Dəniz havasının faydaları nədən ibarətdir? ÖZƏL - AÇIQLAMA

"Dəniz havasında demək olar ki, insan orqanizması üçün faydalı olan bir çox mikro elementlər var. Dəniz havası bu mikro elementlərin sayəsində də iltihabı yatırdır və selikli qişanı bərpa edir. Xüsusilə də, dəniz havası keçirilmiş bir çox ağ ciyər xəstəliklərinin profilaktikasında önəmli rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Nutrisiologiya və Dietologiya Federasiyasının həkim dietoloqu, cərrah, ANDOP təlimçi Fəridə Həsənova indiki növsümdə dəniz kənarında vaxt keçirməyin, günəş vannası qəbul etməyin və suda üzməyin faydaları haqqında danışarkən deyib.

Onun sözlərinə görə, sərt karantin rejimi ilə əlaqədar artıq bir-neçə aydır ki, insanlar evdədir, təmiz hava və günəşlə təmasda deyillər, bu isə günümüzdə çox önəmli yer tutan immun sistemimizə də öz təsirini göstərir: "Dəniz kənarında olmaq orqanizmamıza necə təsir edə bilər? Bilirik ki, orqanizmamız üçün lazım olan vitamin "D" sintezini biz ultrabənövşəyi şüaların təsiri ilə edirik. "D" vitamini nə üçün bizim orqanizmamız üçün önəmlidir? Təbii ki, vitamin "D" bir çox funksiya yerinə yetirsə də ən önəmlisi ilk növbədə yüksək anti-inflamatol, yəni, iltihab əleyhinə təsirə malikdir. "D" vitamini əksik olan insanlarda xroniki iltihab prosesləri baş verir. Bu da bizim immunitetimizə təsir edir və bir çox xəstəliklərin qarşısında aciz qalırıq. Günümüzdə, koronavirusla mübarizədə və onun profilaktikasında biz "D" vitamini səviyyəsini yüksək tutmalıyıq. Bunun üçün də günəş vannası qəbul etməliyik, gündə olmalıyıq".

Dietoloq bir məqamı xüsusilə vurğulayıb ki, gün vannaları qəbul etdiyimiz zaman günvurma hallarının qarşısını almaq üçün xüsusi saat kəsimlərinə fikir verməliyik: "Bu da saat 11:00 radələrindən 16:00-a qədər olan zaman zərfi təşkil edir ki, biz bu zaman minimal şəkildə günəşlə təmasda olmalıyıq. Çünki, bu zaman ultrabənövşəyi zərərli şüaların təsirinə məruz qalırıq. Biz günə çıxmadan öncə tərkibində SPF olan gündən qoruyan kremlərdən istifadə etməliyik. Bu zaman zərfində bol miqdarda su qəbul etməliyik, çünki, bildiyimiz üzrə isti hava şəraitində qanın laxtalanması artığına görə xüsusilə də, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar bunu nəzərdə saxlamalıdırlar. Çalışmalıyıq ki, kölgədə daha çox vaxt keçirək. Suya girmədən ən azı 1 saat öncə yemək yeyilməlidir. Çünki, dolu mədə ilə biz suda üzdüyümüz zaman çətinlik yaşıya bilərik və bu da xoşagəlməz nəticələrə gətirib çıxara bilər".

Həkim Fəridə Həsənova üzmədən, yalnız dəniz kənarında vaxt keçirməyin insanlar üçün nə dərəcədə faydalı ola biləcəyindən də danışıb: "Əlbəttə ki, dəniz havası xüsusilə ağ ciyərlər üzərində daha faydalı nəticələr göstərir. Çünki, dəniz havasında demək olar ki, insan orqanizması üçün faydalı olan bir çox mikro elementlər var. Dəniz havası bu mikro elementlərin sayəsində də iltihabı yatırdır və selikli qişanı bərpa edir. Xüsusilə də, dəniz havası keçirilmiş bir çox ağ ciyər xəstəliklərinin profilaktikasında önəmli rol oynayır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə