DSX-nin Xüsusi Məktəbinin yeni korpusunun təməli qoyulub FOTOLAR

Bu gün Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Xüsusi Məktəbinin yeni tədris və yataqxana korpusunun təməlqoyma mərasimi keçirilib. SİA-nın Fondun rəsmi saytına istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin reallaşdırdığı layihələrə, gördüyü işlərə daim dəstək verdiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov isə Fondun prezidenti Mehriban Əliyevanın bir neçə dəfə bu müəssisədə olduğunu, müvafiq tövsiyə və tapşırıqlarını verdiyini xatırladıb. Bir neçə ildir ki, Heydər Əliyev Fondu ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşlıq etdiyini deyən Anar Ələkbərov bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və yeni layihələrin reallaşdırılacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun və Dövlət Sərhəd Xidmətinin birgə layihəsi olan yeni korpusun yerləşdiyi ərazinin sahəsi 4,2 hektardır. Tikintinin ümumi sahəsi 10367,9 kvadratmetrdir. Dördmərtəbəli binada 18 sinif şagirdlərin ixtiyarına veriləcək. 420 şagird yerlik kimya, biologiya və fizika fənləri üzrə ixtisaslaşdırılmış siniflərdən təşkil olunmuş yeni tədris və yataqxana korpusu müasir tələblərə uyğun layihələndirilib. Binada Heydər Əliyev Muzeyi, 220 yerlik akt zalı, 25 metr uzunluğunda üzgüçülük hovuzu, 420 yerlik yataqxana, yeməkxana və trenajor zalları olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə