"Reket jurnalistika" ilə məşğul olanların sonu yaxınlaşır - YENİLİK - MEDİA EKSPERTİ AÇIQLADI

“KİV-dən reketlik məqsədilə istifadə edənlərə qarşı uzun müddət ərzində mübarizə aparılmasına baxmayaraq, təəssüf ki, bu cür hallar yenə də qalmaqda və çoxalmaqdadır. 2021-ci il ərzində də özünü “jurnalist” adlandıran, əslində isə xuliqanlıq, dələduzluq halları ilə məşğul olan şəxslərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının şahidi olduq. Hətta bunlar hədlərini o qədər aşıblar ki, sonda şəhid ailələrinə də əl uzatdılar, onlardan da qazanc götürmək istədilər. Yaxşı haldır ki, hüquq-mühafizə orqanları bu cür şəxslərə qarşı operativ reaksiya verirlər, onları zamanında zərərsizləşdirirlər. Təkcə 2021-ci ilin avqust ayı ərzində 3 nəfər bu cür şəxs saxlanılıb, cəzalandırılıb". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, KİV-dən reketlik məqsədilə istifadə hallarının, sui-istifadə hallarının çoxalmasının səbəblərinə gəlincə, bu səbəblər müxtəlifdir: "Əsas səbəblərdən biri isə texnologiya ilə bağlıdır. İnternet bir texnologiya olaraq KİV-dən sui-istifadəyə münbit şərait yaradır. Yəni, internet üzərində dırnaqarası “KİV qurumu” yaratmaq üçün heç bir ciddi prosedur yoxdur. Cüzi ödənişlə domen adı və hostinq alıb hansısa formatda KİV qurumu yaratmaq mümkündür. Xüsusən sosial şəbəkə platformaları bu cür neqativ niyyətlərin gerçəkləşdirilməsi üçün daha uyğundur. Sosial şəbəkə platformalarında hətta domen və hostinq üçün ödəniş etmək də lazım deyil. İstənilən şəxs özü üçün bir hesab açıb adını KİV qurumu qoya bilir. Aydın olsun deyim ki, burada söhbət hər hansı bir KİV qurumunun sosial şəbəkə platformalarındakı hesabından getmir. İndi fərqli bir təmayül yaranıb. Geniş yayılmış haldır ki, insanlar sosial şəbəkə platformalarında özlərinə hesab açırlar, onu KİV qurumu kimi təqdim edirlər. Bu hallar getdikcə geniş yayılır. Azərbaycanda sosial şəbəkələrin tənzimlənməsinin hüquqi bazası yoxdur. Hüquqi tənzimləmənin olmaması bu platformalarda KİV adından sui-istifadə hallarını stimullaşdırır.

Yaxşı haldır ki, indi Azərbaycanda "Media haqqında" yenin qanun layihəsi hazırlanır. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, MEDİA Agentliyinin kuratorluğu ilə yeni qanun layihəsi hazırlanaraq müvafiq qurumlara təqdim edilib, qanunun müzakirəsi və qəbul edilməsi gözlənilir. Yeni qanun media sahəsində yeni düzən yaradacaq. O cümlədən, onlayn media sferasını da tənzimləməyə şərait yaradacaq. Ümid edirik ki, yeni qanun layihəsinin qəbul edilməsindən sonra media sahəsində neqativ hallara qarşı daha səmərəli mübarizə aparmaq mümkün olacaq. KİV-dən reketlik məqsədilə istifadə edənlər də bunu yaxşı bilirlər. Bilirlər ki, "Media haqqında" yeni qanunun qəbul edilməsi onların ömrünü kəsəcək. Ona görə də çox aktivləşiblər, istəyirlər ki, yeni qanun layihəsi qəbul edilənə qədər qısa müddətli olsa da, öz çirkin hərəkətlərini həyata keçirsinlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...