Azərbaycan QHT-lərinin dünya ictimaiyyətinə MÜRACİƏTİ

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə son günlər cəbhədə baş verən hadisələrlə bağlı tədbir baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ölkədəki QHT nümayəndələri və digər şəxslər iştirak ediblər.

İlk öncə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni son günlər cəbhədə gedən qızğın döyüşlər zamanı ordumuzun düşmənə sarsıdıcı zərbələr vurması, işğal altında olan torpaqlarımızın bir hissəsinin azad olunması, xalq arasında mübariz əhval-ruhiyyənin yüksək səviyyədə olması barədə danışıb. O bildirib ki, Azərbaycan Ordusu düşmənə gücünü göstərərək qısa müddətdə bütün işğal altında olan torpaqlarımızı azad edə biləcəyini sübut etdi: "İnanırıq ki, illərdir qalan bu münaqişə tezliklə sülh və ya müharibə yolu ilə həllini tapacaq. Qətiyyətli Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq".

Çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ordumuzun hər bir əsgərinin, zabitinin yüksək qəhrəmanlıq və şücaət göstərdiyini söyləyib. Qeyd edib ki, qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən qarşısına qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirməyə hazırdır: "Biz bunu sonuncu hərbi əməliyyatlar zamanı da aydın gördük. Hətta mülki əhalimiz belə əlinə silah alıb vuruşmaq üçün dayanmadan cəbhə bölgəsinə axın edirdi. Şəhid olan Vətən igidlərinin qanı yerdə qalmadı və qalmayacaq".

Digər çıxışçılar da ölkə başçısı tərəfindən yürüdülən siyasəti birmənalı şəkildə dəstəklədiklərini, qüdrətli Azərbaycan Ordusunun yanında olduqlarını bildiriblər.

Sonda iştirak edən Azərbaycan QHT-ləri adından beynəlxalq təşkilatların rəhbərlərinə, Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarına müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə