"Uşaqları kiçik yaşlarından bu vasitələrə aludə edirlər" - PSİXOLOQ İZAH ETDİ

"Uşaqlar üçün telefon bir həzdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, uşaqlar telefonla rahatlaşırlar, özləri üçün düşünürlər ki, vaxtları belə daha səmərəli keçir: "Telefon, texnologiya onları darıxmaqdan qoruyur. Oyunlar oynayır, videolara baxırlar. Uşaqların dili ilə desək, "vaxtımızı keçirmək üçün, həm də dostlar qazanmaq üçün oyunlar, telefon, kompüter bizim üçün vacibdir". Onların fikrincə bunlar daha vacibdir.

Əlbəttə ki, bunu valideynlər, yaxud da müəllimlər belə hesab etmirlər. Çünki uşaqlar elə düşünür ki, istədikləri vaxt telefondan uzaqlaşa bilirlər. Uşaqların bunlardan uzaqlaşa bilməməsi ünsiyyət yaratmaqda çətinlik yaradır. Bəzən isə ilk ünsiyyətdə belə onlar yorulurlar. Kiçik yaşlardan sonra telefon istər-istəməz uşaqda asılılıq yaradır. Təssüflər olsun ki, online təhsildən sonra telefona meyilli olmayan uşaqlar belə aktiv olaraq telefonlardan həm dərs vasitəsi kimi, həm də müxtəlif oyunlar üçün istifadə edirlər. Əgər uşaqlara yemək verərkən telefon veririksə və ya televizor izləyirsə, bu zaman onlar beyinlərində asossasiya edirlər. Bir neçə dəqiqəlik oyun belə sonradan istər-istəməz uşaqda asılılıq yaradır. Evdə hər kəs telefondan istifadə etdikcə uşaqlar da o vərdişlərə yiyələnir. Bunun qarşısını almaq, uşaqlarla canlı oyun oymamaq üçün onlarla dil tapmaq lazımdır.

Amma, təəssüflər olsun ki, telefon asılılığı artıq digər asılılıqlar içərisinə daxil olub. İnsanlar artıq bundan çox böyük əziyyət çəkirlər. Demək olar ki, illərlə bunun üzərində psixoloqlar, psixiatrlar çalışırlar ki, bu asılılığı uşaqlardan uzaqlaşdırsınlar. Əslində bu asılılıq telefon, kompüter, planşet səbəbindən baş verir. Uşaqları kiçik yaşlarından bu vasitələrə aludə edirlər. Sonra isə ayırmaq çətin olur. Əlbəttə ki, zamanında, vaxtında verilsə, sonradan uşaqlar bundan daha səmərəli istifadə edə bilərlər. Hansı ki, dərs üçün məşğul olur, istirahət vaxtıdırsa, istədiyi oyunları oynaya bilir. Əlbəttə ki, özünü tənzimləyərək, zamanı idarə edərək bunu edirlər. Təəssüflər olsun ki, uşaqlarda bu xüsusiyyət çoxalıb. Uşaqlar bu asılılığı idarə edə bilmirlər, iradəsizlik çoxalıb. Ona görə də, asılılıq problemi çoxalır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə