Zaman-zaman ölkəmizdə müxtəlif növ ət məhsullarının aşkarlanması ilə bağlı məlumatlar eşidirik. Buna misal ötən gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında orqanoleptik göstəricilərində əsaslı şübhələr olan müxtəlif kolbasa məmulatları aşkar edilib. Sınaq nəticələrinə əsasən hər iki məhsulun at ətindən hazırlandığı, təhlükəsizlik göstəricilərinə görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub.

Dəfələrlə belə halların aşkarlanmasına və buna yol verənlərin cərimələnməsinə baxmayaraq at sevdalı bəzi vətəndaşlar bu əməllərindən əl çəkmirlər. Bəs belə olan halda, istehlakçı nə etməlidir?

"Qida təhlükəsizliyi ilə bağlı qanunun olmasına ehtiyac var"

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda Qida təhlükəsizliyi ilə bağlı qanunun olmaması zəhərli, murdar, insan sağlamlığı üçün son dərəcədə təhlükəli olan qidaların bər-bəzəkli bağlamalarda, qutularda piştaxtalara çıxmasına yol açır: "Ümid edirəm ki, yaxın zamanlarda bununla bağlı qanun layihəsi hazırlanacaq. Çünki buna böyük ehtiyac var. Bəzi sahibkarlar Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində onlara yaradılan şəraitdən sui-istifadə edirlər. Bu həddindən artıq anormal haldır. Təəssüf ki, azad bazar iqtisadiyyatı şəraitində xarici ölkələrdən mənşəyi məlum olmayan çeşidlərlə zəngin olan məhsullar gətirilir Azərbaycana. Bu arzuolunmaz haldır. Kolbasa məmulatlarının ətin qiymətindən ucuz olması Hindistandan gətirilən ətdən qaynaqlanır".

"Alıcı mal alan zaman onun sənədini tələb etməlidir"

Onun sözlərinə görə, artıq neçə ildir ki, xüsusən də Muğan zonasında ölkədə leş ətləri aşkarlanması halları mövcuddur: "Çox təəssüf ki, bəzən belə hallar ifşa olunmur. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşları rayonlarda at, eşşək əti istehsal edən yerlər tapır. Lakin Yerli icra orqanlar, bələdiyyələr həmin yerlərdə iştirak etmirlər. Təəssüf ki, Azad İstehlakçılar Birliyinin rayon nümayəndəlikləri də bu işdə passiv mövqe tuturlar. Düşünürəm ki, DİN-in bu işlərə diqqətlə yanaşması sevindirici haldır. Bu məsələlərdə əhali də diqqətli olmalıdır. Alıcı hər hansı bir malı alan zaman onun sənədini tələb etməlidir. Bu, onun hüququdur. Sertifikatlaşdırılmamış malın satışı qadağandır. İstehlakçılar öz hüquqlarından düzgün istifadə etməlidirlər".

"Bu cür məhsullar bir çox xəstəliklərə yol aça bilir"

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev söyləyib ki, hazırda ölkəmizdə sahibkarlıq müəssisələrində yoxlamalar aparılmadığından, bu cür halların nə qədər olduğu barədə konkret məlumat yoxdur: "Amma belə faktlarla rastlaşan dövlət orqanları bu işi sona çatdırmalıdır. Araşdırma konkret faktlar əsasında həyata keçirilməlidir. Belə müəssisələr mütləq şəkildə ifşa edilməlidir. Əgər bir məhsulun mənşəyi yoxdursa, onun təhlükəsi öndə gəlir. Mənbəyi və mənşəyi məlum olmayan məhsullar bir çox xəstəliklərə yol aça bilir. Bu cür məhsulların bazara çıxarılması və ondan istifadə etmək qəti şəkildə qadağandır".

"Mənşəyi məlum olmayan məhsullar məhv edilməlidir"

Şöbə müdiri qeyd edib ki, Hər bir məhsulun istehsalçısının kimliyi, mənşəyi, mənbəyi, istehsal tarixi məlum olmalıdır: "Bu məlumatlar məhsulun üzərində qeyd edilməlidir. Alıcı hər hansı məhsul aldıqda, onun tərkibindəki inqridentlərin nədən ibarət olduğunu bilməlidir. Bu onun haqqıdır. Mənşəyi məlum olmayan məhsullar məhv edilməlidir. Onların məhv edilməsi isə Nazirlər Kabinetinin qərarlarına uyğun şəkildə aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə