Abbasəli Həsənov tacikistanlı nazirlə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin sənaye və yeni texnologiyalar naziri Şafkat Bobozada ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və Tacikistanın dövlət başçıları, xalqlarımız arasında səmimi dostluq münasibətlərinin olduğu vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələr tarixən yüksək səviyyədə olub.

A.Həsənov 25 il ərzində Azərbaycanın sürətlə inkişaf etməsinin əsas səbəbini ulu öndər Heydər Əliyev tərəfindən düşünülmüş, dəqiq və düzgün dövlətçilik və iqtisadi siyasət ilə əlaqələndirib, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Qeyd edilib ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan irəliləyərək 35-ci yerdə qərarlaşıb.

Ş.Bobozadə Tacikistan Prezidenti Emoməli Rəhmonun tapşırığına əsasən ölkədə xalçaçılığın inkişafı üçün Milli Proqramın qəbul olunduğunu deyib. O, Azərbaycanın çoxəsrlik xalçaçılıq sənətinin, bu sahədə əldə etdiyi təcrübənin öyrənilməsi üçün Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı onlara göstərilən hərtərəfli köməyə və qonaqpərvərliyə görə Baş nazir Kaxir Rasuzodənin təşəkkürünü səfirə çatdırıb. Nazir ölkəmizdə olan nümayəndə heyətinin çox böyük təəssüratla geri döndüklərini, Azərbaycanın iqtisadi uğurlarının şahidi olduqlarını bildirib.

Düşənbə-Bakı birbaşa hava xəttinin bərpası məsələsinə toxunan səfir bildirib ki, bu məsələnin bu günə kimi həll olunmaması ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafına maneədir.

Görüşdə Azərbaycan investorlarının Tacikistan iqtisadiyyatına maraq göstərdikləri vurğulanıb, Tacikistan tərəfindən xarici sərmayənin cəlb edilməsi məqsədi ilə münbit şəraitin yaradılmasının vacibliyi qeyd olunub, vergi və gömrük sahəsində sadələşdirilmiş rejimin tətbiqi məqsədəuyğun hesab edilib. Həmçinin Azərbaycanda istehsal olunan geniş çeşidli məhsulların Tacikistan bazarına gətirilməsi məsələsi müzakirə olunub. Nazir Azərbaycan sənayesində qabaqcıl təcrübəsini öyrənmək məqsədilə yaxın zamanlarda Azərbaycana səfər edəcəyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...