Böyük Qayıdış Proqramı çərçivəsində köçürülmə prosesinin təşkili məsələləri müzakirə olunub - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

İclasda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri işlərin aparıldığı, işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə əhalinin mərhələli şəkildə köçürüldüyü bildirilib.

Vurğulanıb ki, dövlətimizin başçısı icrasını şəxsən nəzarətdə saxladığı bərpa-quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün Qarabağa və Şərqi Zəngəzura səfərlər edir. Bu səfərlərdə və dogma yurda qayıdan keçmiş məcburi köçkünlərlə görüşlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı böyük rəğbət doğurur.

Kollegiya iclasında Böyük Qayıdış Proqramı çərçivəsində köçürülmə prosesinin təşkili, məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, Dövlət Komitəsinin regional bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, icra intizamı, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin istismar vəziyyəti və digər məsələlər müzakirə olunub.

Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayıb. Qeyd edilib ki, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə tədbirlərin vaxtında və dəqiqliklə yerinə yetirilməsi təmin olunmalıdır.

Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə