Alınan mallar hansı hallarda geri qaytarıla bilməz? - RƏYLƏR

Zaman keçdikcə ticarət obyektlərində “alınan mallar geri qaytarılmır” kimi yazılara daha az rast gəlməyimiz, artıq, aldığımız bütün malları geri qaytara biləcəyimiz anlamına gəlmir. Çünki, satıcılar bir yana, hətta qanunvericilik belə aldığımız hər məhsulu başqa məhsula dəyişdirməyə imkan vermir.

Bəs alınan mallar necə qaytarılmalıdır? Hansı məhsulların qanunla dəyişdirilməsi mümkün deyil? SİA mövzu ilə əlaqədar vəkillərin fikirlərini öyrənib.

Vəkil Turan Abdullazadə: "Qanunvericiliyə əsasən alıcının malı qaytarmaq və yaxud da dəyişdirmək tələbi olduqda 14 gün ərzində bunu edə bilər. Bir şərtlə ki, mal işlədilmiş olmasın, zəruri xassələri qorunub saxlanılsın və həmin satıcıdan alınmasına dair vətəndaşın sübutları olsun. Lakin unutmamaq lazımdır ki, qanunvericiliyə əsasən dəyişdirilməli olmayan bəzi əşyalar var ki, onlar qaytarıla, yaxud da, dəyişdirilə bilməz. Qızıl və qızıl məmulatları, qiymətli daşlar, məişət-kimya malları, kişi, qadın, uşaq alt paltarları, çimərlik paltarları, parfümeriya, kosmetika malları, qadın, kişi, uşaq corabları, uşaq oyuncaqları, daraq və diş fırçası kimi şəxsi gigiyena əşyaları, yararlılıq müddəti ərzində mağazadan çıxarılmış ərzaq malları, ərzaq mallarının saxlanılması üçün plasmas qablar qaytarıla və dəyişdirilə bilməz. İstehlakçılar ticarət və xidmət sahəsində hüquqlarının pozulması ilə əlaqədar operativ şəkildə münasibət bildirilməsi üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər".

Vəkil Araz Nurməmmədov: "Alınan mallar geri qaytarılmır" tələbi, təbii ki, qanuni deyil. Çünki burada alınan malın xarakter xüsusiyyətindən asılı olaraq malın geri qaytarılması üçün müddət nəzərdə tutulur. Məsələn, qanunvericilikdə bu, 14 gün müddətidir. Amma 14 gün müddətində geri qaytarılması tez və ya gec olması malın xarakterindən, texniki keyfiyyətlərindən, xüsusi göstəricilərindən asılıdır. Ona görə də, istənilən sahədə alınan malın geri qaytarılması tələbi qanunsuzdur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə