Qarlı və şaxtalı havanın insan psixologiyasına nə kimi təsirləri vardır? - RƏYLƏR

“Hava şəraitinin insan psixologiyasına təsiri danılmazdır. Şaxtalı və qarlı hava bəzi insanlara rahatlıq və dinclik bəxş edir, digərləri üçün isə yorğunluq və depressiv əlamətlər göstərir. Bu fərqlilik insanın bioloji xüsusiyyətləri, psixoloji vəziyyəti və həyat tərzi ilə bağlıdır. Şaxtalı və qarlı havanın insan psixologiyasına təsiri fərqlidir. Bir qrup insan üçün bu hava enerjini artırır və daxili sakitlik yaradırsa, digərləri üçün yorğunluq və stress mənbəyi ola bilər”. Bu sözləri Klinik Psixoloq Cütlük və Ailə terapevti Cəmilə Hacıyeva SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, şaxtalı və qarlı hava bəzi insanlarda rahatlıq və sakitlik hissi yaradır: “Bunun əsas səbəbi qarın yaratdığı sakit atmosfer, təmiz hava və qış mənzərəsinin psixoloji təsiridir. Onlar açıq havada gəzməkdən, qarı seyr etməkdən, əylənməkdən və evdə isti içkilərlə istirahət etməkdən zövq alırlar. Digər tərəfdən, bəzi insanlar üçün şaxtalı hava yorğunluq və stress mənbəyinə çevrilə bilər. Soyuq hava orqanizmin daha çox enerji sərf etməsinə səbəb olur, gün işığının azalması isə əhvalın düşməsinə gətirib çıxara bilər. Xüsusilə, mövsümi affektiv pozuntuya meyilli olan insanlar üçün bu dövr daha çətin keçə bilər. Gün işığının azalması melatonin və serotonin balansını poza bilər, bu da depressiv əhval ruhiyyəyə və motivasiya azalmasına səbəb olur. Şaxtalı və Qarlı Havalarda Psixoloji Sağlamlığı Necə Qorumaq Olar?

Fiziki aktiv olun – Açıq havada gəzin idmanla məşğul olun və hərəkəti artırın. Bu, əhval-ruhiyyəni yaxşılaşdıran endorfinləri artırır və depressiya, stress əlamətlərini azalda bilər.

Rahat və isti mühit yaradın – Evinizi isti və komfortlu edin, sevdiyiniz musiqini dinləyin, kitab oxuyun və isti içkilərlə dincəlin.

Yuxu rejiminə diqqət edin – Gündəlik yuxu rejiminizi qoruyun, vaxtında yatıb oyanmağa çalışın.

Stresi idarə edin – Meditasiya, nəfəs məşqləri və rahatlaşdırıcı texnikalardan istifadə edin”.

Məsələ ilə bağlı Ailə və Uşaq psixoloqu Aynur İsmayılova fikir bildirib. Onun sözlərinə görə, Azərbaycan şaxtalı və qarlı havanı az-az görür: “Amma şaxtalı-qarlı havanı insan pis qəbul etsə də orqanizmə bir çox xeyirləri vardır. Şaxtalı havada insanın nəfəs alması düzəlir, ağciyərləri təmiz havadan xeyir götürür. Şaxtalı hava bütün mikrobları öldürür, xəstəliklər məhv olmağa başlayır. Eyni zamanda insan qarlı havada azı 10 dəqiqə qar yağmağına, uşaqların qartopu oynamağına tamaşa eləsə, özü də hiss etmədən həyatının real olaraq nə qədər yaxşı olduğunun fərqinə varmış olacaq. Şaxtalı-qarlı hava ona görə pis təsir edir ki, biz fikirləşirik ki, işimiz bu gün getməyəcək, qarlı hava olduğuna görə nələrsə ləng gedəcək. Amma gəlin nəzərə alaq ki, qar dənələri yavaş-yavaş yerə düşür, yeri ağardır. Bir müddətdən sonra yerin ağ olduğunu görürük. Yəni biz nə ediriksə etsək, nə qədər tələssək də, nə qədər işimizin irəli getməsini istəsək də hər şey öz zamanında, vaxtında baş verəcək. Beləliklə, şaxtalı-qarlı havanı sevməyən bəzi insanlar həyata pessimist baxan insanlardır. Optimist insanlar isə hər bir havada özünə müəyyən uğur əldə edə biləcəyəni düşünərək yoluna davam edir”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə