"Əgər orada şiddət, hədə-qorxu yoxdursa uşaqlar travma almır" - PSİXOLOQ FİKRİ
"Təhsil sisteminin vacibi, ayrılmaz sistemlərindən biri məktəbəqədər təhsildir. Buna insanlarımız el arasında bağçada deyirlər. Bağçaya gedən uşaqlar əlbəttə ki, daha çox məktəbə adaptasiya ola bilirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, uşaqlar bağçaya gedərək orada dünya görüşlərini artıra bilirlər, məktəbəqədər ilkin müəyyən bilikləri də, əldə edə bilirlər: "Uşaqlar bağçada həm oyun terapiyasını öyrənirlər, həm də uşaqlarla və böyüklərlə ünsiyyəti öyrənirlər. Bunun da nəticəsi olaraq uşaqlar məktəbə başlayanda həm ərköyün olmurlar, həm də eqoist davranışlar sərgiləmirlər. Ancaq özlərini düşünən, özlərinin istəklərini həyata keçirməyə çalışan, yalan danışan və başqa cür davranış sərgiləyən uşaqlar olmurlar. Bunun nəticəsi isə bağçanın onlara göstərdiyi müsbət təsiridir. Amma əlbəttə ki, daha kiçik yaşlardan, balaca yaş dövründən olan uşaqları bağçaya qoymaq, uşaqlarda mənfi təsir yarada bilər. 2 yaşa qədər ümumiyyətlə bağça məsləhət görülmür. 2 yaşdan sonra 3 yaşa yaxın olsa daha yaxşı olar, çünki 3-6 yaş arası uşaqların bağça yaşı sayılır, bu dönəmlərdə uşaqları bağçaya qoysalar daha yaxşı olar. 3-6 yaş arası uşaqları bağçaya qoyduqda o zaman uşaqlar daha çox aktiv olur, öyrənməyə daha çox meyil edirlər. Amma əlbəttə ki, evdə məsələn uşağı cəzalandırmaq üçün analar, atalar deyirlər ki, özünü yaxşı aparmasan, aparıb səni bağçaya qoyacayıq və belə deyərək uşağa hədə-qorxu gəlirlər. Bu da istər-istəməz uşaqların psixologiyasına mənfi təsir göstərə bilir.
Uşaqların bağçaya getdiyi ilk dövr adaptasiya dövrü sayılır. İlk zamanlarda uşaqlar ananı, atanı istəyə bilər, onların dalınca ağlaya bilər. O dövrdə çalışmaq lazımdır ki, daha çox uşaqlara qayğı ilə yanaşılsın, qaydalar uşaqlara izah olunsun, bağçada da uşaqlara müəllimləri tərəfindən daha çox diqqət ayrılmalıdır. Əgər bu proses tam alınmırsa, uşaqlarda müəyyən travmalara gətirib çıxara bilər və bu zaman kənardan yəni psixoloq yardımı da ala bilərlər. Amma ümumi bu prosesdən bütün uşaqlar demək olar ki keçir və əgər orada şiddət, hədə-qorxu yoxdursa, bu zaman uşaqlar travma almır".
Bütün xəbərlər Facebook səhifəmizdə