Müharibə və təhlükəsizlik xəbərləri uşaqlara necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

Müharibə və təhlükəsizlik xəbərləri uşaqlara necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

Müharibə, hərbi qarşıdurma və təhlükəsizliklə bağlı xəbərlərin davamlı şəkildə yayılması uşaqların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Xüsusilə xəbərlərdə zorakılıq, partlayış, dağıntı, yaralanma və ölüm görüntülərinin təkrar-təkrar nümayiş etdirilməsi uşaqlarda qorxu, narahatlıq və təhlükəsizlik hissinin azalmasına səbəb ola bilər.

Bu sözləri SİA-ya psixoloq Zeynəb Eyyubova deyib.


O bildirib ki, uşaqlarda bu narahatlıq hər zaman açıq şəkildə görünmür. Bəzi uşaqlar daha çox sual verməyə, valideynlərindən ayrılmaq istəməməyə, gecə tək yatmaqdan qorxmağa və kabuslar görməyə başlaya bilərlər. Bəzilərində isə aqressiv davranış, ağlama, diqqət dağınıqlığı, dərsə marağın azalması və ya əvvəlki yaş dövrlərinə xas davranışlara geri dönüş müşahidə oluna bilər:

“Xüsusilə məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqlar bu xəbərlərə daha həssasdırlar. Çünki onlar baş verən hadisələrin miqyasını və harada baş verdiyini böyüklər kimi düzgün qiymətləndirə bilmirlər. Televiziyada və ya sosial mediada gördükləri hadisənin çox uzaqda baş verdiyini anlamaya və həmin təhlükənin onların da başına gələ biləcəyini düşünə bilərlər. Yeniyetmələr isə hadisələri daha yaxşı dərk etsələr də, sosial media və internet vasitəsilə xəbərlərə daha intensiv məruz qaldıqları üçün emosional yüklənmə yaşaya bilərlər.

Valideynlərin əsas məqsədi uşağı bütün informasiyadan təcrid etmək yox, onun informasiya ilə təhlükəsiz şəkildə təmasda olmasını təmin etməkdir. Uşağa baş verənləri yaşına və psixoloji inkişaf səviyyəsinə uyğun, sadə və aydın formada izah etmək daha doğrudur. Çünki uşaq nəyinsə baş verdiyini hiss edir, amma bu barədə heç bir izah almadıqda öz təsəvvüründə vəziyyəti daha qorxulu şəkildə canlandıra bilər.

Eyni zamanda, kiçik uşaqların müharibə ilə bağlı ağır xəbərlərə və xüsusilə travmatik görüntülərə məruz qalması məhdudlaşdırılmalıdır. Xəbərlərin daim televiziyada açıq olması, eyni görüntülərin təkrar-təkrar izlənilməsi uşağın narahatlığını artıra bilər. Xüsusilə yatmazdan əvvəl belə xəbərləri izləmək məqsədəuyğun deyil.

Uşaq sual verdikdə valideyn onun qorxusunu kiçiltməməli və “qorxma, heç nə olmayacaq” deməklə söhbəti bağlamamalıdır. Daha doğru yanaşma uşağın hissini qəbul etmək və ona təhlükəsizlik hissi verməkdir. Məsələn, “Sənin narahat olduğunu başa düşürəm. Hazırda sən təhlükəsiz yerdəsən və biz sənin yanındayıq” kimi ifadələr uşağın özünü daha güvənli hiss etməsinə kömək edir.

Burada valideynin öz davranışı da çox vacibdir. Uşaqlar böyüklərin emosiyalarını çox tez hiss edirlər. Valideyn daim panika içindədirsə, xəbərləri obsesiv şəkildə izləyirsə və hər hadisəyə güclü reaksiya verirsə, uşaq da vəziyyəti olduğundan daha təhlükəli qəbul edə bilər. Buna görə valideyn ilk növbədə öz emosional reaksiyalarını idarə etməyə çalışmalıdır.

Əsas məsələ uşağı reallıqdan uzaqlaşdırmaq deyil, reallığı onun yaşına uyğun şəkildə izah etməkdir. Uşağın ən böyük ehtiyacı bütün detalları bilmək yox, özünü təhlükəsiz hiss etmək, valideyninin yanında olduğunu bilmək və suallarına sakit və doğru cavab ala bilməkdir.

Əgər qorxu, yuxu problemləri, davamlı narahatlıq, aqressiya, diqqət dağınıqlığı və ya gündəlik davranışlarda nəzərəçarpacaq dəyişiklik uzun müddət davam edirsə, bu halda uşaq psixoloquna müraciət etmək faydalı olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə