Beynəlxalq konfransda Azərbaycan ombudsmanının fəaliyyətindən bəhs olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Özbəkistan Respublikasının Ali Məclisi İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İnstitutunun təsis edilməsinin 30 illik yubileyinə həsr olunmuş “Təmiz, sağlam və dayanıqlı ətraf mühit - insan hüquqlarının təmin olunmasının zəmanəti” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A. Səfixanlı tədbirdə “Milli insan hüquqları institutlarının ekoloji hüquqların təmin olunmasındakı rolu” mövzusunda çıxış edib. O, Azərbaycan ombudsmanının fəaliyyətində ekoloji hüquqların müdafiəsi məsələsini daim diqqət mərkəzində saxladığını və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər barədə məlumat verib.

Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) öz işini uğurlu nəticələrlə yekunlaşdırdığı, tədbirin yekununda iqlim dəyişmələri ilə mübarizə sahəsində mühüm qərarların qəbul edildiyi bildirilib. Azərbaycan ombudsmanının təşəbbüsü ilə COP29 ərəfəsində Ombudsmanların Beynəlxalq Bakı Forumunun və “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirələrin təşkil edildiyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə