Azərbaycan dövləti vətəndaşların sağlamlığını başlıca vəzifə hesab edir

COVID-19-un insan sağlamlığına, ölkələrin iqtisadiyyatına vurduğu zərbə göz önündədir. Hər bir ölkə bu çətinliklərdən az itki ilə çıxmaq istəsə də reallıq tamamilə onun əksini göstərir. Əlbəttə, hər bir məsələ müqayisə tələb edir. Statistikaya müraciət etdikdə görürük ki, Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı 10 mindir. Hansı ki, o ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi.

Bu kimi faktlar onu deməyə əsas verir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz, ən əsası xəstəlik sərhəd tanımır. Azərbaycan ilk gündən həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərlə bugünkü reallıqlara yol açdı. Koronavirusla mübarizənin birinci mərhələsini az itki ilə sona çatdıran ölkəmiz bu tədbirləri daha da sərtləşdirməklə insanların sağlamlığının prioritetliyini ön plana çəkərək, eyni zamanda, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımların atılmasının zəruriliyini açıqlayır. Ölkəmiz ilk gündən atdığı bütün addımlarını dərindən təhlil etdi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini əsas götürdü. Atılan addımlarda məqsəd təbii ki, insanların sağlamlığını, həyatını qorumaqdır. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan andan səhiyyə infrastrukturu bu mübarizəyə istiqamətləndirilərək, aidiyyəti qurumların fəaliyyəti əlaqələndirildi.

Dövlətimizin başçısı İlham Əliyevin insan amilinə verilən dəyərdən qaynaqlanan addımları yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmalarının dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsində aydın görünür. dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 10 modul tipli xəstəxana kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bunlardan 5-i artıq istifadəyə verilib. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılması və onlara təhkim edilməsi koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməyə və tibbi koordinasiyanın təmin edilməsinə xidmət edir. Ümumilikdə, inşa ediləcək 10 modul tipli xəstəxana kompleksi ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xəstəxanaların tez bir zamanda inşa edilməsi hətta seytnot vəziyyətdə lazımi addımların atıldığını təsdiq edir. Ölkəmizin səhiyyə sistemi koronavirus xəstələrinin müalicəsinə tam imkan yaradır. 45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu kimi addımlar bir daha dövlətimizin kompleks tədbirlərinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını, bugünümüzlə yanaşı, gələcəyimizə də hesablandığını bir daha ortaya qoyur.

Hər bir sahə üzrə konkret Dövlət proqramlarının mövcudluğu və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Cənab Prezident İlham Əliyevin "İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır" çağırışına uyğun olaraq regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə dövlətimizin başçısının təsdiqlədiyi regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bölgələrdə tibb müəssisələrinin, Müalicə Diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi diqqətdən kənarda qalmadı. Bu gün koronavirus xəstələrinin ixtiyarında olan 45 xəstəxandan 36-sı məhz möhtərəm Prezidentimizin Sərəncamı əsasında son illərdə inşa edilib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. İnsanların sağlamlığının qorunması üçün bütün xəstəxanalarda lazımi şərait yaradılıb. Mübarizə tədbirlərinə başlananda Azərbaycanda cəmi altı laboratoriya var idisə, hazırda bu laboratoriyaların sayı 29-a çatıb. Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibəsində bu rəqəmləri də açıqlayıb ki, 15 yeni laboratoriya sifariş edilib, laboratoriyaların sayı ümumilikdə 44-ə çatacaq. Bu isə öz növbəsində daha çox test aparmağa imkan yaradacaq. Bu günə qədər 500 mindən çox test aparılıb. Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir. bu gün hər bir vətəndaşın üzərinə düşən vəzifə məsuliyyət hissini artırmaqdır.

Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Çünki bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Əgər dövlət lazım olan bütün tədbirləri həyata keçirirsə, həkimlərimiz sağamlığımızın keşiyində dayanırlarsa, polis orqanları karantin qaydalarına riayət olunması üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlərsə, təbii ki, hər bir vətəndaş bu diqqət və qayğıdan özünün sağlamlığı üçün nəticə çıxarmalı, özünün və ətrafının sağlamlığına çalışmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.

Səfərova Səriyyəxanım, 7 saylı BŞX-nən baş həkim icraçısı

Bütün xəbərlər Facebook səhifəmizdə