Prezidentimizin növbəti diplomatik uğuru - MƏQALƏ

2020-ci il 27 sentyabrda başlanan 44 günlük Vətən müharibəsində Ordumuza şərəflə başçılıq edən Ali Baş Komandanımız həm müharibə dövründə, həm də ondan sonrakı fəaliyyəti dövründə xalqımıza qarşı başlanmış informasiya müharibəsində də qalib gələrək, bizə möhtəşəm bir qələbə qüruru yaşatdı. Bu həm də Azərbaycan xalqının Prezidentinə və Ordusuna olan inamının zəfəri idi. 30 ilə qədərki işğal dövrü ərzində əgər hər dəfə işğal olunmuş ərazilərimizlə bağlı dərslərimizdə bunu şagirdlərimizə böyük bir ürək ağrısı ilə izah edirdiksə, artıq bir vətəndaş kimi çox qürurluyuq. Mənfur qonşularımız bu illər ərzində kənd və şəhərlərimizi viran qoyub. Bu onların həm də bu torpaqla heç bir bağlılığının olmamasından irəli gəlir.

Artıq Prezidentimizin xüsusi göstərişi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanılmışdır. Yeraltı və yerüstü sərvətlərlə zəngin əzəli torpaqlarımızın üzərindəki hüquqlarımızı bərpa etməyimiz regiondakı geosiyasi mövqeyimizi yüksəltməklə yanaşı Azərbaycanı aparıcı söz sahibinə çevirmişdir. 10 noyabrda bağlanan üçtərəfli saziş regiondakı kommunikasiyaların açılması üçün yeni imkanlar yaratmaqla bərabər həm də xarici investorlar üçün əlverişli mühit yaratmışdır. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin dövriyyəsi artmışdır. İşğaldan azad edilmiş ərazilərimizdə 3 beynəlxalq hava limanı inşa edilir. O Füzuli şəhəri ki, ordumuz azad etdikdən sonra bayraq sancmağa bir qurulu, salamat bina tapmamışdı, indi artıq abadlaşır və ilin sonuna qədər hava limanının inşası başa çatacaq. Zəngilandakı hava limanı gələn il, Laçındakı hava limanı isə 2023-cü ildə təhvil veriləcək ki, bununla da ölkə ərazisindəki beynəlxalq hava limanlarının sayı 9-a yüksələcək. Qarabağ və Şərqi Zəngəzurun füsunkar təbiəti bu ərazilərdə həm turizmin, həm də kənd təsərrüfatının inkişafına şərait yaratmışdır. Dünya bankının “Doing Busines” hesabatına əsasən Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir. İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə başlıca maneə düşmən tərəfindən basdırılmış minalardır. 10 Noyabr tarixindən bu günədək 140 nəfər həlak olmuş və yaralanmışdır. Kəlbəcər ərazisində öz vəzifə borcunu yerinə yetirən iki jurnalistimiz də minaya düşərək həlak olmuşdur. Artıq bu gün, yəni 22 iyul tarixində onların ailə üzvlərinə yeni mənzillərin orderləri təqdim edilmişdir. Bu da dövlətin və Prezidentimizin vətəndaşlarına qayğısının təzahürüdür.

Müstəqillik dönəmində Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, sıx əlaqələr qurmuşdur. Bunlardan biri də Avropa İttifaqıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olmuşdur. Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları olmuşdur. Doqquz üzv dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanmış və qəbul edilmişdir. Bəzi ölkələrlə isə ikitərəfli əlaqələrimiz mövcuddur. Ölkəmizin belə bir fəal mövqeyə malik olması səbəbindən üzv olkələrin üçdəbiri onu strateji tərəfdaş hesab edir. Azərbaycanı bu ölkələr üçün önəmli edən həm də mövcud enerji resurslarımızdır. Belə ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması və ötən ilin son günündə Trans-Adriatik kəmərinin istismara verilməsi enerji təhlükəsizliyinin təmin olunması sahəsində atılan ən uğurlu addımlardan biridir. Yanvarın 1-dən bu günədək Avropa İttifaqına üzv olan ölkələrə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana üç milyard kubmetrdən çox təbii qaz ixrac olunmuşdur. Cənub Qaz Dəhlizi layihəsinə yatırılan sərmayə 33 milyard ABŞ dollarından çoxdur. On beş ildən artıqdır ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı neft və qaz təchizatçısıdır və bu əməkdaşlıq yalnız maliyyəyə əsaslanmır. Azərbaycan həm də Avropa üçün prioritet sayılan iki məsələ - iqlim dəyişməsi və rəqəmsal inqilaba xüsusi önəm verir. Elə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə rəsmi səfəri də Azərbaycanın Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli bir tərəfdaş olmasının bariz nümunəsidir. Səfər çərçivəsində o, regionda sülh və əməkdaşlığa öz töhfəsini verməyə, hətta sərhədlərin delimitasiyasında da yaxından iştirak etməyə hazır olduğunu bildirmişdir ki, bu da aparılan uğurlu xarici siyasətin nəticəsidir.

Şəlalə Nəcəfova

234 nömrəli tam orta məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə