Şəhid Səbuhinin həyat hekayəsi...

Unudulmaz qəhrəmanlıq məfkurəsi!!!...

Vətən sevgisi – uğrunda özünü qurban edən oğullara əbədi, müqəddəs bir ucalıq qazandıran yeganə sevgidir! Şəxsi ləyaqətə, təmiz vicdana və yenilməz qürura sahib olmaq isə, bilavasitə, Vətənə məhəbbətdən qaynaqlanır. Vətənə məhəbbət – çox müqəddəs, əlçatmaz və ən ali bir dəyərdir! Əsl vətəndaş üçün Vətən anlayışı, elə azadlığın özü deməkdir!

Azərbaycan xalqı zəngin, fəxarətlə dolu tarixi keçmişə malik olan bir xalqdır. Xalqımızın şanlı hərb tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait, mühit qəhrəmanlar yaradır, qəhrəmanlar isə öz xalqının tarixini formalaşdırır. Öz Vətən sevgisi, qüruru, vüqarı və ölməzliyi ilə bizə örnək olan Səbuhi Əliyev kimi...

Haqqında söhbət açacağım növbəti şəxs, xalımızın igid oğlu, öz ömrünü Vətənimiz Azərbaycan üçün yaşayıb, Azərbaycan üçün də fəda etməyi bacaran Əliyev Səbuhi Teyyub oğlu olacaq. Möhtəşəm ürəyə sahib olan və olduqca yaxşı insan kimi yaddaşlarda qalan nur üzlü şəhidimizin həyat yolu qısa olsa da, gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir!

Səbuhi, düşmən işğalı altında olan tarixi torpaqlarımızın nə vaxtsa azad olunacağını ümidlə gözləyər, bu nisgili ürəyində gizli saxlayar və daxili dünyasında Vətən həsrəti ilə yaşayardı. Bu ədalətsizliyə dözə bilməz, için-için əzab çəkərdi. Torpağın Vətən olması üçün düşmənlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır! Məhz, düşmən üzərində qazanılacaq bu qələbənin şahidi olmaq Səbuhinin ən ümdə arzusu, ən böyük amalı idi! Səbuhinin sözünün əvvəli də, axırı da Vətən idi. Onu tanıyan hər kəs bilir ki, şəhidimiz həmişə Vətəni sevməyi, onu qorumağı və uğrunda şəhid olmağı bir vətəndaş kimi özünə şərəf borcu sayardı!

Bu dəfəki səfərim, yenə də Beyləqan rayonunun Orta Əlinəzərli kəndinə oldu. Ziyarət etdiyim bütün şəhid ailələrində olduğu kimi, doğma el-obamın, qohumlarımın içində sayılıb-seçilən, qəlbimdə xüsusi bir yeri olan Teyyub əmimin də ailəsində çox mehriban qarşılandım və bir neçə saat səmimi söhbət etdik. Olduqca sadə, zəhmətkeş və qonaqpərvər ailə üzvlərinin əhatəsində şəhidimizlə bağlı kövrək, acılı-şirinli xatirələrimizi bölüşdük...

İllərlə məni düşündürən, lakin bu günə kimi cavabını tapa bilmədiyim bir sualı bu ailədə olduğum zaman da öz-özümə verdim. Niyə şəhid ailələri, şəhid valideynləri bir-birinə daha çox oxşayır? Niyə bu ailələr bu qədər mehriban, bu qədər qonaqpərvər və bu qədər ürəyiaçıqdır?

Sirlərlə dolu olan dünyamızın çox mürəkkəb sınaqlarının, insanları imtahan edən fələyin dözülməz gərdişinin və sonu görünməyən çarəsizliyin izini, daha dəqiq desəm, elə, ümidsizliyin özünü gördüm bu ailədə!

Övladı haqqında danışanda qəhərlənən, bəzən də, bunu gizlətməyə çalışan Teyyub əmimin üzündə, ürəyi oğul həsrəti ilə yanan, xatirələri dünyaya sığmayan, lakin bu barədə söhbət edərkən kövrəlib danışmaqda çətinlik çəkən Raziyyə anamın gözlərində bütün şəhidlərimizin nisgilini gördüm.

Ömrünü, hər şeyini övladına həsr edən, onu böyüdüb, ərsəyə yetirən, lakin doyunca sevib-oxşamağa belə macal tapmayan, kövrək, oğul həsrəti ilə alışıb-yanan şəhid valideynləri ilə qarşı-qarşıya həmsöhbət olmaq mənin üçün, həm şərəf, həm də, olduqca çətindir!

Bu cür ailədə böyümüş, Vətəninə ləyaqətlə xidmət etmiş və xalqının qəhrəman oğlu kimi tarixə düşmüş bir insanın keçdiyi həyat yolu haqqında yazı hazırlayıb oxucuların diqqətinə çatdırmaq mənim üçün qürurverici və məsuliyyətli bir işdir!

Əliyev Səbuhi Teyyub oğlu, 07 avqust 1983-cü ildə oğuz yurdu, qəhrəmanlar diyarı olan Qədim Beyləqan rayonunda, öz qanı ilə tarix yazan igidlər elində - doğma Əlinəzərli kəndində dünyaya göz açmışdır. 1990-cı ildə Beyləqan rayonu, şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini uğurla başa vurmuşdur.

2001-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş və 2003-cü ildə ordu sıralarından tərxis edilərək, ehtiyata buraxılmışdır.

Səbuhi Əliyev 16 oktyabr 2007-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müddətdən artıq hərbi xidmət keçmək üçün kursa qəbul olmuşdur. 25 yanvar 2008-ci ildən başlayaraq, “N” saylı hərbi hissədə top komandiri kimi xidmətini davam etdirir. Bir müddət sonra, 23 dekabr 2009-cu ildə “N” saylı hərbi hissənin 4-cü motoatıcı taborunun minaatan batareyasında minaatan komandiri vəzifəsində xidmətini davam etdirir. Daha sonra, o, 07 noyabr 2010-cu ildə xidmətini “N” saylı hərbi hissədə top komandiri kimi davam etdirmişdir. Səbuhi, 30 yanvar 2016-cı il tarixindən etibarən, “N” saylı hərbi hissədə sürücü kimi xidmət göstərmişdir. 23 noyabr 2016-cı

ildən etibarən isə, “N” saylı hərbi hissənin həmlə taborunun 1-ci həmlə bölüyündə sürücü kimi öz xidməti fəaliyyətini davam etdirmişdir.

Səbuhi Əliyev 31 yanvar 2017-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində gizir hazırlıq kursuna daxil olmuşdur. 25 aprel 2017-ci ildə gizir kimi fəaliyyət göstərmək üçün, “N” saylı hərbi hissənin 2-ci motoatıcı taborunda texnik kimi xidmətə başlamışdır. 12 oktyabr 2017-ci ildən isə, “N” saylı hissənin həmlə taborunun 1-ci həmlə bölüyündə texnik kimi xidmət göstərməyə başlamışdır. 24 iyun 2019-cu ildə “N” saylı hərbi hissənin 4-cü motoatıcı taborunda döyüş maşın komandiri heyət rəisi vəzifəsində xidmətini davam etdirir.

26 oktyabr 2019-cu ildən başlayaraq, “N” saylı hərbi hissənin 3-cü tabor, 8-ci bölük döyüş maşın komandiri heyət rəisi vəzifəsində xidmətini davam etdirmişdir.

Qürurverici haldır ki, hərbi hissə rəhbərliyi gizirlik kursuna seçim edərkən, 10 nəfər hərbi qulluqçu arasından namizəd kimi, məhz Səbuhini seçmiş və həmin kursa göndərilmişdir.

Bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, Səbuhi Əliyev hərbi xidmət keçdiyi bu illər ərzində, yalnız ön cəbhədə, düşmənə yaxın təmas xəttində qulluq etmişdir. O, Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarında yerləşən hərbi hissələrin düşmənə daha yaxın olan mövqelərində xidməti vəzifəsini ləyaqətlə yerinə yetirmişdir.

Şəhid qardaşım hərbçi kimi xidmətdə olduğu müxtəlif vaxtlarda, ardıcıl olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90, 95 və 100 illiyi münasibətilə təsis edilmiş “Yubiley” medalları və “Qüsursuz xidmətə görə ” medalı ilə təltif edilmişdir.

Bütün bunlardan əlavə olaraq bildirmək istəyirəm ki, Əliyev Səbuhi nizam-intizamına, qüsursuz xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən müxtəlif vaxtlarda çox sayda diplom və fəxri fərmanlarla da təltif edilmişdir.

Onu da qeyd edim ki, şanlı hərb tariximizə “dörd günlük müharibə” kimi daxil olmuş haqq savaşımızda Səbuhinin də özünəməxsus xidmətləri olmuş və bu mübarizədə bir çox uğurlara imza atmışdır. Lələtəpə yüksəkliyinin düşmən əsarətindən azad olunmasında Səbuhinin də müstəsna xidmətləri olmuşdur! Həmin döyüşlərdə o, düşmənə sarsıdıcı zərbələr endirmiş, şəhid qardaşlarımızın qisasını artıqlaması ilə almışdır! Hər kəsin gözü qarşısında Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ədalət tərəfdarı olmasını, xalqımızın həmrəyliyini, Ordumuzun gücünü və qələbə əzmini bir daha göstərdi.

Lakin hələ də, torpaqlarımızın bir hissəsi düşmən əlində qalmaqda davam edirdi. Azğın düşmənə layiq olduğu yeri göstərməyimizə isə, çox az qalmışdı. Artıq, həmin tarixi gün yaxınlaşmaqda idi. Hamı kimi, Səbuhi qardaşım da möhtəşəm Qələbə gününü səbrsizliklə gözləyirdi! Nəhayət, onun illərlə gözlədiyi, həmişə arzuladığı həmin o tarixi gün gəlir! Bütün bəşəriyyətə səs salan Vətən Müharibəsi başlayır!

Vətən Müharibəsi başlayanda digər qəhrəman hərbçilərimiz kimi, Səbuhi də xidməti vəzifəsini yerinə yetirirdi. 27 sentyabrdan, müharibənin ilk günündən Səbuhi də xidmət etdiyi hərbi hissənin tərkibində mənfur düşmənə qarşı mübarizəyə qoşulur. Onun döyüş yolu Füzuli rayonu istiqamətindən başlayır. Tabeçiliyində olan “BTR” hərbi döyüş maşını ilə 11 gün ərzində fasiləsiz olaraq erməni faşistləri ilə mübarizə aparmış, onların çox sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Şahidlərin dediyinə görə, müharibənin ən qızğın vaxtlarında, 2020-ci il oktyabr ayının 3-də şəhid qardaşımın rəhbərlik etdiyi “BTR” hərbi döyüş maşını düşmən mərmisinə tuş gəlir və şəxsi heyət müxtəlif dərəcəli bədən xəsarətləri alır, lakin buna baxmayaraq cəsur döyüşçülər yenidən döyüşlərə qatılır və düşmənə qarşı mübarizələrini davam etdirirlər. Vətən Müharibəsinin 11-ci gününə qədər qəhrəmanımız yorulmadan, qorxu bilmədən döyüşlərdə iştirak edib. Çox təəssüflər olsun ki, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüş Səbuhinin iştirak etdiyi sonuncu döyüş olur. Məhz, bu mübarizə zamanı, 07 oktyabr 2020-ci ildə, fasiləsiz olaraq 15 il Vətəninə ləyaqətlə xidmət etmiş qardaşım şəhadət şərbətini içərək, əbədiyyətə qovuşur. Şəhidimiz 08 oktyabr 2020-ci ildə Beyləqan rayonu ərazisində yerləşən Cərcis Peygəmbər ziyarətgahının ətrafındakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Minlərlə vətənpərvər insan izdihamı və müqəddəs üçrəngli bayrağımızın müşayiəti ilə son mənzilə yola salındı qeyrətli Vətən oğlu. Həmin gün mən də xalqımızla bərabər bu faciənin canlı şahidi idim. Valideynlərinin öz şəhid övladını necə qürurla, necə hörmətlə qarşılayıb yola saldığını hamı kimi mən də izlədim. Onların bu cür hərəkətlərini gördükcə, bir daha xalqımla, belə gözəl ürəyə sahib olan insanlarla fəxr etdim.

Nəzərinizə çatdırmaq istəyirəm ki, şəhidimiz Səbuhi Əliyev ailəli idi. Vətənimiz üçün iki oğul övladı əmanət edərək, haqqa qovuşub!

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin sərəncamları ilə, Əliyev Səbuhi ölümündən sonra, müvafiq olaraq, “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidimizin atası Teyyub Əliyevin xatirələri: Səbuhi bizim ilk övladımız, gözümüzün nuru, ürəyimizin ilk sevinci idi. Ailəmizdə onun özündən başqa bir qardaşı və bir bacısı da var. Uşaqlıqdan idmanla məşğul olar, sağlam həyat tərzi keçirdər, zərərli vərdişlərdən uzaq gəzərdi. Çox tərbiyəli, sakit təbiətli, səmimi və düzgün insan idi. O, halal zəhmətlə yaşamağa hələ körpəlikdən uyğunlaşmışdı.

Onun ən böyük arzusu təyyarəçi olmaq idi. Hələ o, uşaq olanda pambıq sahələrinə zərərvericilərə qarşı mübarizə məqsədilə dərman səpən təyyarənin pilotuna yaxınlaşıb, ondan təyyarə ilə uçmağı xahiş etmişdi. Pilot Səbuhinin sözünü yerə salmayıb, onunla razılaşsa da, mən buna etiraz etmişdim.

Bir sözlə, bütün həyatım onunla bağlı idi! Səbuhinin birdəfəlik gedişi ilə, mən də hər şeyimi itirdim. O, mənim, həm oğlum, həm ən yaxın dostum, həm də, ən etibarlı sirdaşım idi. Hər kəs onu çox vətənpərvər, xalqına və dövlətinə bağlı bir insan kimi tanıyırdı. Oğlumla qürur duymaqla yanaşı, ona qibtə də edirdim. Çox seçilmiş insan idi. Şəxsən mən Səbuhinin yaşında olanda onun etdiyi hərəkətlərin heç birini edə bilməzdim. Onunla aramızda çox söhbətimiz olub, amma bu gün heç kimlə onunla etdiyim kimi səmimi, mehriban söhbəti edə bilmirəm. O, həmişə mənə yol göstərər, bütün çətinliklərimdə yanımda olardı. Deyirdi ki, bizi min bir əziyyətlə, zülmlə böyütmüsünüz, sizin haqqınızdan çıxa bilmərik. Valideynlərinə, qardaşına, bacısına və bütün qohumlara qarşı istiqanlı, mehriban idi. Hərb sənətini özü seçmişdi, vurğunu idi bu sahənin. Hər dəfə xidmətdən evə qayıdanda, Səbuhi bütün qohumları bir-bir yoxlayar, onların hörmətini saxlayardı. Hətta, ad günlərimizdə də bizi tək qoymazdı, vaxt tapıb gəlib təbrik edərdi.

Hər ildə bir neçə dəfə təkbaşına ailə üzvlərimizin, qohum-əqrəbanın qəbirüstü abidəsini ziyarət edər, təmizləyər və ruhlarına dualar oxutdurardı.

Oğlum musiqi ilə çox maraqlanardı, sevərdi musiqi dinləməyi. Onun özünə aid, çox zəngin bir xəyallar aləmi vardı.

Səbuhi, həm də, çox kövrək bir insan idi. Axırıncı dəfə şəhid olandan bir gün qabaq telefonla danışmışdıq. Kövrəldi, heç söhbətimizi yekunlaşdırıb, axıra qədər danışa da bilmədik.

Adını özüm qoymuşdum – Səbuhi! Bu adın mənası “səhər mehi” deməkdir! Onu hər görəndə, sanki ürəyimə sərinlik gələr, rahat olardım!

44 günlük müharibənin gedişində vaxt tapan kimi, biz nigaran qalmayaq deyə, gündə bir dəfə zəng edib bizimlə danışardı. Hər şeyin yaxşı olduğunu bildirər, narahat olmamağımızı bizə tapşırardı.

06 oktyabr 2020-ci il tarixdə Səbuhi hamıya zəng edib, hal-əhval tutub, şəxsi əşyalarını da yoldaşlarından evə göndəribmiş. Biz, bunun nə demək olduğunu indi başa düşürük. Sən demə, o, sonuncu dəfə zəng vuranda bizimlə halallaşırmış...

Səbuhi, 07 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid oldu!

Övlad dərdi bütün valideynlər üçün çox ağırdır. Onun yoxluğu hamımızı sındırdı! Mən, Səbuhinin şəhid olması xəbərini eşitdiyim an, ən dəhşətli faciəni yaşadım!

Teyyub kişi bu sözləri bitirər-bitirməz hönkürtü ilə ağladı və mən də göz yaşları içində bu ağır mənzərəni seyr etdim...

Şəhidimizin anası Raziyyə Əliyevanın xatirələri: Səbuhi uşaqlıqdan çevik, qorxmaz və zəhmətkeş böyümüşdü. Ailəmizin yaxşı dolanması üçün hər çətinliyə dözər və zəhmət çəkərək hər şeyə nail olardı. Özündən kiçik qardaşı Nəbi ilə birgə təsərrüfat işləri ilə məşğul olar, ailəmizi saxlamaqda bizə yaxından kömək edərdi.

O, hərb sahəsində yüksəlməyə, inkişaf etməyə can atardı. Həmişə mənə: “Ana, ön cəbhədə qulluq etmək mənə daha rahatdır və həm də, bu mənim uşaqlıq arzumdur! Həsrətlə torpaqlarımızın düşmən əsarətindən azad ediləcəyi günü gözləyirəm!” deyərdi. O, əvvəlcə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başladı. Daha sonra, hərbi hissə rəhbərliyi tərəfindən seçilərək gizirlik kursuna göndərildi. Sonuncu dəfə Səbuhi ilə kiçik oğlu Emilin ad günündə, sentyabr ayının 20-də görüşmüşdük. Bir neçə gün sonra isə, məlum Vətən Müharibəsi başladı və oğlum da digər hərbçilər kimi həmin gündən döyüşlərə qatıldı.

O, həmişə bizimlə ciddi şəkildə maraqlanar, əlindən gələni əsirgəməzdi. Çox ailəcanlı, əliaçıq və mərd bir oğul idi Səbuhi! Qohumları, əzizləri üçün çox narahat olardı, bir sözlə, bizə görə yaşayardı! Hər zəng edəndə hamı ilə danışar, dönə-dönə bizə özümüzə yaxşı baxmağı tapşırar və çətinliyimiz olan təqdirdə, mütləq ona bildirməyimizi israr edərdi!

Səbuhi, əl tutmağı, yaxşılıq etməyi çox sevərdi. Tabeçiliyində olan əsgərləri qorumağa çalışar, onların hər bir çətinliyində yanlarında olardı. Həmişə onlardan ötrü narahat olar, əlindən gələn hər şeyi edərdi ki, valideynləri nigaran qalmasın. Həftə ərzində bir neçə dəfə şəxsi telefonu ilə əsgərlərini ailə üzvləri ilə danışdırar və zərurət yarandığı halda, onların görüşünü də təşkil edərdi.

O, həm də, çox etibarlı bir dost idi. Bu yaxınlarda 20 illik əsgərlik yoldaşları, əziz dostları bizə qonaq gəlmişdi. Onlar Səbuhi haqqında bilmədiyimiz xatirələrini bizimlə bölüşdülər. Ağıllı, olduqca səmimi insan olduğundan, dostları onu heç vaxt unutmur, övladları ilə tez-tez zəng edib danışırlar.

Oktyabr ayınını 6-da nə mən, nə də ailə üzvlərimiz gecə səhərə qədər yata bilmədik! Səbuhinin şəhid olması bizə agah olmuşdu! Həmin anları yaşamağı heç bir valideynə arzulamıram!...

Bütün xoşbətliyimi, sevincimi Səbuhi özü ilə apardı! İndi isə, ancaq oğlum yuxuma gələndə, xəyallarda xoşbəxt oluram!...

Raziyyə anamın həsrətlə oğul yolu gözləyən kədərli gözlərinə baxdıqca, daxilən əzab çəkir, onun dərdini təzələyəcək suallar verməyə çətinlik çəkirdim!

Bu ailədə olanda bir reallığı yenidən qəbul etdim: Şəhid qanı tökülən hər qarış torpağı, şəhid anaları göz yaşı ilə yuyur! Şəhid analarının göz yaşı müqəddəsdir! Müstəqilliyimizi, ərazi bütövlüyümüzü onlara borcluyuq!

Şəhidimizin qardaşı Nəbi Murtuzayevin xatirələri: Səbuhi ilə aramızda yaş fərqi bir o qədər də çox deyildi. Bəlkə də, bu səbəbdən idi ki, o, məni özünə ən yaxın dost seçmişdi. Biz qardaş olsaq da, dost kimi daha yaxın idik. Səbuhi çox etibarlı dost, qayğıkeş bir insan idi. Hər görəcəyimiz işi bir yerdə məsləhətləşər, daha sonra bu istiqamətdə addım atardıq.

Kənd yerində yaşadığımız üçün təsərrüfat işlərində qardaşımla bərabər ailəmizə kömək edərdik. Valideynlərimiz bizi uşaqlıqdan zəhmətə uyğunlaşdırmışdı. Bütün işlərimizi iki qardaş birlikdə görər, sevincimizi də, kədərimizi də, birlikdə bölüşərdik. Mən, ən yaxın, ən doğma sirdaşımı itirdim. Onsuz yaşamaq mənə çox çətindir! Hər tərəfdə onun yeri görünür! O gedən gündən, mən də tək qalmışam! İnsan üçün qardaş itirmək qədər ağır bir faciə yoxdur!

Onu da bildirim ki, qardaşım fiziki cəhətdən çox güclü idi. Uşaqlıqdan idmanla məşğul olurdu. Mən də ona baxıb idman edərdim. Səbuhi, hələ, o zamandan hərbçi olmağa can atırdı. Uşaqlıqdan arzuladığı yolla da getdi. Mən qardaşımla fəxr edirəm! Şəhidlik ən uca zirvədir!

Şəhidimizin bacısı Rasta Murtuzayevanın xatirələri: Qardaşım çox mehriban, səmimi bir insan idi. O, mənimlə qardaş kimi yox, bir ata kimi maraqlanardı. Ailəmizin sonuncu üzvü olduğuma görə, Səbuhi məni daha çox əzizləyərdi. Həmişə çətinliyim olanda qardaşım mənə arxa-dayaq durar, əl tutar, birlikdə problemlərimizi həll edərdik. O, heç vaxt məni tək qoymazdı. Ailəmiz üçün əlamətdar günlərdə yanımızda olar, zövqümüzə uyğun hədiyyələr alar, gözəl təbəssümü ilə, könlümüzü oxşayardı! Sözlə ifadə edə bilməyəcəyim qədər mükəmməl bir qardaş idi Səbuhi! Hələ də, qardaşımın yoxluğunu qəbul edə bilmirəm. Onun ruhu həmişə mənimlədir. Tək qalanda onun ruhu ilə danışıram. O, mənim üçün ölməyib və əbədiyaşar qardaşım olaraq da, qalacaqdır. Heyif Səbuhidən, çox heyif! Səbuhi, şəhidliyi ilə mənə özü boyda fəxarət gətirməklə yanaşı, qocaman dünyamız ağırlıqda bir dərd də gətirdi! Ruhunun mənimlə olduğunu bilirəm əziz qardaşım, həmişə olduğu kimi, yenə də məni tək qoymursan! Allah Sənə rəhmət eləsin, ruhun şad olsun!

Sonuncu dəfə danışanda hər şeyin yaxşı olacağını demişdi mənə. Döyüşlərdə olduğunu bilsəm də, o, bu barədə mənə heç nə deməzdi. Döyüş yoldaşlarının dediyinə görə, Səbuhi çox güclü hərbçi olub. Döyüşə birinci atılar, əsgərlərini qorumağa çalışardı. Çox mərd adam idi Səbuhi. Dostları bildirirdi ki, o, sərrast atıcı olmaqla bərabər, silahlarla da peşəkarlıqla rəftar edərdi. Zirehli texnikaların mahir bilicisi kimi hərbçilər arasında çox məşhur idi. Onun ürəyində, qətiyyən düşmən qorxusu yox idi, tam əksinə, bütün ruhu ilə düşmənə nifrət edərdi. Səbuhi öz elinə, öz Vətəninə çox bağlı bir vətəndaş idi.

Səbuhi “Baş gizir” rütbəsini və növbəti dəfə “Qüsursuz xidmətə görə” medalını almağa bir neçə ay qalmışdı.

Qardaşım, həmişə böyük oğlu olan Teyyubla fəxr edərdi! Oğlunun böyüməsinə çox sevinər, onu, özünün davamçısı kimi görmək istəyərdi!

Bir gün Bəyazid adlı 7 yaşlı oğlum mənə: “Ana, dayımdan ötrü çox darıxmışam! Onu görmək üçün ölmək istəyirəm! Dayımla cənnətdə görüşmək istəyirəm!” dedi. Oğluma cavab verməyə bir söz tapa bilmədim və onu bağrıma basaraq, sakitləşdirməyə çalışdım!

Bu hadisədən bir az sonra, kiçik oğlum Bəyazid yenidən mənə yaxınlaşıb dedi: “Ana, oğlum olanda adını Səbuhi qoyacağam! Qoy, o da, dayım kimi qəhrəman bir oğul olsun!”.

Böyük oğlum Mətləb də dayısı üçün çox darıxır. Mətləb dayısını çox sevirdi. Səbuhi, onun yaddaşında daha çox şən zarafatları və mehriban münasibət dolu yaxşı xatirələrlə qalıb. O, dərslərini yaxşı oxuyur ki, Vətənimizə layiq bir vətəndaş kimi böyüsün və dayısının yarımçıq qalan arzularını həyata keçirtsin. Hətta, Mətləb qardaşı ilə bərabər qarşılarına məqsəd qoyublar ki, ali təhsillərini başa vurub diplom alan kimi, ilk olaraq dayısının məzarı

üstünə gedib, ona verdikləri sözə əməl etdiklərini göstərəcəklər! Mətləb qarşısına məqsəd qoyub ki, dayısı kimi, xalqına, dövlətinə ləyaqətlə xidmət edib, vətənpərvər insan kimi formalaşacaq!...

Şəhidimizin həyat Nuranə Əliyevanın xatirələri: Səbuhi çox vətənpərvər insan olmaqla yanaşı, ailəsinə sadiq, namuslu və təmiz vicdanlı bir həyat yoldaşı idi. Səbuhi ilə 14 illik ailəlik həyatımızdan mənə onun 2 oğul övladı və əziz xatirəsi yadigar olaraq qaldı. Onunla çox xoşbəxt idim. 07 oktyabr 2020-ci ildə, onun şəhid olması xəbərini eşitdiyim gündən, bu xoşbəxtliyimə son qoyuldu. Həyat yoldaşım haqqında xatirələrim çoxdur, danışmaqla qurtarmaz. Çalışacağam ki, onun mənə əmanət olaraq qoyub getdiyi övladlarını, öz adına layiq bir vətəndaş kimi böyüdüm! Səbuhi ilə qürur duyuram! Vətən sağ olsun! Səbuhi ilə bərabər, digər şəhidlərimizə də Allahdan rəhmət diləyirəm. Müqəddəs ruhları qarşısında baş əyirəm!

Şəhidimizin böyük oğlu, 13 yaşlı Teyyub Əliyevin xatirələri: Atam bizə daha çox vaxt ayırardı. O, bizimlə ata kimi yox, bir dost kimi münasibət saxlayardı. Birlikdə gəzintiyə gedər, doyunca istirahət edərdik. Heç vaxt harasa tək getməzdi, bizi də özü ilə həmin yerə aparardı. O, məni peşəkar bir hərbçi kimi görməyi arzulayar, bunun üçün dərslərimi yaxşı oxumağımı tapşırardı. Həmişə mənə deyərdi: “Zabit adını qazanmaq üçün savadlı və sağlam olmaq, qarşıya çıxan çətinliklərdən qorxmamaq gərəkdir!”. Elə bu məqsədlə də, atam məni idmanın güləş növünə qoydu və o gündən bəri güləşlə məşğulam. Bundan əlavə olaraq, atam istirahət günlərində bizi xidmət etdiyi hərbi hissəyə aparar, orada olan hərbi texnikaları göstərər və əsgərləri ilə tanış edərdi! O, bununla da bizə Vətənimizə ləyaqətlə xidmət etməyin yollarını öyrətmiş olurdu!

Atam, bizə böyüklərlə yaxşı davranmağı tapşırar, tərbiyəli böyüməyimiz üçün əlindən gələni edərdi. Hətta, məndən yaşca kiçik qardaşım Emil ilə aramızda dərs yarışması da keçirdərdi. Qalib gələn tərəfə həvəsləndirici hədiyyələr verərdi.

Hər il “Novruz” bayramı olanda, atam bizi özü ilə bərabər qohumların evini gəzməyə aparardı. Həmin gün yaxşı istirahət edərdik...

Bu gün də, hər yerdə gözüm atamı gəzir, səbrsizliklə onun yolunu gözləyirəm! O, heç vaxt bizi tək qoymazdı, inanıram ki, atam nə vaxtsa yenidən gələcək! Yenə də ümidlə əvvəlki kimi bir yerdə olduğumuz xoşbəxt günlərin qayıdacağını gözləyirəm! Şəhidlərin ölmədiyinə inanıram! Atam da ölməyib, onun ruhu bizimlədir! Mən, atamla və bütün şəhidlərimizlə fəxr edirəm! Atam, xəyallarımın qəhrəmanıdır!

Şəhidimizin kiçik oğlu, 10 yaşlı Emil Əliyevin xatirələri: Atam həmişə bizi düşünərdi. Hər dəfə ad günümüz olanda, atam qardaşımla məni hədiyyə almaq üçün ürəyimiz istəyən yerlərə aparar və həmin gün bizi öz hədiyyələri ilə sevindirərdi. O, hər gün dərslərimizlə maraqlanar, çətin tapşırıqlarımız olanda, bizə kömək edərdi. Hər dəfə evə gülə-gülə girər, qardaşımla məni qucağına alıb oxşayardı. İndi, atamın o cür gəlişini gözləyirəm! Bilirəm ki, nə vaxtsa o gələcək! O, heç vaxt bizi tək qoymaz! Atam çox yaxşı insan idi, mən onu heç zaman unutmayacağam! Atamla qürur duyuram!...

Şəhidlik - yenilməzlik, məğrurluq deməkdir!

Uğrunda minlərlə şəhid verdiyimiz bu müqəddəs torpağın mənəvi dəyəri bizim üçün olduqca qiymətlidir!

Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir. Ürəklərə köçən yeganə sevgidir şəhid sevgisi! Azadlığımızın, müstəqilliyimizin carçısı olan şəhidləri ən səmimi duyğularla anırıq!

Şəhidi olmayan torpaq, əsarət altında qalan müstəmləkədir. Torpaqlarımızın ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgiyə və ehtirama layiqdirlər!

Şəhadət məqamın mübarək olsun mərd eloğlu! Pak, müqqəddəs ruhun qarşısında baş əyir, adını böyük ehtiramla anıram!

Səbuhi, əziz qardaş, bütün xalqımız kimi, mən də Səninlə fəxr edirəm! Sən, öz qəhrəmanlığınla gələcək nəsillərimiz üçün böyük bir məktəb qoyub getdin!

Erməni quldurlarının qənimi, millətimin igid oğlu, ruhun şad olsun!

İllərlə qəlbinin dərinliyində gizli saxladığın, Qarabağ torpaqlarımızın düşmən əsarətindən azad edilməsi arzuna çatdın əziz qardaş! Bu gün Qarabağ torpaqları bizimdir! Artıq, öz tarixi torpaqlarımıza qovuşmuşuq! Silahdaşların - müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgərləri düşmənlərimizi məhv etdi və onları qovaraq torpaqlarımızdan birdəfəlik çıxartdı!

İnanıram ki, ürəyində yarımçıq qalan, çata bilmədiyin bütün arzularına, Uca Allahın izni ilə övladların çatacaq! Buna, bütün varlığımla inanıram qardaş!

Azərbaycan xalqı, başın sağ olsun!

Təki, Vətənimiz Azərbaycan yaşasın!

Səbuhi kimi qəhrəman oğullar yetirən xalqımız, müstəqil dövlətimiz sağ olsun!

Zirvələrdə dalğalanan üçrəngli müqəddəs bayrağımız daim var olsun!

Mahiyyət etibarı ilə hər bir vicdanlı şəxsin özü, elə Vətən deməkdir. Özü-özlüyündə Vətən olan şəhid qardaşım, bütün xalqımız Səninlə fəxr edir!

Səbuhi, əziz qardaşım, Allah Sənə rəhmət etsin!...

Ən uca məqam sahibi, haqqını halal et!.

Vətənimiz Azərbaycan üçün igid oğullar böyüdən bütün valideynlərin qarşısında baş əyir və əllərindən öpürəm!

Şəhidlərimiz öz qanı bahasına müstəqil dövlətimizin qürur dolu, şanlı tarixini yazdı! Xoşbəxt gələcəyimizin əsasını qoyan belə qəhrəmanların adı daim qəlbimizdədir! Bu gün bir xalq olaraq, bir dövlət olaraq varıqsa, bu mövcudluğumuzu, məhz şəhidlərimizə borcluyuq!.

Bir reallığı unutmaq lazım deyil ki, bu gün rahat, azad gəzdiyimiz doğma torpaqlar, məhz şəhidlərimizin qanı tökülərək müqəddəsləşən torpaqlardır! Şəhidlərimizin müqəddəs ruhuna hörmət əlaməti olaraq, müstəqil dövlətimizi qoruyaq və Vətənimiz Azərbaycanı parçalamaq üçün birləşən düşmənlərimizə qarşı mübarizədə həmişə dəmir yumruq kimi bir olaq!...

Biz, birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!!!

Diqqətinizə görə minnətdaram!

Sabit Mehdiyev

Bütün xəbərlər Facebook səhifəmizdə