Dünyanı sarsıdan ölümcül viruslar: necə və kimlər tərəfindən yayılır?

Hələ qədim zamanlardan müxtəlif xəstəliklərin yayılması səbəbindən xeyli sayda insan həyatını itirib. Bütün xəstəliklər bəşər övladına məlum olmayan virusların yaranması və inkişafı nəticəsində yayılırdı. Eləcə də, dövrün bəlalarından olan şişlər də, məhz RNT və DNT virusları tərəfindən törəyir. Müasir tibb hər nə qədər sürətlə inkişaf etsə belə hələ də bir virus və xəstəliklər insanların kabusuna çevrilib.

Dünyanın mübarizə apara bilmədiyi xəstəliklər?

Dünyanın bir çox yerində müalicəsi tibbə məlum olmayan xəstəliklər var. Onlar müxtəlif ölkələrdə, müxtəlif səbəblərdən yayılır, çox zaman isə bu virusların mənbəyi və səbəbi belə məlum olmur. Hepatit B,C,D, Malyariya, “Quş qripi”, “Donuz qripi” “Ebola”və s.

İndi “quş qripi” kimi məlum olan xəstəlik yüz il əvvəl İtaliyada aşkar edilib, lakin o vaxtlar bu xəstəlik həkimlərdə elə bir ciddi narahatlıq doğurmamışdı. İnsanların quş qripinə yoluxmasının ilk təsdiqlənmə halları 1997-ci ildə Honkonqda baş verib. O vaxt 6 nəfər bu xəstəlik səbəbindən həyatını itirib. Son iki ildə isə Cənub-Şərqi Asiyada 120-dən çox insan bu virusa yoluxub və onların yarısından çoxu həyatını itirib.

Həmçinin müasir dünyanın əsas problemindən birinə çevrilən Hepatit virusunun yayılması təhlükəsi cəmiyyətdə xeyli narahatlıq yaradır. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalardan bəlli olur ki, bu virus dünyada sürətlə yayılır. Bu virusdan hər il dünyada 1,5 milyon adam həyatını itirir.

Ebola virusuna ilk yoluxma faktı 1976-cı ildə qeydə alınıb. Ebola virusu insanlara əsasən qan və digər bədəndaxili mayelər, eləcə də, həmin virusun daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri bu virusun daşıyıcısı ola bilər.

Eləcə də, son günlərdə Çini bürüyən “Corona” virusunun yarasalarda rast gəlindiyi məlum olub. Məhz insanların bu xəstəliyə Çinin Uhan şəhərindəki məşhur yarasa şorbasından yoluxduğu güman edilir.

Xatırladaq ki, “Ebola” və “Corona” hər iki virusun heyvanlardan, xüsusilə yarasalardan keçdiyi güman edilib.

Mütəxəssislər nə deyir?

Həkim-terapevt, tibb elmləri namizədi, əməkdar həkim Taryel Eyvazov bildirib ki, viruslar müxtəlif olur, hava-damcı yolu ilə yayılan və qanla yayılan infeksiyalar: “Hava-damcı yolu ilə infeksiyalar sürətlə yayılır, bunlardan biri də “vərəm” xəstəliyidir ki, bu xəstəlikdə mikrob çöpləri hava-damcı yolu ilə keçdiyindən bütün dünyaya yayıla bilir. Hepatit xəstəliyi isə qanla yoluxduğu üçün bu xəstəliyin yayılma riski nisbətən azdır”.

Bu virusların qəsdən yaradılmadığını deyən Taryel Eyvazovun sözlərinə görə, viruslar mutasiya edir və illər keçdikcə inkişaf edərək, yeni xəstəliklər yaradır: “Profilaktik tədbirlərin həyata keçirilməsi hər bir xəstəlikdə fərli aparılır. Məsələn, qripə qarşı vaksinasiyanın müddəti qısadır yəni cəmi 6 ay müddətinə təsir edir. Bu səbəbdən vaksinasiya o qədər də özünün doğrultmur. Çində yayılan yeni “Corona” virusundan yeni nümunələr alınaraq, laboratoriyalarda işləndikdən sonra ona qarşı vaksinlər hazırlanacaq. Hələ ki, bu virusa pandemiya deyilməsi düzgün deyil, çünki bu epidemiyadır və cəmi bir-iki ölkədə yayılıb. Əgər sözügedən virus bir neçə ölkədə yayıldıqda pandemiya adlana bilər. Virus yeni yayıldığı üçün ona qarşı vaksinlər hələ ki, yoxdur. Hazırlansa belə bu vaksinlər daimi olmur. Çünki, difteriya, qızılca, poliomielit xəstəliklərinə edilmiş vaksinlər ömürlük olur. Hava- damcı yolu ilə yayıldıqda isə bunu etmək mümkün deyil. Ona görə ki, bu viruslara vaksinasiya etdikdə yeni virus növləri aşkar olunur.

Viruslar öz-özünə, yoxsa qəsdən yayılır?

Tibb elmləri namizədi Rəşid Mahmudov söyləyib ki, bır sıra dövlətlərdə bakterioloji silah deyilən bir anlam var ki, alimlər bu “silahı” laboratoriyalarda saxlayırlar. Bu bioloji silahın əsasını xəstəlik törədən mikroblar, onlardan alınan toksinlər təşkil edir ki, bu viruslar da birindən digərinə çevirə bilirlər:

“O viruslar bölgələrdə mövcuddur, həmin viruslar ayrı-ayrı bitkilərdən, heyvanlardan keçir. Bu infeksiyalar hamısı bakterioloji silah kimi qırğın törədir, bomba atmadan, güllə ilə vurmadan yalnız bakterioloji qırğın törədərək şəhəri məhv edirlər Bu infeksiyanı özləri az miqdarda yayır və dərmanlarını da əvvəlcədən hazırlayıb, baha qiymətə əhaliyə satırlar.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə