“Pulun səhvən tanımadığı şəxsin bank kartına köçürüldüyü hallar hər zaman baş verir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Fariz Əkbərov sözlərinə belə davam edib: “İlk öncə, banka müraciət edib pul köçürmə əməliyyatının ləğv edilməsini tələb etməyiniz lazımdır. Kartın aid olduğu bank pulun köçürüldüyü kartın hansı banka aid olduğunu təyin edərək, həmin bank müştərisinə bildirməlidir ki, kartına səhvən vəsait daxil olub. Əgər şəxs razılıq verirsə, bank pulu geri qaytarmalıdır. Həmin şəxs sizinlə əlaqə saxlasa, pulunuzu geri qaytarmaq ehtimalı var. Əks halda şəxs razılıq verməsə, vətəndaş artıq məhkəməyə müraciət etməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur.
Onlayn pul köçürmələri edərkən qarşı tərəfdən aldığınız kartın 16 rəqəmli nömrəsinin düzgünlüyünə diqqət etmək lazımdır.
Əməliyyatı ödəniş terminalları vasitəsilə həyata keçirirsizsə, bu zaman 16 rəqəmlə yanaşı, pul göndərdiyiniz şəxsin ad və soyadının ilk hərflərinə də diqqət edin. Kartdan karta pul köçürmək qadağan deyil. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu kartdan karta pul göndərməyi qadağan etmir. Ancaq Qanun, istehlakçıların elektron ödəniş etmək imkanı ilə təmin edilməməyi qadağan edir. Beləki, POS-terminalların müştəriyə təqdim edilməməsini qadağan edir. Cərimə olaraq da 1-ci dəfə 1000 manat, 2-ci dəfə 3000 manat, 3-cü dəfə və daha çox olanda 6000 manat müəyyən edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə