Qarabağ tarixinin nadir faktları: XIII əsrin Laçın gümüş dirhəmləri
Müsahiblərimiz Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və Qərbi Kaspi Universitetinin “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirovdur.
C.M.: Hörmətli müsahiblərim! Sizləri salamlayıram.
Ötən ilin 27 sentyabr – 10 noyabr tarixlərində Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi güclü siyasət və Azərbaycan ordusunun gücü nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edildi. Əldə edilən şanlı qələbə Qarabağ ərazisinin müxtəlif tarixi mərhələlərinə bir daha nəzər salmağı aktuallaşdırdı.
Ötən söhbətimizdə çox maraqlı tarixi fakt – Milli Azərbaycan Tarixi Muzeyində qorunan Qarabağ sözünün həkk edildiyi XIV əsr gümüş dirhəmindən danışdıq. Bu gün elə bu istiqamətdə müsahibəmizi davam etdirmək istəyirəm.
Məlumdur ki, tariximizin tədqiqində bir sıra faktlar, o cümlədən numizmatik tapıntılar önəm kəsb edir. Tarixdə yox olmuş dövlətlər, şəhərlər, yaşayış məskənləri məhz numizmatik araşdırmalarla müəyyən edilir, aşkar edilir. Azərbaycanın Qarabağ bölgəsinin məlum və qeyri-məlum yaşayış məskənləri yerli və tarixi əsərlərdə işıqlandırılıb. Bu bölgənin maraqlı numizmatik faktları vardır.
Aygün xanım! Bugünkü müsahibəmizi Qarabağ bölgəsinin orta əsr numizmatikası, həmçinin şəhər-zərbxanaları barədə məlumatlara həsr etmək istərdim...
A.M.: Sizi salamlayıram və cəmiyyətin marağına səbəb olan, önəmli mövzulara müraciət etdiyiniz üçün təşəkkür edirəm.
Azərbaycanın hər bir bölgəsi bizə əzizdir. 44 günlük müharibədə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə hər bir vətəndaş kimi, mən də xəbərləri diqqətlə və həyəcanla izləyirdim...
Şəhidlərin qanı hesabına qazanılan azadlıq xəbəri hamımızı sevindirdi...
Qarabağ numizmatikasının müxtəlif dövrləri həm yerli, həm də xarici tədqiqatlarda müəyyən qədər araşdırılsa da, müasir dövrümüzdə belə nəticələrə yenidən baxmaq vacibdir. Çünki gənc nəsil yalnız bu bölgənin tarixini dərindən bilməklə mənfur düşmənlərin torpaq iddialarına ləyaqətlə cavab verə bilər.
Mən bugünkü müsahibəmizdə Laçın zərbxanası barədə danışmaq istəyirəm...
Azərbaycan Respublikasının cənub-qərbində, Həkəri çayının sol sahilindəki dağlıq ərazidə yerləşən Laçın rayonu zəngin tarixi keçmişə malikdir.
Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları ilə həmsərhəd olan Laçın rayonu strateji mövqedə yerləşir.
Laçın rayonunda zərbxananın fəaliyyətini sübut edən yeganə və nadir numizmatik faktlar – XIII əsrin 40-cı illərinə aid gümüş dirhəmlərdir. Bu zərbxananın fəaliyyəti tarixi əsərlərdə “Fars monqolları” adı ilə təqdim olunan Çingizilər dövrünə aid numizmatik tapıntılarla təsdiq edilir.
C.M.: Çox dəqiq vurğuladınız... Sülalənin təsisçisi Çingiz xan olduğu üçün dəqiq olaraq bu sülaləni məhz Çingizilər adlandırmaq daha məntiqə uyğundur. Laçında gümüş sikkələr zərb edilib? Çox maraqlıdır.... Buyurun, davam edin...
A.M.: Ötən əsrin numizmatik araşdırmalarına əsasən, Laçın zərbxanasının adı olan gümüş dirhəmlər Çingizi hökmdarı Turakinə xatun dövründə zərb edilmişdir.
C.M.: Aygün xanım, maraqlı məlumata görə sağ olun. Mən sualımı Nurlan müəllimə ünvanlamaq istərdim. Siz tarixçi-pedaqoq olaraq orta əsr Azərbaycan tarixini gənc nəslə tədris edirsiniz. Çingizilər dövrünün inzibati ərazi bölgüsünə əsasən Azərbaycanın ərazisinin hüdudları barədə nə deyə bilərsiniz?
N.N.: Suala görə sağ olun. Azərbaycanın orta əsr tarixinin, Qarabağ bölgəsinin tarixi faktları, tarixşünaslığına yeni prizmadan yanaşılmalıdır.
Yazılı mənbələrə istinadən tədqiq edilmiş tarixi məlumatlara əsasən, Çingizilər dövrünün ərazi bölgüsünə əsasən Azərbaycana beşinci ulusa daxil edilmişdi. Çingizilər dövrünün inzibati ərazi bölgüsünə əsasən bu sülalə hökmdarlarının, yəni qaanların yaşadığı ərazi “uluq yurd” adlanırdı. İmperiyanın mərkəzi olan Qaraqorum başlıca idarəetmə mərkəzi idi. Qoşunların idarəetmə mərkəzi isə “Ordu balık” adlı ərazidə yerləşirdi.
“Uluq yurd”da yaşayan Çingizi sülaləsi nümayəndələri “uluq mənqıl” adlanırdılar. Çingiz xanın oğlu, monqol qoşunu rəhbəri Toluy xan “uluq noyon” (ulu noyon) tituluna malik idi.
Çingiz xanın təsis etdiyi qanunlara əsasən, imperiyada hakimiyyəti yalnız onun nəsil nümayəndələri – oğlu və ya nəvəsi idarə etmək hüququna malik idi. Bu sülalənin başçıları ali qurultayda seçilirdilər. Yeni hökmdar əmrlər, təyinatlar, sərəncamlar vermək hüququna malik idi və o, şəxsən özü əmrlərin icrasına nəzarət edirdi.
C.M.: Çox sağ olun Nurlan müəllim.
Aygün xanım! Siz qeyd etdiniz ki, Laçın zərbxanası XIII əsrin 40-cı illərində fəaliyyət göstərib. Bəs belə gümüş sikkələr harada qorunur?
A.M.: Numizmatik araşdırmalara əsasən, Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında və Gürcüstan Dövlət Muzeyinin müvafiq fondlarında Laçın gümüş dirhəmləri saxlanılır. Belə dirhəmlərin üst tərəfinə əlində dartılmış yay olan atlı, atın ayaqları altında isə it, dirhəmin arxa tərəfinə isə ərəbcə “Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın elçisidir”, 1-ci sətirdən yuxarıda ərəbcə: “Laçın” sözləri həkk edilmişdir.
Gürcüstan Dövlət Muzeyində qorunan Laçın gümüş dirhəminin üst tərəfinə atlının başı üzərinə türk dilində ərəb sözləri - “uluğ mənqıl ulus bəg” həkk edilmişdir.
Xüsusi qeyd etməliyəm ki, Laçın zərbxanasının gümüş dirhəmlərində zərb ili və hökmdar adı yoxdur və belə dirhəmlərdəki “uluq mənqıl ulus bəg” sözləri müxtəlif numizmatik yozumlarla təqdim edilmişdir.
C.M.: Çox maraqlıdır. Belə dirhəmlərin çəkisi nə qədərdir?
A.M.: Numizmatik tədqiqatlara əsasən, 2,1 – 2,6 qramdır.
C.M.: Nurlan müəllim bəs belə sikkələrin ilk araşdırıcıları kimlər olub? Aygün xanım dedi ki, Laçın dirhəmlərinə “uluğ mənqıl ulus bəg” sözləri zərb edilib. Bu sözlərin anlamı necədir?
N.N.: İlk dəfə belə sikkələr XIX əsrin tədqiqatlarında araşdırılmışdır. Rusiya Arxeologiya Cəmiyyətinin üzvü A.Q.Qaqarin bu sikkələri Səlcuqlulara aid edərək, Uluş bəy dövründə zərb edildiyini yazmışdır. Fransalı numizmat V.Lanqlua isə belə sikkələrdəki yazılarla əlaqədar dəqiq nəticə əldə edə bilməmişdir.
Tədqiqatçılar - V.V.Qaqarin. İ.A.Bartolomey, Stenli Len Pul Turakinə xatun dövrünə aid sikkələri araşdırıblar.
Mənbəəşünasların məlumatlarına əsasən, Uqedey kaanın hakimiyyəti dövründə (1229 - 1241) əmir Korgöz İran, Azərbaycan, Gürcüstan, “Ərminiyyə” və Diyarbəkirə canişin təyin edilmişdir. Hicri 639 = 1241-ci ildə Uqedey kaan dünyasını dəyişdikdən sonra, hicri 641 = 1243 – 1244-cü ildə Turakinə xatunun əmri ilə əmir Korgöz qətlə yetirilmiş və onun vəzifəsi əmir Arğun akaya həvalə edilmişdir.
“Uluğ mənqıl ulus bəg” sözləri olan gümüş dirhəmlərin zərbinə hicri 642 = 1244-1245-ci ildən başlanılmışdır. Beləliklə, əmir Arğunun hakimiyyəti dövründə Azərbaycanın da daxil olduğu beşinci ulus ölkələrinin pul dövriyyəsində belə sikkələrdən iştirak etmişdir. Tədqiqatçı Stenli Len Pulun fikrincə, belə sikkələr hakimiyyəti ələ almağa çalışan Turakinə xatunun rəqibləri dövründə zərb edilmişdir.
C.M.: Deməli, Laçın gümüş dirhəmlərində hökmdar adının olmaması dövrün siyasi hadisələri ilə də əlaqədar olmuşdur...
Bildiyimiz kimi, Laçın rayonu zəngin təbii sərvətlərə malikdir. Bəhs etdiyiniz gümüş dirhəmlər də bu fikri bir daha təsdiq edir...
A.M.: Haqlısınız... Hicri 642 = 1244-1245-ci ilin Cənubi Qafqaz və İranda, o cümlədən Laçında istehsal edilmiş gümüş dirhəmlərinin yazıları və zərb texnikası əvvəlki dirhəmlərdən keyfiyyətcə yüksəkdir.
Azərbaycan numizmatikasının banisi, AMEA-nın müxbir üzvü, t.e.d., professor Yevgeni Paxomovun (1885 - 1965) fikrincə, belə dirhəmlərdəki “ulus bəy” titulu ilə ulus qoşununun rəhbəri və ya canişini təqdim edilmişdir. T.e.d., professor M.Seyfəddini isə bu titulu yalnız ulus canişininə aid edərək, mənbələrdə qoşun rəhbərinin “noyon əl-əzəm” (əzəmətli noyon) adlandırıldığını bildirmişdir.
C.M.: Nurlan müəllim! Tarixi araşdırmalara əsasən, sikkələrdə hökmdar adının olmaması hansı səbəblərlə izah edilir?
N.N.: Məlumdur ki, orta əsrlərdə sikkə zərbi hüququ yalnız dövlət başçısına məxsus idi. O, dünyasını dəyişdiyi təqdirdə, yeni hökmdar seçilənə qədər, hakimiyyəti hökmdarın böyük oğlunun anası idarə edirdi.
Hicri 639 = 1241-ci ildə Uqedey qaan dünyasını dəyişdikdən sonra imperiyanı idarə edən onun həyat yoldaşı Turakinə xatun öz tərəfdarı Arqunu Azərbaycana və qonşu vilayətlərə müvəqqəti canişin təyin etmişdi.
Turakinə xatun müvəqqəti idarəçi olduğu üçün öz adını sikkələrə həkk etmə hüququna malik deyildi. Bu səbəbdən də Laçın gümüş dirhəmlərinə hökmdar adı deyil, “uluğ mənqıl ulus bəg”, yəni “Monqol ulusunun ulus bəyi” sözləri həkk edilirdi.
C.M.: Çingizilər dövründə digər Azərbaycan şəhərlərində də zərbxanalar var idimi?
A.M.: Bəli. Laçın zərbxanasından əlavə hicri 642 = 1244 - 1245-ci ildə Təbriz, Naxçıvan, Gəncə, Bakı, Tiflis, Varsan (Xəzər dənizinin şimali-qərb sahilləri), Kiran (Ordubad rayonu yaxınlığında yaşayış yeri, yerli sakinlər “xaraba Gilan” və ya “xaraba Kiran”) zərbxanalarının da fəaliyyət göstərdiyi numizmatik faktlarla təsdiq edilir.
92,5 əyarlı gümüşdən zərb edilən belə dirhəmlərin 10-a yaxın tipi məlumdur. Belə dirhəmlərin ümumi görünüşü bənzər olsa da, hər birində atın ayaqları altına fərqli heyvan təsviri (ilan, əjdaha, it) zərb edilmişdir.
C.M.: Laçın dirhəmlərindəki ovda olan atlı, atın ayaqları altında qaçan it həm də monqolların əsas məşğuliyyətinin ovçuluq olduğunu da sübut edir. Deməli, numizmatik tədqiqatlar həm də hərb sənəti haqqında məlumat verir.
Nurlan müəllim! Söylənilənlərə yekun vuraraq, uyğun dövrün ticarət əlaqələri barədə ne deyə bilərsiniz?
N.N.: XIII – XIV əsrlərdə Avropanı Hindistan, Çin və Mərkəzi Asiya ilə birləşdirən əsas ticarət yolu – dəniz ticarəti yolu - Xəzər dənizinin şimal sahilləri ilə keçərək Krım limanlarına, karvan yolu isə Venqriya və Polşayaya qədər gedib çıxmışdır.
Azərbaycana göndərilən monqol canişinlərinin əsas istiqamətlərindən biri də Təbriz şəhəri idi. Monqol işğalı nəticəsində tarixi Azərbaycan şəhəri olan - Marağa əhəmiyyətini itirmiş və məhz Təbriz şəhəri paytaxt statusu qazanmışdı.
Cənubi Qafqaz ərazisində tapılmış sikkə dəfinələrində Çingizi sikkələrinin Səlcuqi, Ortuki, Hülakü sikkələri ilə birgə tapılması belə sikkələrin uyğun dövrün ticarət əlaqələrində birgə dövr etdiyini sübut edir.
Müasir dövrümüzdə aşkarlanan yeni numizmatik tapıntılar qeyd etdiyimiz problemə yenidən baxmağı, vacib dövlətçilik atributu olan sikkələrin təyinatını müəyyən etməklə siyasi - iqtisadi əlaqələri açıqlamağı zəruri edir.
C.M.: Aygün xanım! Siz də bir numizmat olaraq fikrinizi bildirin zəhmət olmasa.
A.M.: Numizmatik tədqiqatlar nəticəsində hicri 642- 643 = 1244-1246-ci illərdə, yəni Göyük xan hakimiyyətə gələnə qədər, Cənubi Qafqaz və İran zərbxanalarında dirhəm, 1/2 dirhəm və 1/4 bir dirhəm adlı nominalları zərb edildiyi müəyyən edilmişdir.
Qaraqorum imperiyasının mərkəzindəki siyasi vəziyyətlə əlaqədar olaraq hicri 643-cü (1245-1246) ildən dirhəmlərə həm də ərəbcə “qaan əl-adel” (ədalətli qaan) sözlərinin həkkinə başlanılmışdır. Məhz bu ildən etibarən Turakinə xatunun dəstəyi və qurultayın qərarına əsasən Göyük xan (1246-1248) Çingizilər imperiyasının hökmdarı elan edilmişdi. Lakin yenə də dövrün siyasi hadisələri səbəbindən 1241-1246 və 1248 – 1251-ci illərin sikkələrində hökmdar adı zərb edilmirdi. XIII əsrin I yarısında Azərbaycanda 35-dən artıq zərbxana fəaliyyət göstərirdi. Azərbaycanlı numizmat alim, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəbli müsahibədə bəhs etdiyimiz Çingizi dirhəmlərini “işğal zərbi” adlandırmışdır. Məhz belə zərbi təsdiq edən faktlar - dövrümüzədək gəlib çatan Laçın dirhəmləridir. Bununla da XIII əsrin pul dövriyyəsində gümüş dirhəmin əsas sikkə nominalı olduğu məlum olur.
Məlumdur ki, müasir dövrümüzdə bir sıra arxeoloji qazıntılarda və ya təsadüfən aşkarlanan sikkələr yalnız muzeylərə və ya mütəxəssislərə təqdim edildikdə layiqli dəyərə sahib olur. Lakin çox təəssüf ki, bəzi hallarda belə tapıntılar qeyri-peşəkar və ya numizmatikadan anlayışı olmayanların əlinə keçir.
C.M.: Laçın rayonunun tarixi dəyərini büruzə verən numizmatik məlumatları təqdim etdiyiniz üçün Sizə təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram!
Bütün xəbərlər Facebook səhifəmizdə