"Gənclər yaşadıqları mühiti zamanla analiz etməyə başlayırlar: ailə mühiti, qohumlar, qonşular, məktəb yoldaşları, onların ailələri və sair. Bu, cəmiyyətlə təmasın başlanğıcıdır". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, uşaqlıqdan valideynlərim mənim üçün nümunə olub: "Daha sonra böyüdükcə ətrafı analiz etməyə başlamışam. Bu da məndə bir sual doğurub: Mən həyatda hansı yolu seçməliyəm? Məsələn, əgər kimsə savadsızdırsa, mən düşünmüşəm ki, savadlı olmalıyam. Əgər kimin ailəsində xoşagəlməz hadisələr baş veribsə, mən istəmişəm ki, elə bir ailə qurmayım, daha yaxşısını yaradım.
Məktəbdə dərslər, oxuduğumuz kitablar və etdiyimiz müzakirələr də bu məqsədin formalaşmasında mühüm rol oynayıb. Ona görə də düşünürəm ki, məqsədsizlik deyil, sadəcə bəzi hallarda məqsədin nə qədər düzgün olub-olmaması müzakirə mövzusudur. Bəziləri deyir: “Mən mütləq ali təhsil alacağam və bu yolla yaxşı həyat quracağam.” Bəziləri isə deyir: “Mənim imkanım çatmır, oxumayacağam, işləyəcəyəm.” Başqaları da olur ki, ümumiyyətlə, sizin dediyiniz kimi, “məqsədsizlik sindromu” yaşayır.
Amma mən bu sindromu hamıya aid etmək istəmirəm. Ola bilər ki, bu hal yaşadığı mühitlə, sosial vəziyyətlə, ətrafdakılarda gördüyü uğursuzluqlarla əlaqədardır. Belə insanlar düşünə bilər ki, “Digərlərində alınmayıbsa, məndə də alınmaz.”
Bu səbəblə məqsədsizlik sindromu yaşamaq təkcə şəxsi məsələ deyil, eyni zamanda ətraf mühitin, ailənin və sosial çevrənin təsiri ilə də bağlıdır. Yəni bu faktorlara görə insan boşluğa düşə bilər. Məncə, məqsədsiz insan suyu olmayan quyu kimidir - ora nə qədər su töksən də, dibində qalmaz. Bu sindromu heç kimə, xüsusilə də gənclərə arzulamıram. Çünki hər bir insanın qarşısına məqsəd qoyması və o məqsədə doğru addımlaması çox vacibdir. Ancaq bu yolla insan öz həyatında xoşbəxtliyə və uğura nail ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB