"Qanunlara riayət etmə səviyyəsi azalır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cəmiyyət hüquq pozuntularına qarşı tez-tez laqeyd yanaşır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, insanlar ətraflarında baş verən hüquq pozuntularına reaksiya vermir, hüquq-mühafizə orqanlarına və ya məhkəmələrə şikayət etməyə maraq göstərmirlər. Bu cür passiv münasibət, zamanla kütləvi hüquq pozuntularına yol aça bilər ki, bu da olduqca təhlükəli və arzuolunmaz bir haldır.

Başqa bir nümunə kimi qeyd edə bilərik ki, insanlar əmək, istehlakçı, mülkiyyət və müəllif hüquqları barədə kifayət qədər məlumata malik deyillər. Halbuki bu hüquqlar Azərbaycanda tez-tez pozulan sahələrdəndir. İnsanların əksəriyyəti bu hüquqları tanımadığı və hüquqlarını müdafiə etmək üçün müvafiq instansiyalara – xüsusilə də məhkəməyə – müraciət etmədiyi üçün hüquqi pozuntular adiləşmiş vəziyyətdədir. Hüquqi maarifləndirmənin zəif olması nəticəsində qanunlara riayət səviyyəsi azalır, məsələn, vergi ödəmə qaydalarına əməl etmək çətinləşir, vətəndaşlar bu sahədə də qeyri-şəffaf yollar axtarırlar.

Yol hərəkəti sahəsi də buna bariz nümunədir. Gündəlik həyatımızda şahid oluruq ki, bir çox sürücülər yol hərəkəti qaydalarına əməl etmir, yol mədəniyyətindən xəbərsizdirlər. Bu cür davranışlar nəqliyyatda qayda pozuntularına və nəticə etibarilə insan həyatı üçün təhlükəli vəziyyətlərə gətirib çıxarır.

Ümumilikdə isə hüquqi savadsızlıq cəmiyyətdə qanunun aliliyini zəiflədir. Hüququn qorunması və hüquq pozuntularının qarşısının alınması üçün hüquqi maarifləndirmə mütləqdir. Bu sahədə Kütləvi İnformasiya Vasitələrinin və təhsil müəssisələrinin rolu xüsusilə önəmlidir. Məktəblərdə və ali təhsil müəssisələrində hüquqi biliklərin öyrədilməsi genişləndirilməli, vətəndaşlarda hüquqi mədəniyyət formalaşdırılmalıdır.

Ən vacib məqamlardan biri isə budur: vətəndaşlar təkcə hansı hüquqlarının olduğunu deyil, həm də hüquqlarını harada və necə axtaracaqlarını bilməlidirlər. Hüquqi problemi olan şəxs hüquqşünasla məsləhətləşmək vərdişi qazanmalıdır. Ən azı hansı hüququnun pozulduğu barədə hüquqi məsləhət almaq imkanının olduğunu anlamalıdır. Yalnız bu cür yanaşma ilə hüquqi şüurun inkişafı və cəmiyyətin hüquqa hörmətlə yanaşması təmin edilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə