Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə təhsil xidmətlərinin göstərilməsinə başlanılıb - FOTOLAR

Yanvarın 21-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 6 adda xidmətlərin göstərilməsinə başlanılıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov və Naxçıvan regional “ASAN xidmət” mərkəzinin direktoru Tural Əliyev mərkəzdə nazirlik üçün yaradılan bölmə ilə tanış olub, xidmət göstərəcək əməkdaşlara tövsiyələr veriblər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşlara məktəbəqədər təhsil müəssisələrinə və uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyat, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird, peşə təhsili müəssisələrinə tələbə qəbulu, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidmətləri göstəriləcək. Vətəndaşlar mərkəz vasitəsilə bu elektron müraciət xidmətlərindən yararlana biləcəklər. Bununla da elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq konsultativ dəstək ala biləcəklər. Mərkəzdə göstəriləcək təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada ödənişsiz həyata keçiriləcək.

Vətəndaşların müraciət imkanlarının operativ cavablandırılması, vətəndaş məmnunluğunun artırılması üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən gələcəkdə “ASAN xidmət” mərkəzində əlavə xidmətlərin də göstərilməsi planlaşdırılır. Belə ki, mərkəzdə təhsil müəssisələrinə direktorların, müəllimlərin, yardımçı tədris heyətinin və digər vəzifələrin işə qəbulu zamanı sənəd qəbulu və təhsilverənlərin sertifikatlaşdırılmasının qeydiyyatı prosesi xidmətlərinin də göstərilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə