"Son illərdə bazarlarda və marketlərdə il boyu hər cür meyvəni tapmaq mümkündür". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
O bildirib ki, əvvəllər yalnız yayda yediyimiz çiyələk, qarpız və ya qışda bol olan portağal indi istənilən fəsildə əldə edilə bilir: "Amma bir çox insanın ağlına sual gəlir: mövsümü olmayan meyvələri yemək nə dərəcədə doğrudur? Bu meyvələr sağlamlığa zərər verə bilərmi?
İlk olaraq qeyd edim ki, mövsümdən kənar meyvələrin təhlükəliliyi onların necə yetişdirilməsindən və saxlanılmasından asılıdır. Məsələn, bəzi meyvələr təbii yollarla uzun müddət saxlanıla bilər. Məsələn, alma, armud və ya nar düzgün şəraitdə saxlananda aylarla təravətini qoruya bilər. Bu meyvələri mövsümdən kənar yemək təhlükəli deyil.
Amma digər tərəfdən, bəzi meyvələr xüsusi istixana şəraitində və ya süni müdaxilələrlə yetişdirilir. Süni yetişdirilən meyvələrdə müxtəlif hormonlar, pestisidlər və gübrələr istifadə oluna bilər. Bu kimyəvi maddələr meyvənin dadını, qoxusunu və tərkibini dəyişdirə bilər. İnsan orqanizmi üçün zərərli ola biləcək bu maddələr, uzun müddət istifadədə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Digər bir məqam isə uzaq ölkələrdən gətirilən meyvələrdir. Bu meyvələr bəzən aylarla yolda olur və uzun müddət xarab olmaması üçün onların üzərinə müxtəlif qoruyucu maddələr vurulur. Məsələn, alma, üzüm və ya sitrus meyvələrinin üstündə mum qatmanı hiss edə bilərsiniz. Bu cür kimyəvi maddələr bəzən hətta yuyulduqda belə tam təmizlənmir və orqanizmə daxil olur.
Bəs nə etməli?
Əgər mövsümdən kənar meyvə almaq istəyirsinizsə, mümkün qədər:
1. Mənbəyini öyrənin: Yerli və ya orqanik yetişdirilən meyvələrə üstünlük verin.
2. Yaxşıca yuyun: Sirkəli suda saxlamaq və ya qabığını soymaq kimyəvi qalıqları azaltmağa kömək edir.
3. Mövsümi meyvələrə üstünlük verin: Təbiət bizə hər fəsildə lazım olan vitamin və mineralları verir. Yayda daha çox sulu və yüngül meyvələr, qışda isə daha vitaminli və enerjili meyvələr yetişir.
Son olaraq, mövsümdən kənar meyvələri tamamilə qadağan etmək mümkün olmasa da, ehtiyatlı olmaq lazımdır. Ən sağlam yanaşma mövsümi və yerli qidalanmaqdır. Bu həm sağlamlıq, həm də təbii qidalanma prinsiplərinə uyğun daha doğru seçimdir".
Bütün xəbərlər Facebook səhifəmizdə