Füzuli sürətli inkişaf yoluna qədəm qoyub - MƏQALƏ

Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Füzuli rayonunun ərazisi 1.39 min km2, əhalisi 133,8 min (01.01.2020) nəfərdir. Rayonda 2 şəhər (Füzuli, Horadiz), 11 qəsəbə (yeni salınmış 1-11№-li Qayıdış qəsəbələri), 82 kənd vardı. Kəndləri bunlardır – Alxanlı, Arayatlı, Babı, Mollaməhərrəmli, Aşağı Seyidəhmədli, Şükürbəyli, Araz Dilağarda, Şəkərcik, Şıxlı, Böyük Bəhmənli, Cuvarlı, Çimən, Xələfşə, Dədəli, İşıqlı, Qarğabazar, Yuxarı Yağlıvənd, Yuxarı Aybasanlı, Yal Pirəhmədli, Dilağarda, Dördlər, Qobu Dilağarda, Dövlətyarlı, Qərvənd, Zərgər, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Kürdlər, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Əhmədbəyli, Araz Zərgər, Qarabağ, Murtuzalılar, Gecəgözlü, Üçüncü Mahmudlu, Horadiz, Dördçinar, Hüngütlü, Kərimbəyli, Aşağı Yağlıvənd, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qacar, Divanalılar, Qaraxanbəyli, Qaraməmmədli, İkinci Mahmudlu, Merdinli, Qarakollu, Gorazıllı, Xatınbulaq, Qaradağlı, Saracıq, Yuxarı Rəfədinli, Yuxarı Güzlək, Qoçəhmədli, Arış, Mollavəli, Sərdarlı, Üçbulaq, Govşatlı, Şıxımlı, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Ağbaşlı, Yuxarı Seyidəhmədli, Birinci Mahmudlu, Mirzəcamallı, Ələsgərli, Hüseynbəyli, Seyidmahmudlu, Pirəhmədli, Aşağı Güzlək, Aşağı Rəfədinli, Mandılı, Musabəyli, Bala Bəhmənli, Qorqan.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Rayonda 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi və s. vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17. 6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi. Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub.

Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın yetirməsi Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir.

Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır. Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

1994-cü ildə aparılan uğurlu hərbi əməliyyatların sayəsində rayonun 82 yaşayış məntəqəsindən 23-ü azad edilmiş, bu gün 65962 füzulili doğma yurd-yuvalarında yaşayır. 55038 nəfər məcburi köçkün Bakı şəhəri və Respublikamızın 50 şəhər və rayonunda məskunlaşıb. Füzulidə bu gün ermənilər zəbt etdiyi torpaqlarımızda ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər. Qeyd edək ki, Qarabağ savaşında Füzuli rayonundan 1100-dən çox şəhid, 1550 nəfər əlil, 181 nəfər itkin düşmüşdür. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Müharibənin əsas ağırlığını Qacar, Divanlılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.

2020-ci il oktyabrın 3-dən 17-nədək davam edən bu əməliyyata Azərbaycan Ordusunun generalları – Mais Bərxudarov və Hikmət Mirzəyev rəhbərlik edirdi. Cənub-qərb istiqamətində düşmənə ağır zərbələr endirən ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini və bir neçə kəndi işğaldan azad etdi. Xocavənd istiqamətində də bir neçə kəndi erməni quldur dəstələrindən təmizləyən ordumuz əks-hücuma cəhd edən düşmənin mövqelərimizin içərilərinə doğru irəliləməsinə bilərəkdən mane olmadı. Əvəzində Cəbrayıldan şimala yönələn hərbi birləşmələrimiz düşmənin 12 minlik hərbi qruplaşmasını mühasirəyə aldı. Ermənistan ordusu bölmələrinə sarsıdıcı zərbə endirildi. Canlı qüvvə baxımından böyük itkilər verən düşmən hərbi texnikalarını da döyüş meydanında atıb qaçdı. Təkcə bu əməliyyatda 27 düşmən tankı qənimət kimi ələ keçirildi, onlarla hərbi texnika isə məhv edildi. Nəhayət, oktyabrın 17-də müzəffər Azərbaycan Ordusunun Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərindən mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad edildi. Artıq Zəngilana və Qubadlıya da yol açılmışdı. Uğurla başa çatan Füzuli əməliyyatı ilə ordumuz düşmən üzərində həm də mənəvi-psixoloji qələbə qazandı. Nə Ermənistan hərbi rəhbərliyinin “keçilməz” deyə öyündüyü bir neçə xətdən ibarət müdafiə eşalonları, nə də 30 il ərzində qurduqları yeraltı-yerüstü istehkam və bunkerlər onların köməyinə çatdı. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri düşmən əsgərlərinin müqavimətini, gücünü tamamilə qırdı. Səmada isə PUA-larımız düşmənə səngərlərindən baş çıxarmağa belə imkan vermədi. Düşmənin özünün uydurduğu və uzun illər təbliğ etdiyi “məğlubedilməz erməni ordusu” haqqındakı mif bir neçə gün içərisində elə dünyanın gözü qarşısında da rəşadətli Azərbaycan Ordusu tərəfindən yox edildi. Artıq işğalçı düşmən ordusu Azərbaycan əsgərinin ayaq səslərini eşidən kimi mövqelərini qoyub qaçırdı. Ermənistan ordusunda idarəçilik itmiş, fərarilik kütləvi hal almışdı.

Ordumuzun qalibiyyətindən sonra 16 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Prezident İlham Əliyev dedi:

- Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb. Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyub. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik.

Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır.

Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi. Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11 qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə salınmışdır.

17 oktyabr 2020–ci ildə Füzuli şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Füzuli rayonu

üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!

Şavəli Babayev

Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin direktor əvəzi

Bütün xəbərlər Facebook səhifəmizdə