"8 saatdan artıq çalışan işçilərə əlavə haqq ödənilməlidir" - AÇIQLAMA

Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev gündəlik iş saatları ilə bağlı fikir səsləndirib. Dövlət başçısı bildirib ki, hər bir şəxsin 8 saatlıq iş günü var və heç kəs bundan artıq işləməməli, həmçinin sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalı, əmək müqavilələri bağlamalı, işçiləri istismar edilməməlidirlər.

SİA-ya açıqlama verən Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin İnsan Hüquqları və İnformasiya Hüququ üzrə YUNESKO kafedrasının müdir əvəzi, professor Əmir Əliyev bu məsələnin qaldırılmasını çox vacib və əhəmiyyətli hesab edir. O qeyd edir ki, keçirilən konfransın Azərbaycan gündəmi üçün çox böyük əhəmiyyəti var və dövlət orqanları qarşısında çox ciddi tapşırıqlar qaldırılıb.

Bu məsələni şərh edən hüquq üzrə elmlər doktoru Mayis Əliyev isə Əmək Məcəlləsində 89-cu maddəsində normal iş vaxtının əks olununduğunu bildirib. O vurğulayıb ki, normal iş vaxtının müddəti gün ərzində 8 saat olmalıdır. İş vaxtından əlavə işə cəlb etmənin qaydası isə Əmək Məcəlləsinin 99, 100 və 101-ci maddələrinə əsasən öz əksini tapır: "Burada qeyd olunur ki, yalnız işçinin razılığı olduqda və işə götürənin əmri olduqda iş vaxtından əlavə işə cəlb oluna bilər. Ağır əmək şəraitində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz".

Mayis Əliyev qeyd edib ki, işə götürənlər bu qaydalara riayət etməli və işçini bundan xəbərdar etməlidir. İşçi isə öz növbəsində çalışdığı müəəsisənin insan resursları şöbəsindən öz hüquqlarını tələb etməlidir. Əgər işçi işdən əlavə çalışırdırılırsa buna görə ona əlavə haqq ödənilməlidir.

Hüquqşunsa məcburi şəkildə əlavə çalışdırılan və haqqı ödənməyən işçilərə əmək qanunvericiliyinə nəzarət funksiyası olan Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməsyi məsləhət görüb .

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə