Prezidentimizin dünya liderlərinin içərisində öz imzası var

BMT Baş Assambleyasının 75-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının 75 illiyinə həsr olunmuş yüksək səviyyəli toplantıda iştirak edən Cənab Prezident İlham Əliyev həm Azərbaycan Respublikasının prezidenti kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi ki, bu da beynəlxalq ictimaiyyətin ona göstərdiyi etimad və etibarın təzahürüdür. BMT ümumilikdə Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması, koronavirus infeksiyasına qarşı mübarizədə gördüyü işləri, regiondakı sülhü dəstəkləməsi və beynəlxalq hüququn prinsiplərini əsas götürməsi mövqeyini dəstəkləyir. Qoşulmama Hərəkatı Azərbaycan üçün həm də siyasi baxımdan önəm kəsb edən reallıqdır. Bura ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm siyasi mərkəzdir. BMT-dən sonra ikinci böyük təşkilat hesab edilən Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan fəal siyasət həyata keçirməkdədir və bu, həm dövlət maraqlarımızın qorunması, həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətlidir. Biz, bu əhəmiyyətin nə qədər mühüm səmərə verməsini də görməkdəyik.

Unutmaq lazım deyil ki, Azərbaycanın BMT Baş Assambleyasının COVID-19 -la mübarizəyə həsr olunmuş, dövlət başçılarının iştirakı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox dövlət dəstəklədi. Video formatda keçirilən iclasda, Azərbaycan Respublikasının Prezidenti Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı və digər məsələlərlə əlaqədar ölkəmizin qəti mövqeyini sərgilədi. Azərbaycan torpaqları erməni işğalçılarından azad olunmalıdır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb, Ermənistanın baş - naziri isə məqsədyönlü şəkildə dünışıqların məzmununu və formatını dəyişməyə çalışır. Əlbəttə, beynəlxalq strukturlar, ATƏT-in Minsk Qrupu, dünya dövlətləri mövcud vəziyyətin təhlükəsini və Ermənistanın səhvi nətiqəsində başlaya biləcək irimiqyaslı münaqişənin qaçılmazlığını hiss edir. Onlar həm də başa düşürlər ki, sülh çağırışları artıq heç bir nəticə vermir. Ermənistan bütün beynəlxalq anlaşmaları inkar edir və danışıqlar prosesini məqsədyönlü şəkildə dayandırmağa çalışır. Əgər yaxın vaxtlarda rəsmi İrəvanın danışıqlar prosesinin bərpa olunması istiqamətində qəti addım və çağırışlarını eşitməsək və Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövqeyi dəyişməsə, Azərbaycan tam olaraq işğal olunmuş torpaqlarını hərbi yolla qaytarmaq hüququna malikdir.

Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Ermənistan Azərbaycanın, Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Bütövlükdə, çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, təcavizkar niyyətini və törətdiyi təxribatları tamamilə ifşa etdi.

Azərbaycan hər zaman olduğu kimi, bu sınaqdan da qalibiyyətlə, qətiyyətli iradə ilə uğurla çıxacaq. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar Azərbaycanın postpandemiya dövrünə hazır olduğunu deməyə əsas verməsi ilə yanaşı, həm də Onun uzaqgörən siyasəti nəticəsində qlobal təhlükə xalqımızdan, ölkəmizdən uzaqlaşdırıldı. İnanırıq ki, biz qısa zamanda daha böyük uğurlara imza atmaqla, dünyaya töhfələrimizi verməkdə davam edəcəyik.

Ağayev Əlihüseyn, Nardaran bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə