“Qanlı cümə günü”: Fransa, Tunis, Küveyt

“Qanlı cümə günü”: Fransa, Tunis, Küveyt

Ötən cümə günü Fransa, Tunis və Küveytdə bir-birinin ardınca törədilən terror aktları nəticəsində onlarla insan həyatını itirib. Günün ilk hücum xəbəri Fransadan gəlib. Euronews telekanalı xəbər verir ki, Fransada maye qaz istehsalı ilə məşğul olan müəssisəyə edilən hücum nəticəsində bir nəfər həlak olub, çox sayda insan isə yaralanıb.

Hadisə Lion yaxınlığında yerləşən Sen-Kanten-Falavye şəhərindəki Air Products müəssisəsində baş verib. Cani cümə günü səhər saatlarında avtomobillə müəssisənin qapılarını dağıdaraq içəri girib. Bundan sonra o, qazla dolu balonların saxlanıldığı anbarın bir hissəsini partladıb. Fransa KİV-lərinin məlumatına görə, hücumu həyata keçirən şəxs müəssisə direktorunun başını kəsib.

Həyat yoldaşı və üç uşağı ilə birgə Lion ətrafında yaşayan 35 yaşlı Yasin Salhi şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Onun həyat yoldaşının da polis bölməsinə aparıldığı bildirilir.

İstintaqın iyunun 27-də verdiyi məlumata əsasən, Yasin Salhi hadisəni təkbaşına törədib.Hücumun baş verdiyi Rona-Alp rayonunda üç sutkalıq "Vijipirat" - yüksək dərəcəli antiterror rejimi tətbiq edilib.

Tunisdə isə turist mövsümünün qızğın çağında çimərlikdə və hoteldə həyata keçirilən terror aktı nəticəsində azı 39 nəfər həlak olub, 36 nəfər isə yaralanıb. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat verib. Bu, yekun məlumat deyil və ölənlərin sayı arta bilər.

Hadisə Aralıq dənizi sahilində yerləşən Sus şəhərindəki populyar kurortda baş verib. Cümə günü günorta saatlarında "İmerial Marhaba" və "Soviva" mehmanxanaları yaxınlığındakı çimərliyə, daha sonra isə hotelə hücum edilib və oradakı insanlar atəşə tutulub. Əvvəlcə terrorçuların üç nəfər olduğu və qayıq vasitəsi ilə dənizdən gəldikləri güman edilsə də, hazırda hadisəni bir nəfərin törətdiyi və onun avtomat silahı hadisə yerinə turist geyimində, çətirin içində keçirdiyi ehtimal olunur. Basqını törədən 23 yaşlı tələbə Əbu Yəhya əl-Qiravani polis tərəfindən öldürülüb.

Rəsmi şəxslər həlak olan turistlər arasında Böyük Britaniya, Almaniya, Belçika, İrlandiya, Fransa və Tunis vətəndaşlarının olduğunu deyirlər. Hadisəyə görə məsuliyyəti artıq İŞİD qruplaşması öz üzərinə götürüb.

Hadisə yerinə Tunis prezidenti Beji Kaid əs-Sebsi də gəlib. Tunis hökuməti cavab tədbirləri kimi yaxın zamanda 80-dək məscidi bağlamağa qərar verib, həmçinin basqınçılar barədə məlumata görə pul mükafatı təyin edib.

Sus şəhəri Tunisin ən populyar turizm istiqamətidir. Hər il istirahət etmək üçün bura təxminən 1 milyon 200 min insan gəlir. Bu sahədən əldə olunan gəlir ölkənin ümumi daxili məhsulunun 7 faizini təşkil edir və 400 min nəfərin işlə təminatına imkan yaradır. Ekspertlərin fikrincə, terror aktı Tunisin turizm sektoruna güclü zərər vuracaq.

Bu ölkədə xarici turistlər ilk dəfə deyil ki, hücuma məruz qalırlar. Mart ayında Tunisin paytaxtında muzeyə edilən basqın nəticəsində 20 nəfər turist həlak olmuşdu.

Günün üçüncü qanlı hadisəsi isə Küveytdə baş verib. Son məlumata görə, Əl-Küveyt şəhərindəki Əs-Savabir rayonunda yerləşən şiə məscidində cümə namazı zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb və həlak olanların artacağı istisna olunmur. Hökumətin məlumatına görə, partlayışı hadisə zamanı insanların arasında olan intiharçı-terrorçu həyata keçirib. Bu partlayışa görə də məsuliyyəti İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

Xatırladaq ki, may ayının sonlarında Küveytlə qonşuluqda yerləşən Səudiyyə Ərəbistanındakı şiə məscidlərində də 10 nəfərin ölümünə səbəb olan iki bənzər hücum həyata keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə