İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq

30 ilə yaxın müddətdir ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan son günlərdə qələbə sevincini, zəfər müjdəsini bayram edir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra, nəhayət əzəli torpaqlarını düşmən tapdağından xilas etdi. Təbiidir ki, Zəfər müjdəsinin verildiyi həmin gün hər bir azərbaycanlının bayram günü idi. İllərdir sülh danışıqlarının getməsinə, diplomatik müstəvidə məsələnin həll yoluna çalışılmasına baxmayaraq sonda Azərbaycan, erməni tərəfinin heç bir vəchlə torpaqlarımızı qaytarmaq niyyətində olmadığını anlayaraq “dəmir yumruğu”nu mənfur düşmənə göstərdi və düşmənin belini qırdı. Bu “dəmir yumruq” ilə düşmənin sonsuz təxribatlarının, hədələrinın qarşısı birdəfəlik alındı. Bununla yanaşı, Azərbaycan xalqının mənəviyyatına, heysiyyatına vurmağa çalışılan zərbəyə layiqli cavab verildi.

Ölkə başçısının da dəfələrlə dediyi kimi, Azərbaycan xalqının heysiyyatı ilə oynamaq olmaz. Çünki, Azərbaycan xalqı qürurlu, mərd xalqdır. Xalqımız illərdir ki, Ali Baş Komandanın “İrəli” əmrini gözləyirdi. 44 günlük Vətən müharibəsindən öncə, Tovuz döyüşlərinin getdiyi vaxtda cənab İlham Əliyevin dediyi bir sözlə minlərlə Azərbaycan gənci Orduya könüllü yazılmış və torpaqlarının müdafiəsinə hazır olduqlarını bəyan etmişdirlər. Xatırlatmaq istərdim ki, Vətən müharibəsində də analoji hal yaşanmış, hər bir gəncimiz orduya getməyə hazır olduqlarını bildirmişdir. Əlbəttə ki, biz hər bir Azərbaycan gənci ilə fəxr edirik. Bu gənclər sadəcə Ermənistana deyil, bütün dünyaya Azərbaycanın mərd, qorxmaz bir xalq olduğunu və torpaqlarının işğalı ilə barışmayacaqlarını, ərazi bütövlüyümüz uğrunda hətta canlarını belə heçə sayacaqlarını göstərdilər.

Bugün artıq Azərbaycan qalib ölkədir. Və qalib ölkənin qarşısında duran əsas məsələ, işğaldan azad olunan torpaqlarının bərpasıdır. İllərdir ki, düşmən əsarətində qalan bu torpaqlara can vermək bizim mənəvi borcumuzdur. Beləliklə, hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu bir nömrəli hədəf məhz budur. Ötən günlərdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu məsələ öz əksini tapmışdır. Eyni zamanda, bir çox politoloq tərəfindən də vurğulanmışdır ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Beynəlxalq iqtisadiyyatın da təməl tələblərindən birinə uyğun olaraq investisiya yatıran üçün onun yatırımının minimum risk ilə müşayiət olunması birinci şərtdir. Deməli, hazırda regionda risklərin azaldılması, hətta sıfra endirilməsi xarici investorlar üçün bölgənin cəlbediciliyini artırır. İndi hər bir investor heç bir qorxusu olmadan öz yatırımını Qarabağa qoya bilər və əmin ola bilər ki, Qarabağda onun yatırımı əmin əllərdədir.

44 günlük Vətən müharibəsindən sonra 10 min kvadrat kilometrdən çox ərazi işğaldan azad olunub. Bütün bu ərazilərin infrastruktur, nəqliyyat, logistika layihələri, kənd təssərrüfatı, xidmət sektorları ilə əhatə olunması üçün işlər görülməlidir. Əlbəttə ki, bunun üçün ölkə başçımızın da dediyi kimi dost ölkələrlə əməkdaşlıq edilməlidir. Müharibənin aktiv fazasının bitməsindən cəmi 4 ay keçməsinə baxmayaraq artıq bir çox iri şirkətlərlə, xüsusilə də türk şirkətləri ilə müqavilələr imzalanmışdır. Yəqin etmək olar ki, çox da uzun zaman keçmədən Azərbaycan işğaldan azad etdiyi torpaqların bərpasını da yekunlaşdıracaq.

Təkzib olunmaz faktdır ki, Azərbaycanın hər bir bölgəsi kimi, işğaldan azad edilmiş ərazilərimiz də zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Biz bu sərvətlərdən səmərəli istifadə etməklə iqtisadiyyatımızın geniş spektrli şaxələndirilməsinə nail olacaq, davamlı inkişafa böyük töhfələr verəcək, turizm imkanlarımızı artıracaq, Qarabağ bölgəsini cənnət məkana çevirəcəyik. 30 il əvvəl zor gücü ilə torpaqlarından didərgin salınan əhali “Böyük Qayıdış”ı həyata keçirəcək və əvvəlkindən də daha böyük həvəslə doğma ata-baba torpaqlarında qurub yaradacaq, yaşayacaqdır. Bizim “Böyük Qayıdış”ımızın həm tarixi, həm siyasi, həm də sosial-iqtisadi mahiyyəti artıq hər kəsə məlumdur. Bu qayıdışın Azərbaycan xalqı üçün çox böyük mənası vardır. Sadəcə I Qarabağ müharibəsinin deyil, 44 günlük Vətən müharibəsinin də şəhidlərinə ehtiram üçün biz o torpaqlarda yaşamalı, o torpaqları göz bəbəyimiz kimi qorumalı və inkişaf etdirməliyik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

Fazil Məhəmmədov

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...