hər zaman hər yerdə əldə edəcəklər. Düşünürəm ki, uşaqları, elə böyükləri, valideynləri də internetdə onları hansı təhlükələrin gözlədiyi barədə məlumatlardırmaq lazımdır. Xüsusən cinayətkarların, zorakı insanların hədəfinə tuş gələ bilmələrini hər kəs bilməli, təhdidləri müəyyən etməyi bacarmalıdırlar. Bax, məncə görülən tədbirlər əsasən bu istiqamətdə olmalıdır. Hər bir işin, addımın öz mədəniyyəti var. Növbədə durmaq, avtomobil sürmək, qonaq qarşılamaq, bax, internetə də belə yanaşma ilə baxmaq lazımdır. İstifadəçilərdə internetdən istifadə mədəniyyəti formalaşmalıdır. Burada onları gözləyən təhlükələr və ya qazana biləcəkləri müsbət məqamları istifadəçi qabaqcadan bilməlidir. İnternet də bir imtahandır, uşaqlarımız ora hazırlıqlı girməlidirlər ki, pis qiymət almasınlar. Uşaqların bu təhlükədən qorunmasını təkcə valideynin üzərinə qoymaq olmaz. Bunun üçün səmərəli, bir daha qeyd edirəm, səmərəli proqramlar müvafiq dövlət qurumları tərəfindən görülməlidir”.

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı: “Bunun üçün filter proqramlar var. Həmçinin, “YouTube Kids” deyilən proqramları da tətbiq etmək olar. Valideyn nəzarəti lazımdır. Xüsusilə də azyaşlı uşaqların samartfondan sərbəst istifadəsinə məhdudiyyətlər qoymaq lazımdır. Doğrudur, virtual dərslərə qoşulmaq üçün uşaqların internetlə təminatını biz özümüz istəyərək həyata keçiririk. Azad internet və telefonlarının olmasını məcbur olub təmin etdik. Yəni, dərs üçün bunu etdik. Amma yenə də nəzarət mütləqdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə