“YAŞAT” Fondu şəhid övladları üçün Naxçıvanda qış düşərgəsi təşkil edib - FOTOLAR

Fevralın 25-dən 27-dək “YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhid övladları üçün qış düşərgəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mətbuat xidmətindən SİA-ya bildirilib ki, layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin “Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə baş tutub. 11-16 yaş aralığındakı 25 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan əyləncəli idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.

Düşərgə çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla görüşüblər. Şəhid övladları ilə söhbət aparılıb, onların müxtəlif mövzularda sualları cavablandırılıb.

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə ekskursiya da təşkil olunub. Həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümumilikdə 3 gün ərzində iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.

Qeyd edək ki, “YAŞAT” Fondu tərəfindən şəhid övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə