Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün növbəti treninq təşkil olunub. 4 gün davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır. SİA xəbər verir ki, treninqlərdə 37 məntəqədən 185 nəfərin iştirakı nəzərdə tutulub.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Bəhruz Cabbarlı və Hürü Kərimova aparırlar.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.
Dairə seçki komissiyasının sədri Azad Nəbiyev seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib. O bildirib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, bələdiyyə seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 11-də veb-kamera quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda saxlanılmayıb. Belə ki, həmin qəbildən olan vətəndaşlar üçün məntəqələrdə panduslar quraşdırılıb.
“Hazırda dairədəki seçki məntəqələrinin sayı 37, seçicilərin sayı isə 48 mindən çoxdur. Dairə üzrə 4 nəfərin 100-dən yuxarı yaşı var. Dairədə seçicilərin 893 nəfəri ilk dəfə səs verəcək. Onlar 18 yaşı tamam olan seçicilərdir”, - deyə A.Nəbiyev qeyd edib.
Qeyd edək ki, treninqlər, həmçinin 18 saylı Nərimanov-Nizami-Binəqədi, 20 saylı Nərimanov ikinci seçki dairələrinin dairə seçki komissiyalarında da keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə