Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının iclası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun sədrliyi ilə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) iclası keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın pensiya və sosial fondlarının rəhbər şəxsləri, səlahiyyətli nümayəndələri iştirak ediblər.
Assosiasiyanın 2024-cü il üzrə fəaliyyəti və H.Məmişovun quruma sədrlik etdiyi son bir il ərzində əldə olunmuş uğurlar, cari ildə qarşıya qoyulan hədəflər müzakirə edilib. Assosiasiya daxilində maliyyə sabitliyinin təmin edilməsi üçün strateji hədəflər müəyyənləşdirilib. Quruma yeni üzvlərin cəlb olunması və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün görülən işlər qeyd edilib.
H.Məmişov son bir ildə Assosiasiyanın yeni saytının yaradıldığını, qurumun loqotipi və digər atributları barədə yeni təlimatın hazırlandığını bildirib. BPSFA-nın direktoru İqor Popov Assosiasiya Katibliyinin qarşısına qoyulmuş tapşırıqların, 2025-ci il üzrə iş planının icrası işlərinə dair hesabatı təqdim edib. Təftiş Komissiyasının Əsasnaməsinə ediləcək dəyişikliklər, Assosiasiyanın gəlirlər və xərclər smetası müzakirə olunub.
Qeyd edək ki, ötən ilin yanvar ayında BPSFA-nın ümumi iclasında H.Məmişov üzv qurumların yekdil səsverməsi nəticəsində Assosiasiyanın sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə