İslam dünyası Makrona və Fransaya qarşı - ƏKS-REAKSİYA

Fransada hakimiyyətlə islam cəmiyyəti arasında qarşıdurma Nitsa və Avinyonda baş verən qanlı hadisələrlə davam edib. SİA-nın dünya mediasında tirajlanan xəbərlərə istinadən verdiyi məlumata görə, sanki məqsədyönlü şəkildə islama qarşı başlanan hücumlar Nitsada adekvat hadisələrin baş verməsi ilə davam edib. Dünən bıçaqla silahlanmış bir şəxs küçədə insanlara hücum edib. İki nəfər ölüb, onlardan birinin başı kəsilib. Üçüncünün vəziyyəti ağırdır. Hücum edən şəxs yaralıdır və saxlanılıb.

Təxminən eyni zamanda Avinyonda polislər islamçı adlandırılan bir müsəlmanı güllələyiblər. Xüsusi Terror Əleyhinə Prokurorluq araşdırma aparır.

Onsuz da dini qarşıdurmaların gizli-açıq getdiyi Fransada indi baş verən hadisələrin fitili oktyabrın 16-da çeçen miqrantların ailəsindən olan şəxsin dərs zamanı Məhəmməd peyğəmbərin karikaturalarını göstərən müəllim Samuel Patini paytaxtın düz ortasında qətlə yetirilməsi ilə alovlandırıldı. Maraqlıdır, müəllim 2015-ci ildə “Charlie Ebdo” satirik jurnalında dərc olunan, islam dünyasına qarşı məqsədyönlü təhqir kimi dəyərləndirilən və həmin il redaksiyaya qanlı hücum zamanı 11 nəfərin qətlə yetirilməsi ilə sonuclanan və qətldən bir az əvvəl Parisdə təkrar dərc edilən karikaturanı niyə yenidən nümayiş etdirsin və islam peyğəmbərini ələ salsın? Bu, tərtib olunmuş, ssenariləşdirilmiş bir hadisəyə bənzəmirmi?

Oktyabrın 28-də “Charlie Ebdo” jurnalı izləyicilərinə yeni karikaturanı da təqdim edib. Həmin karikaturada Türkiyə prezidenti Ərdoğan bir qadınla yarı çılpaq vəziyyətdə əlində alkoqollu işki ilə təsvir olunub. Ardınca Fransa prezidenti Emmanuel Makron hadisəyə kəskin reaksiya verib və “islam separatçılığı” haqda nitqlə çıxış edib və islamı “bütün dünyada böhran yaşayan din" adlandırıb.

“Fransa karikatura çəkmək hüququndan imtina etməyəcək, o cümlədən də Məhəmməd peyğəmbərlə bağlı. Bizim həmvətənimiz uşaqlara söz azadlığı öyrətdiyi üçün qətlə yetirilib. Mövhümatçılıq və zorakılıq qalib gəlməyəcək”,- Makron bildirib. Fransa prezidenti eyni mesajları digər çıxışlarında da təkrarlayıb.

Hələ bu azmış kimi Fransanın müxtəlif şəhərlərində minlərlə insan qətlə yetirilmiş müəllimin anım aksiyasına çıxıb. Monpelye və Tuluzada aksiya zamanı Patinin dərsdə nümayiş etdirdiyi karikaturalar projektor vasitəsilə hökumət binalarında canlandırılıb. Bundan sonra bütün dünyanın islam liderləri Fransaya boykot elan edib, prezident Makronu terroru dəstəkləməkdə və dinlərarası nifaqı qızışdırmaqda günahlandırıblar. Bütün dünyada, o cümlədən də Fransanın özündə keçirilən mitinqlərdə Makronun fotoları yandırılıb.

Makrona qarşı etirazlar Türkiyə, Suriya, Liviya, Pakistan, İraq, Banqladeş, Somali, Hindistan və Qəzza zolağında təşkil edilib. Ən böyük mitinq Banqladeşdə keçirilib. Aksiyada 40 min nəfərdən çox insan iştirak edib və onlar Makronun müqəvvasını yandırıblar. Türkiyə, Küveyt, İordaniya, Banqladeş, Qətər, Sudanda Fransa məhsulları mağazalardan yığışdırılıb. Türkiyə prezidenti Ərdoğan Makrona məsləhət görüb ki, “psixi sağlamlığını yoxlasın” və Fransa məhsullarını almamağa çağırıb.

Çeçenistan rəhbəri Kadırov və respublikanın baş müftisi isə bir az da dərinə gedərək Fransa prezidentinə qarşı açıq təhdidlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə