Avtomobil tıxacından qurtulmağın ən asan yolu - DİQQƏT! - EKSPERTLƏR ÇIXIŞ YOLU GÖSTƏRDİ

"Tıxac məsələsi tək Bakı üçün xarakterik deyil. Dünyanın böyük ölkələrində belə tıxac problemi var". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, Bakıda tıxac son illərdə formalaşmış bir problemdir: “20-30 il bundan qabaq Bakıda tıxac olmurdu. Tıxacın yaranmaması üçün tədbirlər görülür, əlavə yollar çəkilir. Bununla yanaşı çox səhvlərə də yol verirlər. Digər tərəfdən şəhərdə nizam-intizama əməl etməyən sürücülər də var. Yol polisinin də bu məsələdə kifayət qədər səhvləri var. İstər tıxacın yaranmasında, istərsə də sürücələrlə danışıqda yol polisi müəyyən qədər səhvə yol verir. Yol polislərinin bəziləri sürücələrlə elə danışırlar ki, sanki sürücü neçə ildir axtarışda olan bir məhbusdur. Etik normalarla danışmağa ehtiyac var. Yeri gəldi-gəlmədi yolda maşını saxlatmaq düzgün deyil. Bütün bunların hamısı tənzimlənə bilər. Amma buna elmi düşüncə, yanaşma lazımdır. Təəssüf ki, bu istiqamətdə işlər arzuolunan səviyyədə deyil”.

Mövzu ilə bağlı yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı fikir bildirib: “Tıxac problemi Bakının sağalmaz bir yarasıdır. Tıxac məsələsinin tam həll olunacağını düşünmürəm. Real bir proyekt yoxdur ki, biz ona əsaslanaraq deyək ki, gələcəkdə Bakıda tıxac problemi yaşanmayacaq. Əfsus ki, elə deyil. Gələcəkdə bundan da pis tıxac olacaq. Çünki bu qədər qanunsuz, xaotik fikirlərin qarşısının alınmasından, bir-birinin içində tikilən binlardan, piyada səkilərini zəbt edən obyektlərdən, avtobus dayanacaqlarını zəbt edən dönərxanalardan, apteklərdən danışırıq. Biz bu qədər sözlər deyirik, amma sabah görürük ki, yenə eyni proses davam edir. Yenə bəzi “imtiyazlı” şəxslər heç kimi saymadan yenə də öz işləri ilə məşğuldular və nəqliyyat infrastrukturu ilə bağlı aidiyyatı qurumlar da bəzən onların qarşısında aciz qalır”.

Elməddin Muradlı sözlərinə davam edərək həmçinin qeyd edib ki, Bakını tıxacdan xilas etmək üçün böyük planlar lazımdır: “Həmin planlar da nöqtə və vergülünə qədər icra olunmalıdır. Təəssüflər olsun ki, bizdə elə olmur. Planın sadəcə 30%-i icra edilir. Sürücülər də yol-hərəkət qaydalarına doğru-düzgün əməl etmədiklərinə görə, tıxacın yaranması kimi problemlər ortaya çıxır. Bəzən də piyadalar xaotik hərəkətləri ilə yolda tıxac yaradır. Xüsusən də xəstəxanaların, ali məktəblərin, böyük iaşə obyektlərinin qarşısında bu vəziyyət hökm sürür. Ya bu reallıqlarla barışmalıyıq, ya da başqa cür addımlar atılmalıdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə