Həbsdən azad olunmuş şəxslərə necə davranılmalıdır? - ARAŞDIRMA

Həbsdən çıxan bəzi şəxslərin qısa zamanda cinayət hadisələrinə qarışması sosial şəbəkələrdə müzakirə mövzusudur. Psixoloqlar həbsdən yeni çıxmış məhbusların cəmiyyətə uyğunlaşmasının vacib olduğunu vurğulayırlar.

Uzun müddət həbsxanada qalan insanların ünsiyyət problemi ola bilər. Həmin şəxslər təxliyə edilərkən onların yenidən cinayət törədib-törətməyəcəyinə nəzarət etmək və bunun üçün psixoloji-sosial dəstək vermək lazımdır.

Bəs onların ailələri, ətrafları bu insanlara qarşı necə davranmalıdır?

Uzun müddət həbsxanada qalan insanlarda empatiya, şəfqət kimi xüsusiyyətlər azala bilər. Onlar ünsiyyətə qapalı olurlar. Bu səbəbdən qohumlarının keçmişə əsaslanaraq tənqidlərini, xüsusən də törətdikləri, cinayətlə bağlı təhdid kimi qəbul edə bilərlər. Bu, onlarda qəzəb püskürməsinə səbəb ola bilər. Nəticə etibarı ilə, bu partlayış onun yaxınları üçün qətl və döyülmə ilə nəticələnə və intihara da səbəb ola bilər.

Həbsxanadan çıxan insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsində QHT-lərin mühüm vəzifəsi var. Xaricdə elə qurumlar var ki, həftədə bir dəfə bu insanları bir araya toplayıb hirslə mübarizə aparıb azadlığa buraxırlar.

Həbs və azadlıqdan məhrumetmə faktının ciddi psixoloji nəticələri var. Onlar bir sıra emosional qavrayış reaksiyaları və təhrifləri inkişaf etdirə bilərlər ki, bunların hamısı həbsxana mühitində emosional gərginlik nəticəsində yaranır. Bundan əlavə, tanış və şəxsi xarici simvolların əlindən alınmasına müqavimət göstərmək üçün harmoniya və möhkəmlik qabiliyyəti tələb olunur.

Bəzi insanlar amnistiya ilə əhv etməni səhv salır. Bəs, bunlar arasındakı fərq nədir?

Amnistiya və əfvetmənin fərqi nədir?

Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Əfvetmə isə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Bəs, həbsdən çıxmış məhbuslar ətraf mühitə necə adaptasiya olmalıdır. Bu, onların psixologiyasına necə təsir edir? Məsələ ilə bağlı olaraq psixoloq, sosioloq və bu üzrə səlahiyyətli şəxslərin fikirlərini öyrəndik.

Psixoloq Zeynəb Eyyubova: “Amnistiya vasitəsilə həbsdən çıxmış insanlara bir növ ikinci şans verilir. Yəni, onlar vaxtından əvvəl həbsdən çıxırlar və artıq onların çox faizi etdiyi əməldən ya peşmançılığı olur, ya da artıq azadlığa çıxıb rahat bir nəfəs almaq istəyirlər.

Onların adaptasiyası, ilk növbədə, çətin olur. Onlar telefonsuz, sosiallıqdan kənar, yaxınlarını görmədən müəyyən məhdudiyyətlər içində qalıblar. Sadəcə, cəmiyyət də bəzən bu şəxslərə bir etiket vururmuş kimi davranır. Misal üçün hər hansı bir iş olanda vakansiya veriləndə vakansiyada, ilk növbədə, məhbusluğu olmamış adama üstünlük verilir və ya onlara bu etiketlərin vurulmaması üçün cəmiyyətdə maariflənmə getməli, onlar psixoloji seanslardan keçməli, həqiqətən artıq problemsiz olduğu araşdırıldıqdan sonra normal işlərə cəlb olunmalı, onlar da normal şəraitdə yaşamalıdırlar. Birinci, onlar özləri özlərini qəbullanmalı, sonra da cəmiyyət artıq onları qəbullanmağa başlamalıdır”.

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı: “Onların həbsdən çıxandan sonra birinci problemləri işlə bağlı olur. Çünki əksərən rəsmi iş yerlərində məhbusluğu olmuş insanın işə götürülməsində məhdudiyyətlər var. Amma nəzərə alsaq ki, indi əmək müqaviləsi ilə işləyən insanlar, yəni, iş yeri rəsmi olmayan insanların əksəriyyəti sərbəst işləyir. Düşünürəm ki, işlə bağlı yəqin problem yaşamazlar. Onların məhbusluq həyatı rəsmiyyətə keçmədən anlaşılmır. Məncə, işlə bağlı elə bir problem yaşamayacaqlar.

Bizim cəmiyyətdə kimin nə üstə məhbus olduğu, dustaq olduğu tez yayılır. Azərbaycan elə böyük ölkə deyil. Həmin məhbus vətəndaşların yaşadığı rayon və şəhərlər elə də böyük deyil. Hamının ətrafı var, çevrə bilir kim nəyə görə dustaq həyatı yaşayıb. Əgər üz qızardıcı bir günahı yoxdursa, tutaq ki, pedofillikdən, təcavüzdən həbs həyatı yaşamayıbsa, onun adaptasiyası da nisbətən rahat olur.

Tutaq ki, yüngül xuliqanlığa, oğurluğa görə və yaxud da mübahisə zəminində kimisə yaralandığına görə bu cür insanların adaptasiya məsələsində hesab edirəm ki, elə də problem yaşanmır. Çünki ətraf bir növ onlara yardımçı olur. Adaptasiya problemi yaşayanlar, məncə, elə törətdikləri cinayətin tərkibinə görə dəyişir. İnsanlar heç vaxt təcavüzçünü, pedofili rahatlıqla qəbul etmir və yaxşı ki, rahatlıqla qəbul etmir, yoxsa bu cür cinayətlər adiləşər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə