Evli cütlüklər niyə boşanır? - MARAQLI FAKTLAR - ARAŞDIRMA

Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub. Bəs, bu statistikalar nə kimi məna daşıyır? Evli cütlüklər niyə boşanır?

Boşanmaların azaldılması arzu edilirsə, səbəblərə diqqət yetirmək lazımdır. Boşanma səbəbləri təxminən belə sadalana bilər:

Məsuliyyətsizlik və laqeydlik, iqtisadi problemlər, xəyanət, həyat yoldaşlarının bir-birinin ailələrinə qarşı davranışı, sui-istifadə və zorakılıq, cinsi problemlər, ünsiyyət qura bilməmək, alkoqol, qumar, narkotik kimi pis vərdişlər, uşağın təhsili ilə bağlı həyat yoldaşının mübahisələri.

Ancaq onları bu cür sadalamaq kifayət deyil, problemlərin aradan qaldırılması üçün səy göstərilməlidir. Məsələn, ailə terapiyası sığorta ilə əhatə olunmalıdır. Ailə qurmazdan əvvəl hər bir cütlük ailə terapiyasına aparılmalı və evliliyin uşaq oyunu olmadığı izah edilməlidir. Bəlkə o zaman boşanmaların sayının artması müəyyən qədər azaldıla bilər.

Ailə fərdin mənəvi və ictimai varlığında ilk nüvələrin atıldığı və formalaşdığı vahiddir. Həyat boyu fərdi inkişafa ən güclü təsir göstərən sosial vahid ailədir. Sevgi və etibarın nə demək olduğu ailədə öyrənilir. İlkin dəyər mühakimələri ailədən alınır.

Ancaq hər bir qurum kimi evlilik də zaman-zaman qüsurları olan bir qurumdur. Boşanma isə çətin, lakin bəzən məcburi bir qərar ola bilər.

Hər bir ailə və cütlük boşanma qərarından əvvəl və sonrasında müəyyən proseslərdən keçir.

BOŞANMADAN ƏVVƏL: Emosional olaraq uzaqlaşdığınız və bəzi şeylərin artıq əvvəlki kimi olmadığı dövrdür. Evdə müzakirələr artır və paylaşma əhəmiyyətli dərəcədə azalır. Həyat yoldaşlarından biri və ya hər ikisi xitam qərarı haqqında düşünməyə başlamışdır.

BOŞANMA ZAMANI: Həyat yoldaşlarından biri bu prosesdə daha qətiyyətli və daha güclü olarkən, digər həyat yoldaşı özünü gücsüz, çarəsiz, tənha, kədərli, viran, depressiya və qəzəbli hiss edə bilər.

Ailənin digər üzvlərinin boşanma ilə bağlı məlumatı olacaq. Ailələrin cütlüyün qərarlarına müdaxilə etməmələri, fikirlərini bildirməmələri daha sağlam olar. Uşaqlar bu müddət ərzində yaşadıqları narahatlıqlardan təsəlli edilməlidir.

BOŞANMADAN SONRA: Həyata yeni bir başlanğıc etmək vaxtıdır. Cütlüklərdən bəziləri buna nail ola bilər, bəziləri isə bu prosesdən daha çox yorula bilər. Bu prosesi qəbul etməmək, peşmançılıq hissi, gələcəklə bağlı narahatlıqlar, nə edəcəyini bilməmək kimi hisslər ola bilər. Gələcəklə bağlı planlar qurmaq, həyatdan və əlaqələrdən yeni şeylər gözləmək, bunlar üçün səy göstərmək insanın artıq sağlam olduğunun göstəricisidir.

BOŞANMADAN SONRA UŞAQLAR: Həyat yoldaşı roluna xitam verilən şəxslər “ana və ata” rollarını ciddi şəkildə yerinə yetirməyə davam etməlidirlər. Boşanmanın heç bir mərhələsində yaşanan hisslər uşaqlara əks olunmamalıdır.

“Artıq eyni evdə yaşamırıq, amma ananız və atanız olaraq yenidən birlikdə olacağıq” mesajı TƏCRÜBƏ tərəfindən verilməlidir. Boşanma prosesini sağlam şəkildə idarə edə bilməyən cütlüklərdə uşaqlarda psixoloji çətinliklərin olması adi haldır.

Bəzi cütlüklər öz həyatlarını bir kənara atıb evliliyə davam etməyi düşünə bilərlər. Araşdırmalar göstərdi ki, yalnız uşaqlar üçün bir yerdə qalmaq çox vaxt nəticə vermir. Bəzən birlikdə qalmaq uşaqlara boşanmaqdan daha çox zərər verə bilər.

SİA məsələ ilə bağlı araşdırma apararaq sosioloq və psixoloqların fikirlərini öyrənib.

Psixoloq Zeynəb Eyyubova məsələnin psixoloji yanlarına toxunaraq öz fikirlərini bu cür qeyd edib: “Bu gün ən çox səhifəmizə gələn və bizə müraciət edən xanımlarımızın bir sualını müzakirə etmək istəyirəm. Sual odur ki, övlad dünyaya gətirdim, 9 ay əziyyət çəkdim. Bilirsiniz ki, hamiləliyin çətin tərəfləri də var və övladımı dünyaya gətirəndən sonra “sağ ol”, “təşəkkür” yerinə bir tənqid atəşinə tutuldum, evdə hər şey pisdir, xoşbəxt deyilik, hər gün davadır. Övlad dünyaya gələndə daha çox bir mehriban ailə olmaq yerinə bizdə hər şey daha problemlidir. Birinci bunun səbəbi siz övladı valideyn olmaq üçün dünyaya gətirirsiniz, amma övlad sizin yaşıl kartınız deyil ki, o sizi xoşbəxt etməlidir. Siz özünüz şəxsi xoşbəxt olmalısınız.

Azərbaycan bütün dünyanın yeniliklərinə qoşulur. Bütün dünyada, seriallarda, bloggerlərdə nə görürsə edir. Amma uşaqla bağlı olan heç bir şeyi bizim analarımız etmir. Bu nədir? Uşaq dünyaya gələndən 3-5 yaşına qədər ata ilə ananın yanında yatır, halbuki sizin baxdığınız o seriallarda uşağa balaca bir otaq da olsa düzəldirlər. Bunu mən deyən kimi bilirəm hamınız məni tənqid atəşinə tutacaqsınız ki, “yer var, otaq var, hara aparım, özümüz 50 nəfər bir evə sığmışıq”. Balaca otağınızda bir pərdə yeri olsa karniz vurun, pərdə tutun. Seriallardan hər şeyi öyrənirsinizsə, bu dəfə bunu da öyrənin.

İkincisi, uşağımız 4 ay gecə-gündüz yatmadı. Uşağınız normal uşaqdırsa, hansısa bir travmayla, sindromla, pataloji halla dünyaya gəlməyibsə niyə sizin övladınız 4 ay gecə-gündüz yatmır? Hanı sizin pediatrınız, hanı sizin nevroloqunuz, hanı sizin psixoloqunuz? Niyə övlad dünyaya gələn kimi ailənizə bir bomba atılır. Bir övladın məsuliyyətini ana təkbaşına öz üzərinə götürməlidir?

Burada da atalar məni tənqid atəşinə tutacaq. Əziz və özəl atalar, bu xanım bu övladı tək özü üçün dünyaya gətirməyib. Sabah uğurlu ailə, şəxs olanda “mənim oğlum”, “mənim qızım” deyəcəksiniz. Niyə bu gün onun məsuliyyətinə siz də qarışmırsınız? Niyə xanımınıza bu barədə kömək etmirsiniz? O uşağın valideynləri var, tək anası yoxdur. Təktərəfli mübarizə, təktərəfli əziyyət sonda o tərəfin məğlub olmasına və ya ruhdan düşməsinə səbəb olar. Hamiləlik dövründən uşaq haqqında bütün məlumatları alın. Normalda uşaq necə olmalıdır, normalda uşağa necə baxılmalıdır.

Hamiləlik başlayan dövrdən cinsi həyat niyə ləğv olunur? Uşaq dünyaya gəldi aylarla ailələrdə münasibət olmur və bu xəyanətlə sonlanır. Qadınları da başa düşürəm. Sual verirlər ki, “kişilərdə bir problem olsa, biz xəyanət edəcəyikmi?” Yox etməyəcəksiniz. Amma hərənin ruhu başqadır. Niyə sizin evdəki uşaq zonanız, cinsi zonanız, başqa həyatınız, gəzməyiniz, qohumlarla rabitəniz tənzimlənmir ki, tərəflərdə daim narahatlıq olur?!”.

Sosioloq Rəşad Əsgərov isə fikirlərini bu cür ifadə edib: “Son illərin statistikasına əsasən, bütün dünyada olduğu kimi, Azərbaycanda da boşanmaların faiz etibarilə artması prosesi daha çox özünü göstərir. Bu proses pandemiya dövründə daha geniş vüsət alııb. Xüsusilə də aşağı yaşlı nikaha girmiş insanlar arasındakı boşanmalar əvvəlki illərdəki kimi yenə də artım tempi ilə gedir. Hər 4-5 nikahda bir nəfər boşanma daha çox özünü göstərir. Bu faizin bu formada artması xüsusilə də qanunvericilikdə və yaxud da məhkəmələrdə boşanma prosesinin çətinləşdirilməsi, uzadılması məsələsini gündəmə gətirir. Bu prosesin çətinləşdirilməsi bəlkə də insanların müəyyən qədər vaxt itirmək baxımından fikirlərini dəyişməsi və yaxud da ki, bu boşanma aktından imtina etməyə gətirib çıxara bilər.

İkinci bir tərəfdən ailə institutu ilə bağlı müəyyən məsələlər və islahatlar aparılmalıdır. Ailələrin həm maddi, həm sosial-mənəvi, həm hüquqi cəhətdən maarifləndirilməsi, ailədaxili problemlərin araşdırılmasında və yaxud da ailədaxili problemlərin aradan qaldırılmasında cəmiyyətdə olan müxtəlif institutlar, icmalar, təşkilatlar və dövlətin müvafiq olaraq icra strukturundakı müvafiq bu sahəyə baxan qurumlar müəyyən qədər yeni yanaşmalar təqdim etməlidirlər ki, bu boşanmaların faizi azalsın. Əgər bu templə, bu ardıcıllıqla proses baş verərsə onda cəmiyyətimizdə natamam ailələrin sayı çoxalacaq, valideynsiz və yaxud da ki, valideyndən məhrum olmuş uşaqların sosial müəssisələrə yerləşdirilməsi prosesi artacaq. Bu isə cəmiyyətin ümumi görünüşünə, cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərəcək. Bunun üçün yaxşı olardı ki, müxtəlif KİV-lər, televiziya kanalları, mətbuat bu sahədə xüsusilə də ailə dəyərlərinin toxunulmazlığı, qorunması, ailələrin sağlam formalaşması istiqamətində müəyyən maarifləndirici verilişlər, roliklər artırılsın, cəmiyyətdə nümunəvi ailələrin reklamının tez-tez televiziyalarda, kütləvi informasiya vasitələrində verilməsi onların bu nümunəvi ailə formulunun müəyyən qədər təşviq olunması gənclər arasında ümumiyyətlə boşanmağa meylli olan ailələr arasında və yaxud da bu prosesə qoşulmuş ailələr arasında müəyyən qədər yanaşmanın dəyişilməsinə gətirib çıxara bilər. Bunun da nəticəsində bu boşanmaya getmiş ailələr, məhkəməyə boşanmaq üçün müraciət etmiş ailələrin sayında azalma ola bilər və bu boşanma faizinin ən yuxarı həddə artmasının əsas səbəblərindən biri də nikaha girənlərin azlığı və eyni zamanda, boşanmaların çoxalması hətta dördün beşə, beşin birə və yaxud da dördün birə nisbətində artmasına gətirib çıxarmışdır.

Biz ümid edirik ki, pandemiya bitdikdən sonra nikaha girənlərin sayında artımın çoxalması boşanma faizinin dinamikasının aşağı düşməsi müəyyən qədər cəmiyyətdə əvvəlki balansın qorunmasına və bu sahədə ailə institutunun daha da möhkəm olmasına şərait yarada bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə