Zavallı insanlar yenə də taksi axtarışına düşəcəklər - NARAZILIQ - EKSPERT VƏ DEPUTATDAN AÇIQLAMA

“Koronavirusa yoluxma statistikası göstərir ki, şənbə və bazar günləri nəqliyyatın işləməməsi virusun yayılma arealının kiçilməsinə heç bir təkan vermədi. Əksinə, yoluxma sayı sürətlə artır”. Bu sözləri SİA-ya açıqlamasında jurnalist, ekspert Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, həmin günlərdə işləyənlər olur: “Onların işə getməsində problem yaşanır. Digər tərəfdən, bir avtobus 80 insan apara bilir. Bu da ən azı 60-70 maşın deməkdir. Bu hesabla şənbə və bazar günləri şəhərdə tıxacın kəskinləşməsi labüddür. Bütün bunları nəzərə alanda bir daha aydın olur ki, şənbə-bazar nəqliyyatın işləməsinə qadağa qoymaq mənasızdır”.

Məsələ ilə bağlı deputat Fazil Mustafa da münasibət bildirib: “Heç kim əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azala bilər. Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təcili şəkildə təmin edilməlidir. Operativ Qərargah hələ də inadından dönmək istəmir. Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar taksi axtarışına düşəcəklər. Pulu olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın. İnsanlarımız həm maddi, həm də mənəvi sıxıntı yaşayacaqlar. Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdədir, iş yerlərinə də elə bir axın yoxdur. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma riskini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu, profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir, əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz”.

Deputat sözlərinə belə davam edib: “Məsələyə öz komfortundan yanaşanlar anlamalıdırlar ki, bu qərarla eyni vaxtda şəhər ətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da pensiyaçı, əlil boğazından kəsdiyi pulu taksiçiyə verməyə məhkum olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə