“Pakistan Observer” qəzeti Azərbaycandan yazıb

Pakistanın siyasi elitası və ziyalıları arasında xüsusi çəkiyə malik olan ingilisdilli "Pakistan Observer" qəzetində iki səhifəsi Azərbaycanın Respublika Gününə həsr edilib. Azərbaycanın Pakistandakı səfirliyindən SİA-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş "İlham Əliyevin rəhbərliyi ilə yüksək templərlə inkişaf edən Azərbaycan" məqaləsində ölkə rəhbərinin siyasi karyerası nəzərdən keçirilib.

Məqalədə İlham Əliyevin 2003 və 2008-ci illərdə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildiyi vurğulanıb və 9 il ərzində bütün sahələrdə böyük nailiyyətlərin əldə edildiyi bildirilib.

Məqalədə, Neft Fondundan, qeyri-neft sektorunun inkişafından, sosial sektora, mədəniyyətə, təhsilə və idmana dövlət qayğısından bəhs edilib.

Dövlət başçısının Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində apardığı işlərdən danışılıb, Azərbaycanın BMT TŞ qeyri-daimi üzv seçilməsi faktı ölkə prezidentinin xarici siyasətinin zirvəsi kimi qiymətləndirilib.

Məqalədə, Pakistan-Azərbaycan əlaqələrinə xüsusi yer ayrılıb, Pakistanın Dağlıq-Qarabağ məsələsində Azərbaycana dəstəyi vurğulanıb. Pakistan Senatının Xocalı soyqırımını tanıyan qətnaməni qəbul etdiyi bildirilib.

Buraxılışın "Heydər Əliyev Fondu" adlı məqaləsində Fondun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın həyata keçirtdiyi layihələrindən, "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işlərinə rəhbərlik etdiyindən geniş məlumatlar verilib.

Məqalədə, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirtdiyi irimiqyaslı layihələrə xüsusi yer ayrılıb.

Qeyd edilib ki, zəlzələdən zərər çəkmiş Pakistanın Müzəffərabad şəhərində Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə qızlar məktəbi inşa edilib, cari ilin 30 aprelindən isə Fondun Pakistanda silsilə humanitar yardım proqramlarına start verilib.

Məqalədə, bu proqram çərçivəsində kimsəsizlərə tibbi baxış, hepatit B virusuna qarşı peyvəndlər, serebral iflicdən əziyyət çəkən xəstələrə pulsuz müayinələr edildiyi, imkansızlar üçün ürəkdə əməliyyatlar aparıldığı, Pakistan ordusunun şəhid olmuş bir neçə əsgərinin ailə üzvlərinin himayəyə götürüldüyü, istedadlı tələbələrə təqaüdlərin verildiyi, Müzəffərabadda inşa olunmuş məktəbdə yenidənqurma və təmir işlərinin aparıldığı qeyd edilib.

Buraxılışın Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "28 May –Respublika Günü" adlı məqaləsində Azərbaycanı müstəqilliyə aparan çətin yollardan həmçinin 1918-ci il ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından danışılır.

D.Şikarov, 1918-ci ildə Şərqdə ilk demokratik parlamentinin təsis olunduğu və 1920-ci ilin 11 yanvar tarixində ADR-in de-fakto olaraq Paris Sülh Konfransı tərəfindən tanındığını vurğulayıb.

"Azərbaycan-odlar yurdu" adlı məqalədə Azərbaycanın tarixi, rəngarəng təbiəti, adət-ənənələri, zəngin mədəniyyəti, xalçaçılıq ənənələri, ədəbiyyatı, elmi, təhsili, sənayesi və kənd təsərrüfatı haqqında geniş məlumat verilib.

Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

http://epaper.pakobserver.net/201205/23/business-1.php

http://epaper.pakobserver.net/201205/23/business-2.php

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...