Yük avtomobillərinin idarə olunması maksimum diqqət və məsuliyyət tələb edir - BDYPİ

Noyabrın 4-ü saat 05:50 radələrində Bakı–Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İsmayıl İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə yerinə dərhal BDYPİ-nin əməkdaşları cəlb olunublar. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

BDYPİ bir daha sürücülərə çağırış edib və xatırladıb ki, xüsusilə iritonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir. Belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl edilməsi, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Unutmayaq ki, yollarda bir anlıq ehtiyatsızlıq təkcə sürücünü deyil, digər hərəkət iştirakçılarını da təhlükəyə atır”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə