"Müasir dövrdə informasiya axınının sürəti misilsiz dərəcədə artıb. İnternetin və sosial şəbəkələrin geniş yayılması nəticəsində artıq istənilən məlumat – istər doğru, istərsə də yalan – bir neçə dəqiqə ərzində böyük auditoriyaya çatır". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bunun əsas səbəblərindən biri hər bir insanın cibində daşıdığı “media aləti” – mobil telefon və onun üzərindən istifadə olunan sosial şəbəkə hesablarıdır. Artıq əhalinin 90 faizindən çoxunun sosial media hesabı mövcuddur və bu da informasiyanın sürətli yayılmasını təmin edir: "Amma bu sürət bəzən təhlükəli nəticələrə gətirib çıxarır. Xüsusən də şayiə və təhrif olunmuş məlumatların yayılması halları çoxalıb. Bunun bir neçə səbəbi var: birincisi, sosial mediada peşəkar etik qaydalara əməl olunmur. Xəbəri paylaşmazdan əvvəl onun mənbəsinin etibarlılığını yoxlamaq, məlumatın dəqiqliyini təsdiqləmək lazımdır. Peşəkar jurnalistika qaydalarında bu, əsas prinsiplərdən biridir. Lakin təəssüf ki, sosial şəbəkələrin böyük hissəsi qeyri-peşəkar şəxslərin əlində olduğuna görə bu qaydalara əməl edilmir. Sadə vətəndaş da həmin xəbəri görüb düşünmədən paylaşır, nəticədə yanlış informasiya zəncirvari şəkildə cəmiyyətə yayılır.
Psixoloji baxımdan insanlar sensasiyaya meyllidirlər. İnsan təbiətində maraq, həyəcan və “birinci bilən” olmaq istəyi var. İnsanlar bəzən xəbərin doğruluğunu yoxlamağa vaxt sərf etmir, çünki onlarda informasiyanı paylaşmaqla diqqət qazanmaq, sosial təsdiq almaq və “məlumatlı” görünmək arzusu yaranır. Bu da yalan məlumatların çox sürətlə yayılmasına şərait yaradır. Digər tərəfdən, cəmiyyətlərdə emosional reaksiya tez yaranır. Xüsusən də siyasi, dini, mənəvi və ya ailə dəyərləri ilə bağlı xəbərlər insanlar arasında qəzəb, qorxu və təəssüf kimi emosiyaları oyadır. Məhz bu emosional təsir nəticəsində insan xəbəri dərhal paylaşmaq ehtiyacı hiss edir, nəticədə dezinformasiya daha geniş yayılır.
Bununla yanaşı, dini baxımdan da bu məsələ çox mühümdür. Qurani-Kərimdə buyurulur ki: “Əgər sizə bir fasiq bir xəbər gətirərsə, onu araşdırın, yoxsa bilmədən bir tayfaya zərər verər, sonra da peşman olarsınız.” (Hucurat, 6). Bu ayə bizə xəbər verir ki, hər bir məlumatın doğruluğunu yoxlamadan onu paylaşmaq insanın həm dini, həm də mənəvi məsuliyyətini artırır. Unutmaq olmaz ki, yayılan bir yalan xəbər bir şəxsin həyatını alt-üst edə bilər. Bu, onun ailə münasibətlərinə, işinə, nüfuzuna və hətta psixoloji vəziyyətinə ciddi zərbə vura bilər. Tarixdə çoxlu sayda hadisələr olub ki, yanlış xəbərlər nəticəsində insanlar intihara sürüklənib, ailələr dağılıb, ictimai sabitlik pozulub. Ona görə də informasiya yaymaq böyük məsuliyyətdir və hər bir fərd bu məsuliyyətin fərqində olmalıdır.
Bəzən hətta doğru xəbərin belə paylaşılması məqsədəuyğun olmur. Çünki müəyyən həssas məlumatların tirajlanması cəmiyyətin psixoloji vəziyyətinə mənfi təsir göstərə, gənclərin mənəvi dəyərlərinə xələl gətirə bilər. Həmçinin, bəzi hallarda xarici qüvvələr sosial media üzərindən dezinformasiya yaymaqla ölkələrdə qarışıqlıq yaratmağa, ictimai sabitliyi pozmağa çalışırlar. Bu baxımdan, hər bir vətəndaşın informasiya qarşısında məsuliyyətli davranması dövlət təhlükəsizliyinin də bir parçasıdır. Şayiə və təhrif olunmuş məlumatların bu qədər tez yayılmasının arxasında həm texnoloji, həm də psixoloji amillər dayanır. Bizim üzərimizə düşən əsas vəzifə – hər hansı məlumatı paylaşmazdan əvvəl onun mənbəsini yoxlamaq, doğruluğuna əmin olmaq və paylaşmanın nəticələrini düşünməkdir. Unutmayaq ki, bir “paylaş” düyməsi bəzən bir insanın, bir ailənin, hətta bir cəmiyyətin taleyini dəyişə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB